Keçid linkləri

Təcili xəbərlər

Avtoritar sistemlərin «zaman maşını»...


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası

-

Gözlə

No media source currently available

0:00 0:04:05 0:00
Direct-ə keçid

HƏKİMLƏR XƏSTƏLƏRİ NİYƏ “ALDADIR”?

Zaman boyunca, keçmişə və gələcəyə hərəkət etməyin mümkün olub-olmaması haqda fiziklər hələ çox mübahisə edəcəklər. Onsuz da onların işi mübahisə etməkdir, bir nəzəriyyəni başa çatdırmamış onun əksini yaradırlar və beləcə ömürlərini mübahisə etməklə keçirirlər.

Bəli, onlar hələ də mübahisə edir, amma siyasət adamları məsələni onların əvəzinə çoxdan “həll ediblər” - ölkələr var ki, orada keçmişə və gələcəyə səyahət nəinki nəzəri cəhətdən mümkündür, hətta praktiki baxımdan da çox “asan” görünür. Yetər ki, belə ölkələrin rəhbərləri bunu ürəkdən istəsinlər...

Sizə qəribə gəlməsin, Azərbaycanda baş verən proseslər haqda düşünərkən ağlımıza gələn ilk fikirlər bunlar oldu. Birdən-birə özümüzü lap keçmişə aparan zaman maşınının sərnişinləri kimi hiss etdik.

Amma mətləbə keçməmişdən öncə daha bir detalı da xatırlatmaq istərdik. Bəzən həkimlər xəstəliyin adını xəstədən gizli saxlayırlar. Onlar bunu o vaxt edirlər ki, xəstəlik tamam çarəsiz olur.

İndi Azərbaycandakı ictimai-siyasi proseslərin də “diaqnoz”unu öz adı ilə adlandırmaq elə də asan məsələ deyil.

Bu, təkcə bir sosiloq, bir təhlilçi kimi aciz görünmək qorxusundan irəli gəlmir. Belə olsaydı, necə deyərlər, dərd yarı olardı...

İNSANLAR SUSURSA GERİLƏMƏK DƏ OLAR?

Ölkədə nə baş verir? İnsanların biganəliyindən, etinasızlığından istifadə edərək ölkəni hara, hansı səmtə sürükləyirlər?

1993-cü ildən bu tərəfə bu ölkədə bəlkə də yalnız saatların əqrəbləri irəli hərəkət ediblər, demokratiyanın və insan haqlarının vəziyyəti isə daim geriləyib.

Bəlkə də bu prosesin heç bir müqavimətlə rastlaşmamasının səbəbi budur ki, yeni nəslin müqayisə aparmaq imkanı yoxdur, bir çox hallarda onlar dəyişikliklərin fərqində olmurlar.

Yalnız orta və yaşlı nəslin nümayəndələrinin müqayisə aparmaq və ölkənin hansı səmtə irəlilədiyini müəyyən etmək imkanları var. Onlar da artıq yorulub.

Yorğunluq sizə qəribə görünməsin, bunu politoloqlar da etiraf edir.

Məsələnin ən qəliz tərəfi isə budur ki, 1993-cü ildən bu tərəfə bu ölkədə bəlkə də yalnız saatların əqrəbləri irəli hərəkət ediblər, demokratiyanın və insan haqlarının vəziyyəti isə daim geriləyib.

NABƏLƏD NƏSİL...

Amma bunun fərqində olmayanlar da var. Məsələ bundadır ki, indi elə bir nəsil yetişib ki, onlar Qarabağı Azərbaycanın tərkibində görməyiblər. Elə bir nəsil yetişib ki, onlar 80-ci illərin azadlıq mehini hiss etməyiblər. Elə bir nəsil yetişib ki, onlar indi ölkəni idarə edənlərin keçmişindən xəbərsizdirlər, onların süni və aldadıcı şüarlarını hava və su kimi udur və bütün bunların arxasında bir Mephistopheles ruhunun dayandığının fərqində deyillər...

...hakimiyyət insanları korlayır, mütləq hakimiyyət isə onları tamam uçuruma aparır.

Bununla heç də ölkənin problemlərini nəsillərin probleminə transfer etmək niyyətində deyilik. İctimai-siyasi proseslər bütün formal sxemlərdən daha qəlizdir. Burada ölkəni idarə edən zümrənin sosial-psixoloji təcrübəsi də var, bir partiyanın mütləq hakimiyyətə can atmaq istəyi də...

Elə bəlkə də proseslərin açarı da məhz bu son detaldadır. Deyirlər ki, hakimiyyət insanları korlayır, mütləq hakimiyyət isə onları tamam uçuruma aparır.

HAKİMİYYƏT REALLIQ HİSSİNİ NECƏ İTİRİR?

İdarə edənlər həmin bu xəbərdarlığı heç də həmişə yadda saxlamırlar. Ona görə ki, reallıq hissini itirirlər, cəmiyyətlə manipulyasiya elə bir həddə çatır ki, idarə edənlər ondan rahat bir xəmir kimi istədikləri kündəni yapa biləcəklərini zənn edirlər...

“Uzaq plan”lar üçün nəzərdə tutulmuş bütün futuroloji konsepsiyalar bir fiksiyadır. O cümlədən də uzunmüddətli avtoritar sxemlər..

Amma təbiət heç vaxt, heç kimə mütləq keyfiyyətlər bəxş etmir. Təbiət mütləqiyyətə can atanları, ümumiyyətlə, sevmir, çünki hər bir şeydə bir balans olmalıdır, əks təqdirdə təbiətin özündəki tarazlıq pozula bilər.

Bütün idarə edənlər elə zənn edir ki, onlar öz cəmiyyətlərini gözəl dərk ediblər. Ona görə ki, böyük bir şəbəkə qururlar, bəzən hətta şəbəkənin özünə də nəzarət etmək üçün başqa bir şəbəkə yaradırlar. Amma hamısı faydasızdır.

Elə bir gün gəlir ki, onlar da yaşadıqları cəmiyyəti bilmədiklərini, axıra qədər tanımadıqlarını etiraf etməli olurlar...

Azərbaycan gənc dövlətdir. Hələ ondan prinsipcə, istənilən “kündə”ni yapmaq olar. Amma bu, əbədi davam edə bilməz. Ən azı ona görə ki, cəmiyyətlə bağlı hadisələrdə determinizm olmur.

Heç axtarsan bəlkə də təbiətin özündə determinzm yoxdur, bəzi proseslər bizə ona görə müəyyən görünür ki, biz onları çox kiçik zaman intervallarında müşahidə edirik. Bir az böyük zaman intervalına çıxanda artıq adət etdiyimiz nizam-tərəzi pozulur, hər şey təsadüfə bürünür.

Elə ona görə də “uzaq plan”lar üçün nəzərdə tutulmuş bütün futuroloji konsepsiyalar bir fiksiyadır. O cümlədən də uzunmüddətli avtoritar sxemlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG