Keçid linkləri

Şotlandiyanın müstəqilliyinə dair referenduma 3 gün qalmış istər “hə”, istərsə də “yox” düşərgəsində təbliğat kampaniyasının hərarəti artır. Bu iki düşərgədə kimlər yoxdur? BP kimi neft nəhəngi, baş nazir və onunla birlikdə Şotlandiyanı ətəyindən tutub saxlamaq istəyən müxalifət, Hollivud ulduzları, hətta sanki məzarından qalxıb gəlmiş “mərd ürəkli” William Wallace…

Şotlandın sovet adamından fərqi

Keçmiş sovet məkanı insanı üçün bu vurnuxma, şotlandların tərəddüdü qəribə görünə bilər. Keçmiş sovet insanının məntiqi ilə şotlandlar, əlbəttə, bir nəfər kimi müstəqilliyə “hə” deməlidirlər.

Lakin şotlandlar keçmiş sovet adamı deyillər və əsrlərdir ki, ingilislərlə çəkişə-çəkişə, Birləşmiş Krallığın sərvətini, şöhrətini və qüdrətini bölüşürlər.

Sovet adamı isə onilliklər boyunca Moskva ilə yağ və ət talonlarını, 37-cü ili, lazımsız müharibələri və bir də rüşvət şakərini bölüşüb. Ona görə də sovet adamı sovet dağılanda “uf” da demədi. Amma şotlandlar necə səs verəcəklərini cidd-cəhdlə götür-qoy edirlər. Şotlandiyada “hə” və “yox” düşərgəsi təkcə millətçilərlə, yunionistlərin arasından yox, az qala ayrı-ayrı ailələrin içindən keçir.

Bu günlərdə Britaniya qəzetlərində referendumda fərqli səs verməyə hazırlaşan ər və arvadlara, bacı və qardaşlara, valideyin və övladlara aid maraqlı yazılar dərc olunur. Bu gün Britaniyada şotlandlarla nə sayaqsa qohum olmayan ingilis tapmaq çətindir.

“Hə”, yoxsa “yox”?

Bu qatmaqarışıqlıqda adətən quşu gözündən vuran ictimai rəy sorğusu şirkətləri də başlarını qaşımalı olublar. Hələ bir həftə bundan əvvəl Şotlandiyanın müstəqilliyinə səs vermək istəyənlərin faizi gözlənilmədən ittifaq tərəfdarlarının səs faizini keçmişdi.

Lakin üçcə gün bundan əvvəl vəziyyət kökündən dəyişdi və yenidən ayrılığa “yox” deməyə hazırlaşan düşərgə bəzi rəy sorğularına görə müstəqqlillik tərəfdarlarını 8 faizədək üstələdi.

Lakin bu o vaxt baş verdi ki, əlahəzrət ikinci Elizabeth, baş nazir David Cameron, müxalifət lideri Ed Milliband qaçaraq Edinburqa gəlmişdilər.

Referendumlar tarixi

İndi BBC telekanallarında bic-bic qımışan şotlandları daha tez-tez göstəririlər. “Elə bizə bu lazım idi, qoy bir az ayağımıza düşüb yalvarsınlar…” – deyir onlardan bəziləri.

Şotlandiya xəritəsi

Şotlandiya xəritəsi

Əslində, bu, Şotlandiyada müstəqlliyə dair üçüncü referendumdur. Daha doğrusu, 1979 və 1997-ci illərdə keçirilən referendumların adı “muxtariyyət referendumları” olub. 1979-cu ildə muxtariyyətə “hə” deyənlər azacıq səs üstünlüyü qazansalar da, lazım olan 40 faiz həddinə çata bilməyiblər.

1997-ci ildə keçirilmiş ikinci muxtariyyət referendumunda yenə də “hə” deyənlər səs çoxluğu ilə qalib gəliblər və 1707-ci ildən bağlanmış Şotlandiya Parlamenti bərpa olunub. Dünya çempionatlarında ayrıca çıxış edən Şotlandiya milli yığması isə həmişə olub.

Lakin heç bir halda ayrılıq baş verməyib. Bu münvalla, deyəsən, Edinburq Londonu üçüncü dəfə yalvartmağa hazırlaşır.

Britaniya adını itirə bilər

Söz BBC-dən düşmüşkən, Britaniyanın brendlərindən biri sayılan yayımçı bu referendumda adını itirə bilər. Əlbəttə, şotlandalar Şotlandiyaya “hə”, Britaniyaya yox desələr…

Amma BBC, şotlandları tərəddüd etməyə vadar edən faktorlardan biridir. Hətta millətçilər belə, BBC-nin Şotlandiya filialının tam şəkildə saxlanacağını vəd etsələr də, Britaniya hökuməti onlara bəri başdan bildirib: “Ayrılsanlız, BBC-zad yoxdur”.

İngiltərə Bankı isə deyib ki, “ayrılsanız funt sterlinq yoxdur”.

Adında Britaniya həkk olunmuş o əsas nəhəng – BP isə deyib ki, “ayrılsanız, heç o böyük ümidlər bəslədiyiniz neft də yoxdur”.

BP-nin direktorlar şurası bəyan edib ki, Şotlandiya müstəqil olsa, şirkət şələ-küləsini də yığıb, Aberdin şəhərindən Londona daşınacaq. Bu o BP-dir ki, hər üç şotlanddan birinə “çörək verir”.

İngilislərin böyük ixtiralarını şotlandlar edib

Lakin belə çıxmasın ki, şotlandların ayrılmasından Britaniya heç nə itirməyəcəjk. Əvvəla ərazisinin üçdə birini itirəcək, bayrağındakı mavi rəngi itirəcək və təbii ki, əhalisini itirəcək.

Şotlandiya vətənpərvələri öz kampaniyalarında bildirirlər ki, ola bilsin, əvvəl-əvvəl çətin olacaq, lakin tədricən Şotlandiya da Skandinaviya xalqlarının firavanlığına yetişəcək. Yəni beş, altı, bəlkə də on il çətin olacaq.

Amma şotlandlar sovet adamı deyillər və kommunizmi ömür boyu gözləməyə səbrləri çatmaya bilər. Çünki ömür deyilən şey bir dəfə verilir.

“Şər deməsən, xeyir gəlməz” kəlamına istinad edən bəziləri bayraq məsələsinə də çarə tapıblar. Təkliflərdən birinə görə, Şotlandiya öz mavi bayrağı ilə ayrılsa, Britaniyanın bayrağındakı mavi rəngi Uelsin bayrağındakı yaşıl rənglə əvəz etmək mümkündür.

Ən böyük şairi də ingiliscə yazan xalq

Adətən, xalqları bir-birindən dilləri ayırır. Lakin artıq əsrlərdir ki, bu, Britaniya adalarında problem deyil. Şotlandlar da, irlandlar kimi öz “kelt” dillərini tamamilə unudublar. Hər axşam yarım saat davam edən yerli mədəniyyət proqramı nəzərə alınmazsa, bu gün Şotlandiyada şotland dilini heç kim danışmır. Hətta böyük şotland şairi Robert Burns də ingiliscə yazıb. Hərçənd sınıq-salxaq ingilscə, amma yenə də ingiliscə yazıb.

Britaniya, yoxsa Şotlandiya

Britaniya, yoxsa Şotlandiya

Əslində şotlandlar ingiliscəni elə əndrəbadi danışırlar ki, Britaniya adalarında 5-10 il yaşamayan adam onları başa düşməyə də bilər. Yəqin ki, Şotlandiya müstəqil olsa, həmin elə bu əndrəbadi ingiliscə yeni dövlətin dili olacaq.

Bütün bunlara baxmayaraq şotlandların britaniyalı kimi də fəxr eləmək üçün kifayət qədər əsasları var. Onlar deyirlər ki, “dəmir yolu, gəmilər, təyyarələr və hətta iqtisadiyyat Britaniyada kəşf və ixtira olunub, lakin bunların çoxunu elə biz düzəltmişik”. Bu mənada siyasi iqtisadın pioneri, azad bazar ideyasının simvolu Adam Smith-in adını tez-tez çəkirlər.

James Bond da şotlandların tərəfindədir

İş elə gətirib ki, məşhur agent 007 filmlərində Britaniyanın namus və şərəfini qoruyan James Bond-lardan biri, agenti 1962-1983-cü illərdə oynamış Hollivud aktyoru Sean Connery Şortlandiyanın müstəqilliyini təbliğ edənlərin sirasına qoşulub. Aktyor hazırda iki ayrıca titul da daşıyır: “Ən böyük yaşayan şotland” və “Şotlandiyanın ən böyük canlı milli sərvəti”. Təbiidir ki, aktyor bu böyük adları batırmaq istəməz.

Lakin başqa bir canlı əfsanə, “Beatles” qrupunun sağ qalan yeganə üzvü Paul McCartney Britaniyanı qoruyub saxlamaq istəyənlərin sırasındadır.

Deyilənlərə görə, “ulduzlar” bir-birinin xətrinə dəyməmək üçün, ümumiyyətlə, bu debatlara qoşulmaq istəmirlər.

Harri Potter müəllifinin 1 milyonluq bəxşişi

Ümumilikdə isə, ötən ay 7200 kino və musiqi ustası şotlandlara açıq məktub yazaraq Britaniyanın bütövlüyünü saxlamağa çağırıblar.

Onların arasında Helena Bonham-Carter, Michael Douglas və James Bond “sevgililərindən” birini oynamış aktrisa Judi Dench də var.

Məşhur “Harri Potter” kitablarının müəllifi JK Rowling ingilis olsa da, həyat yoldaşı şotlanddır, 21 il Edinburqda yaşayıb və anti-müstəqillik kampaniyasına 1 milyon funt sterlinq ianə edib.

Əlahəzrətin təbəələri

Nəhayət bu debatlara müdrik ağbirçək, səltənətin sahibi, əlahəzrət 2-ci Elizabethi də qatıblar.

Yeri gəlmişkən, şotland millətçiləri onu həm də Şotlandiya monarxı kimi saxlamaq niyyətində olduqlarını bildiriblər (Necə ki, 1558-1603-cü illərdə hökmranlıq etmiş 1-ci Elizabeth İngiltərə və İrlandiya kraliçası adlanırdı).

Hazırkı monarx 2-ci Elizabeth isə son ana qədər referendum məsələsinə müdaxilə etməməyə çalışırdı, amma jurnalistlərin israrlı suallarına belə cavab verməli olub: “Ümid edirəm ki, şotlandlar gələcəkləri barədə çox diqqətlə düşünəcəklər”.
Təbəələrini əlahəzrətdən daha yaxşı kim tanıya bilər ki..?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG