Keçid linkləri

Likdepbez və ya deputat testi


Bir başqa təklifim də var: «Deputat duruşu haqqında» qanun hazırlamaq olar.

Bir başqa təklifim də var: «Deputat duruşu haqqında» qanun hazırlamaq olar.

-

«Eynək və linzalar haqqında» qanun layihəsini bir avtobus sürücüsü yada saldı. Birbaşa yox, dolayısıyla. Necə? Qəfildən tormoza basıb, sərnişinləri nehrə südü kimi hər yana «çalxadıb», siqnalı aramsız-aramsız düdtülədib, yuxusuz və xırıltılı səsini ucaldıb, bu sözləri üyütdü:

– Ay camaat, millətin gözü görmür. Göz haqqında qanun lazımdır bizə!.. Gözümüz açılmalıdı, eyy... Yoxsa «jiznimiz» əldən gedəcək!..

ÖLDÜRƏN, YA GÜLDÜRƏN SÖZ?

ABŞ prezidenti Lyndon Johnson-un bir deyimi var: «Söz adamı yaralayır. Amma Senatdakı 12 illik döyüşdən sonra sizə sevinclə bildirirəm ki, sözlər öldürmür». Azərbaycanda bu deyimi dəyişmək və indən belə demək olar ki, sözlər öldürmür, güldürür. Özəlliklə «Eynək və linzalar haqqında» qanun layihəsindən sonra. Şəxsən mən inanıram ki, bu layihəni hazırlayanlar görmə qabiliyyətini artıra bilməsələr də, xalqın, sözün əsl mənasında gözünü açmaq, üzünü güldürmək istəyiblər…

…Xalq və göz demişkən, gözüqıpıqlar yadıma düşdü…

QIDIQ İŞGƏNCƏSİ

…Üzgüldürən, qamaşıq-qımışıq qanun layihələri hazırlayan parlament komissiyalarına bəzi işgüzar təkliflər verməyə cəsarət edirəm. Məsələn, «Könüllü işgəncə seçimi haqqında» qanun layihəsinin hazırlanması, zənnimcə, Azərbaycanın Avropa üzünə işıq salar. Nədən bu fikrə gəldiyimi qısaca ərz edim: uzun bir dönəm Çin deyilən məmləkətdə ən ağır cinayətə yol verənləri qıdıq işgəncəsinə məruz qoyarlarmış. Yəni bir neçə daz, qoluzorlu və bığıburma hüquq-mühafizə işçisi «cinayətkarı» durmadan qıdıqlayar və sonunda həmin şəxsin öz günahını açıq-aşkar etirafına nail olarmış. Bu işgəncə növünün çağdaş Azərbaycandan ötrü önəmi odur ki, qıdıqlanan şəxsdə heç bir iz qalmaz və o, çox tez özünə gələr. Üstəlik, Avropa qıdıqlandıqca gülən adamın hüquq pozuntularına heç bir bəhanə tapa bilməz.

DEPUTAT DURUŞU

Bir başqa təklifim də var: «Deputat duruşu haqqında» qanun hazırlamaq olar. Baxın nə deyirəm, deputatların yaxasına onların boynuna batacaq qədər yaxın məsafədə bir iynəni dikinə taxırıq, vəssalam. İndi, görüm, bu deputat qardaş və ya deputat bajı başını aşağı-yuxarı və ya sağa-sola tərpədə bilər, ya yox?!.. İndiki Çində bu təcrübə var. Düzdür, orada belə bir iynədən millət vəkilləri deyil, qatar bələdçiləri faydalanır. Amma olmasın qatar, olsun millət bələdçisi, – bir ziyanı var, bəyəm? Beləcə, dünya parlamentləri tarixində bir ilkə imza atar və millət vəkillərinin vətəndaşlar önündə dik duruşuna təminat vermiş olarıq. Yan faydası da odur ki, deputatlar başını aşağı əyib mürgüləyə, başını yuxarı qaldırıb irişə, başını sağa çevirib qımışa və başını sola əyib solçuluğa yuvarlana bilməz!..

LİKBEZ TESTİ

Deyəsən, fərqində deyilik. Bələdiyyə seçkiləri qapını kəsib. Bir il sonra da parlament seçkiləri gəlir... Namizədlərin özünüyoxlama testlərinə ehtiyacı var, yəqin… Xalq test verər, görəsən? Məsələn, irəli duranlardan və ya durdurulanlardan soruşarmı ki, a canım-gözüm, «likdepbez» nəmənə şeydir?

…Soruşmuşkən, testi də tam verək. Demək belə, vətəndaş soruşur:

Hörmətli namizəd, «likdepbez» sözünün anlamını tap:

a) sökülən sovet məhəlləsində çox işlənən söyüş;

b) bank krediti götürmək istəyən ümidsiz kəndlidən istənən sənəd;

c) Çində kənd adı;

d) meyxana qafiyəsi

e) deputat bisavadlığının ləğvi

… Ya da öz cavabını yaz. İstisna bizim deputatların şakəridir, axı…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG