Keçid linkləri

-

MERKEL PUTİN-LƏ KÜSÜŞSƏ...

Siyasətçi optimizm sarıdan kasad olmaz deyiblər. Ukraynalı siyasətçi Oleksandr Turchynov bu yaxınlarda demişdi ki, onun ölkəsi uzağı beş ildən sonra Avropa Birliyinin və NATO-nun üzvü olacaq.

Təbii ki, təhlilçilər və siyasi publisistlər onun bu optimizmini bölüşmürlər. Ona görə ki, dünyanın özü və onda baş verən siyasi proseslər optimist görünməyə məcbur olan bir siyasət adamının baxışından daha qəliz görünür. Amma hərdənbir beynəlxalq siyasətə də ümidlə baxmaq lazım gəlir. O səbəbdən ki, dünya qəliz olduğu qədər də həm də olduqca dinamikdir.

Hazırda Almaniya ilə Rusiya arasında bir soyuqluq müşahidə olunur. Hətta Almaniyanın kansleri açıq şəkildə demişdi ki, o, Vladimir Putin-ə inanmır, o səbəbdən ki, Rusiya prezidenti daim yalan danışır.

Yada salmaq lazımdır ki, bir vaxt Angela Merkel ilə Vladimir Putin arasında olan səmimi münasibətlər Avropada bir sıra proseslərin yolunda əngəl olmuşdu. Gürcüstanın, Moldovanın və Ukraynanın NATO-ya üzv olmasının ən real vaxtında Angela Merkel bunun əleyhinə çıxmışdı.

Ola bilsin, Ukraynada baş verən proseslər xanım Merkel-in fikrini dəyişib. Di gəl, ifrat optimizm üçün də əsas görünmür.

DAHA BİR SAMMİT, DAHA BİR ÜMİD...

Sentyabrın 4-5-də Uelsdə NATO-nun növbəti sammiti keçiriləcək. Sammit ərəfəsində ən müxtəlif fikirlər səslənir. Amma eyforik ümidlər üçün əsas tapmaq olduqca çətindir.

Bir müddət idi ki, Britaniyanın baş naziri David Cameron sammitin gündəliyini müəyyən etməklə məşğul idi.

NATO

NATO

Mətbuata sızan xəbərlərdən belə bir nəticə hasil oldu ki, Uels sammitində fövqəlyenilik, siyasi təhlilçilər üçün tamamilə yeni ola biləcək bir hadisə gözlənilmir.

Düzdür, artıq məlumdur ki, Gürcüstan bu sammitdə prezident səviyyəsində təmsil olunacaq. Böyük ehtimalla elə digər keçmiş sovet ölkələrinin də prezidentləri və çox güman ki, elə Azərbaycan prezidenti də sammitin işinə qatılacaq. Ən azı ona görə ki, Azərbaycan prezidenti Avropa siyasətçilərinin qarşısında «öz yolu» olan ölkənin prezidenti və Avropanın enerji təchizatında mühüm rola malik şəxs kimi görünməyi sevir.

Amma artıq məlumdur ki, Gürcüstana, Moldovaya və Ukraynaya «Gücləndirilmiş əməkdaşlıq planı» təklif olunacaq. Əvvəllər isə belə deyilirdi ki, bu ölkələrə Alyansa tam üzv olmaq yolunda sonuncu mərhələ olan «Üzvlük planı» təqdim olunacaq. Bəlkə də bunlar eyni şeydir. Amma o da var ki, Qərb bu üç ölkənin Alyansa tam üzv olmasını bütün vasitələrə yubadır. Bəs səbəb və məqsəd nədir?

NATO RUSİYA İLƏ MÜNAQİŞƏYƏ GİRMƏK İSTƏMİR...

Məsələ bundadır ki, NATO üzvlərinin indi bu ölkələrə verə biləcəyi yeganə şey siyasi və iqtisadi dəstəkdir. Bəli, təcavüzə məruz qalan Ukraynaya hər cür siyasi dəstək və müəyyən qədər də maliyyə dəstəyi göstərilir. Məsələn, elə bu yaxınlarda Almaniya bu ölkəyə 500 milyon avro ayırmaq qərarına gəldi. Amma heç kim Ukraynanın, Gürcüstanın və Moldovanın yaşadığı problemləri tamamilə bölüşmək istəmir. Bu ölkələrin üzv olacağı təqdirdə NATO Rusiya ilə münaqişəyə cəlb oluna bilər. Alyans isə təbii ki, bunu arzulamır...

NATO real təhlükəsizlik təminatları versəydi, digər ölkələr də, o cümlədən də Azərbaycan da Blokla bağlı bu vaxta qədərki mövqeyinə baxardı və bəlkə də eyni intensivliklə Alyansa üzv olmağa çalışardı.

Prezident İlham Əliyev və NATO-nun Baş katibi Anders Fogh Rasmussen - 2013

Prezident İlham Əliyev və NATO-nun Baş katibi Anders Fogh Rasmussen - 2013

Amma belə təminatlar yoxdur. Ölkələr var ki, onlar heç nəyə baxmadan NATO ilə əməkdaşlığa can atırlar, çünki onlar belə hesab edir ki, itirdiklərini artıq itiriblər-necə deyərlər, qaradan tünd rəng olmur...

Onlar düşünür ki, Rusiya ilə «oynamaq»dansa daha düzgün yol Avropaya və NATO-ya doğru can atmaqdır. Bu yolda ən azı siyasi dəstək qazanmaq və bir qədər də maliyyə dəstəyi almaq mümkündür.

QƏRB AZƏRBAYCANDA NİYƏ ACİZ QALIB?

Azərbaycanın maliyyə dəstəyinə ehtiyacı yoxdur. Bilmirik, bunu xoşbəxtlik, yoxsa bədbəxtlik kimi yozaq? Amma məsələ bundadır ki, maliyyə müstəqilliyi əldə ediləndən sonra Azərbaycanda heç bir ciddi siyasi-iqtisadi və struktur islahatları aparılmır. Qərb Azərbaycan rəhbərliyinə qarşı özünün, demək olar ki, bütün təsir rıçaqlarını itirib-məhz bunun nəticəsidir ki, ölkədə ağına və bozuna baxmadan təqiblər aparılır, hətta ictimaiyyət və siyasət fəalları həbs edilir.

Məsələnin ən absurd tərəfi isə odur ki, Azərbaycan Avropaya və NATO-ya maraq göstərməməklə Rusiyanı neytrallaşdığını güman edir. Amma reallıqda belədirmi? Təbii ki, yox. Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyir və bu siyasətini dəyişmək fikrində deyil. Azərbaycana gəldikdə isə o, yalnız bu ölkənin indiki hakimiyyətinə dəstək verir. Əks-təqdirdə hər prezident seçkisi ərəfəsində Rusiyanın xeyir-duasını almağa ehtiyac olmazdı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG