Keçid linkləri

-

DÖVRÜN TƏZADLARI...

Vaxt yaman tez keçdi. Adam çalışır, amma inana da bilmir ki, ilk böyük neft müqaviləsinin imzalanmasından 20 il keçib. O dövr ərəfəsində iki qəhrəman vardı- biri Qarabağ idi, biri də neft. Bütün mübahisələrin və söhbətlərin də iki əsas predmeti olurdu - Qarabağ, bir də neft...

Bu iki qəhrəman sanki simbioz təşkil edirdi. Bir tərəfdən deyirdilər ki, Qarabağ ona görə problemə çevrilib ki, ölkə neft ölkəsidir, Azərbaycanda neft var. Digər tərəfdən də iddia edirdilər ki, Qarabağ problemini də elə Azərbaycanın nefti həll edəcək...

Çox təzadlı mənzərə idi. Eyni bir amil-neft həm milli ugursuzluğun baisi, Qarabağ probleminin əsas səbəbi kimi, həm də onun həlli, bu çətinlikdən qurtuluş yolu kimi təsəvvür edilirdi.

Hətta belə bir politoloji ştamp da yaranmışdı: “Böyük dövlətlərin və şirkətlərin Azərbaycanda maraqlarının formalaşdırılması”... Güman edilirdi ki, məhz həmin bu “maraq”lar son nəticədə Qarabağ probleminin həllinə təkan verəcək...

Etiraf edək ki, belə fikirlərə “Əsrin müqaviləsi”nin zahiri formatı da sövq edirdi - müqavilədə 12 şirkət və 8 dövlət iştirak edirdi.

Hamı zənn edirdi ki, belə bir “geosiyasi palitra”nın yaradılması məhz həmin “marağ”ı təmin etmək üçün düşünülüb...

HƏR ŞEY ASAN GÖRÜNÜRDÜ, AMMA...

Neftdən danışanda gərək bir detalı da unutmayasan. O vaxt insanlar hər şeyi nəzərə alırdılar - geosiyasi amilləri, potensial neft ehtiyatlarını və neft-sənaye təcrübəsini...

Ola bilsin ki, neft, Azərbaycanın maliyyə müstəqilliyi olmasaydı o, indi olduğu kimi Qarabağ məsələsində qəti mövqe tuta bilməyəcəkdi, daha böyük güzəştlərə sövq ediləcək və bununla razılaşmaq məcburiyyətində qalacaqdı...

Bütün bunların əsasında da ifrat optimist proqnozlar ərsəyə gəlirdi - kimi Azərbaycanın yeni Küveyt olacağını deyir, kimi də neftdən gələn gəlirlərin qızıl ekvivalaentini hesablamağa çalışırdı...

Yalnız ən realistlər başa düşürdü ki, nefti çıxarmaq üçün ilk növbədə böyük sərmayə, onu nəql etmək üçün isə böyük neft kəmərləri inşa etmək lazımdır...

Bir gün ilk böyük neft müqaviləsi - “Əsrin müqaviləsi” imzalandı... Hətta onu imzalamaq üçün bir az tələsdilər də.

Ona görə yox ki, hamı Qarabağın ən tez vaxtda azad olması, Azərbaycanda “böyük dövlətlərin maraqları”nın təmin edilməsi və yaxud ki, sosial rifahın dərhal yüksəlməsi üçün tələsirdi...

Yox, artıq əvvəlki vaxtlar deyildi və insanlar bir az realistləşmişdilər, daha əvvəlki kimi xəyallara qapılmırdılar ...

Neft müqaviləsi 1994-cü ilin sentyabrın 20-də birinci növbədə ona görə imzalandı ki, büdcədə artıq vəsait qalmamışdı, ölkə bəlkə də defolt ərəfəsində idi.

Ona görə də neft bonuslarına çox böyük ehtiyac vardı- artıq nə “maraq”lar yada düşürdü, nə də başqa şey...

20 İLDƏN SONRA...

İndi, 20 ildən sonra, hər şey göz önündədir. Qarabağı “qaytarmayıblar”, Azərbaycanın ora hələ də girişi yoxdur...

Təbii ki, neft Qarabağ problemində müəyyən məsələlərə təkan verdi. Ola bilsin ki, neft, Azərbaycanın maliyyə müstəqilliyi olmasaydı o, indi olduğu kimi Qarabağ məsələsində qəti mövqe tuta bilməyəcəkdi, daha böyük güzəştlərə sövq ediləcək və bununla razılaşmaq məcburiyyətində qalacaqdı...

NİYƏ BAŞQALARI YOX, MƏHZ ONLAR?

Ən azı bu gün Azərbaycanın ortabab müdafiə və təhlükəsizlik sisteminin mövcud olması da müəyyən mənada neft amili ilə sıx bağlıdır, başqa bir halda ölkə digər resurslar hesabına indiki hərbi büdcəni təmin edə bilməzdi...

Ən azı bu gün Azərbaycanın ortabab müdafiə və təhlükəsizlik sisteminin mövcud olması da müəyyən mənada neft amili ilə sıx bağlıdır, başqa bir halda ölkə digər resurslar hesabına indiki hərbi büdcəni təmin edə bilməzdi...

“Maraq”lar məsələsinə gəldikdə isə, onlar daha qəlizdi. Niyə görə “Əsrin müqaviləsi”ni məhz indiki hakimiyyətə həyata keçirmək müyəssər oldu?

Ona görə ki, onlar ilk növbədə məhz həmin maraqları təmin etmək yolunu tutdular - Rusiya şirkəti müqavilələrdə pay aldı və digər şirkətlərin də payları artırıldı, güzəşt kimi də neftin bir hissəsini Rusiya ərazisilə nəql etməyə qərar verildi...

BURA KÜVEYT OLMADI...

O ki qaldı sosial rifah məsələlərinə, bu illər ərzində təbii ki, ölkə, necə deyərlər, özünə gəlib. Hətta onun ümumi görünüşündən hiss olunur ki, artıq 90-cı illərin əvvəli deyil, amma nəinki Küveyt, heç Norveç də alınmadı...

Üstəlik, ölkədə sanki hər şey neft qoxuyur. Məmurların dövlətin ölçülərinə və onun dünyadakı roluna uyğun olmayan təkəbbürü, vəsaitlərə etinasız münasibət, onların qeyri-effektiv xərclənməsi, siyasi və iqtisadi islahatların dayanması – bütün bunlar deyir ki, bu ölkədə neft var. Gəl, kimsə nəzərə almır ki, “əsrin möcüzəsi” də əbədi davam etməyəcək, hər şeyin sonu olduğu kimi onun da sonu var.

Hələ onu demirik ki, yetər ki, daha bir soyuq müharibə başlasın və neft su qiymətinə satılsın. O vaxt bütün bu “analoqu olmayan iqtisadi inkişaf” adlı “karton konstruksiya” bir gündə çökə bilər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG