Keçid linkləri

Anar Məmmədliyə dəstək göstərir ki, hər halda, Qərb susmur...


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbərləri Anar Məmmədli (sağda) və Bəşir Sülymanlı.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbərləri Anar Məmmədli (sağda) və Bəşir Sülymanlı.

-

BİR GECƏDƏ BİR ROMANI NECƏ OXUDUQ?

Bu günlərdə eşidəndə ki, bəs bu həftə rus yazıçısı Nikolay Ostrovsky-nin anadan olmasının 110 ili tamam olur, uşaqlıqdan bir epizod düşdü yadıma. Mənimlə dalaşan kiçik qardaşım kitabxanadan götürdüyü “Polad necə bərkidi” romanını oxumağa vermir, yatanda da yanına qoyurdu ki, mən götürməyim. Amma bir gün onu yuxuya verəndən sonra kitabı götürə bildim. Başladım oxumağa və bir də gördüm ki, artıq səhər açılır...

Təbii ki, indi başqa əyyamdır. Ona görə “zaman” yox, məhz “əyyam” deyirəm ki, bütün zamanlarda dəyərdən düşməyən şeylər olur. Onlardan biri də ədəbiyyatdır.

Amma mənim bu yazım ədəbiyyat haqqında deyil, ədəbiyyatın qəhrəmanlarına çevrilməyə layiq olan insanlar haqdadır...

Bəs “Polad necə bərkidi” romanından niyə başladım? Bu əsər ideoloji təmayülünə baxmayaraq mənim üçün inqilab və inqilabçılar haqqında əsərdir.

Bəlkə “Ovod”dan da başlamaq olardı. Onu da uşaqlıqda oxumuşdum. Amma gəlin ziddiyyət olmayan yerdə ziddiyyət axtarmayaq...

Bu həftənin özəlliyi həm də onda oldu ki, məhz ilk dəfə oktyabrın 3-də məşhur SOS siqnalından istifadə edilməyə başlanıb. Beləliklə, “Polad necə bərkidi” romanı və bir də SOS siqnalı...

“BEŞİNCİ KOLON” HAQDA SÖZ-SÖHBƏT...

Bu həftə həm də Anar Məmmmədli nüfuzlu beynəlxalq mükafata layiq görüldü. Bununla bağlı yerli hökumət adamlarının reaksiyasına diqqət etdim. Dedilər ki, guya ki, onlar üçün burada qeyri-adi heç nə yoxdur, Qərb, necə deyərlər, özünün “beşinci kolon”unu himayə edir...

Anar Məmmədli ilə bağlı məqam göstərir ki, hər halda, bizim demokratlar haqlı deyillər - Qərb susmur və dəstəyini əsirgəmir...

Amma biz burada bir qədər başqa məqamlar görürük. Bu ölkədə hamının gileyləndiyi bir ünvan varsa, o da Qərbdir.

Hamı gileylənir. Hökumət ona görə gileylənir ki, Qərb Qarabağı ermənilərdən alıb onlara vermir ki, reytinqləri birdən-birə yüz dəfə qalxsın.

Hökumət həm də ona görə gileylidir ki, onların fikrincə, həmin Qərb başqa yerlərdə, xüsusən də Ermənistanda insan haqlarının pozulmasına göz yumur, amma Azərbaycanda sıravi bir hüquq müdafiəçisini həbs edən kimi bəyanat bəyanat ardınca verilirr...

Elə demokratlar da, cəmiyyət də Qərbdən gileylidir. Nə qədər qəribə olsa da, bu qrup da belə hesab edir ki, Qərb müxtəlif səbəblər üzündən demokratiyanı boğmaq üçün hakimiyyətin əlinə “kart-blanş” verib...

Amma təkcə Anar Məmmədli ilə bağlı məqam göstərir ki, hər halda, bizim demokratlar haqlı deyillər - Qərb susmur və dəstəyini əsirgəmir...

O ki qaldı “kolon” məsələsinə, doğrusu, demokratiyanın “kolon”u olmaqda elə bir qəbahət görmürük. Niyə görə hakimiyyət hər yerdən dəstək ala bilər və bunu daxili siyasətdə çox effektiv mexanizm kimi istifadə edər, amma demokratlar bunu edə bilməzlər?..

Siyasətçilər daim hansısa “reallıqlar”ı nəzərə alırlar, daim separat danışıqlara gedirlər, nəyinsə xatirinə bəzən həqiqəti demir və həqiqət üçün lazım olanı etmirlər...

Məgər Azərbaycan siyasətinin ən acı özəlliyi də məhz onda deyilmi ki, bir tərəf - hakimiyyət üçün bütün üsullar və vasitələr məqbul olduğu bir halda demokratlara ən kiçik beynəlxalq dəstək belə çox görülür, onların ən kiçik və bəlkə də ən təmiz əlaqələri belə nəzarətə götürülərək yasaq edilir?

Beynəlxalq demokratik institutlar şəbəkəsi ilə inteqrasiya ölkədə demokratiyanın inkişafı üçün gərəklidir. Bu gün hakimiyyətdə olanlar özlərini elə təqdim edirlər ki, sanki ölkəyə və cəmiyyətə nəyin lazım olub-olmadığını onlar hamıdan yaxşı bilirlər. Amma belədirmi? Onlara bu fövqəlsəlahiyyəti və fövqəlintuisiyanı kim verib?

Məsələ də bundadır ki, heç kim heç kimə nə belə səlahiyyət verib və nə də ki, kiminsə belə bir fövqəlintuisiyası var...

DEMOKRATİYA FƏALININ SİYASƏTÇİDƏN FƏRQİ...

O ki qaldı demokratlara, bu gün yalnız demokrat olmaq, siyasəti-filanı bir başqa tərəfə tullayıb demokratiyanı inkişaf etdirmək lazımdır. Bu heç də digər sferaları, partiyaları və onlara yaxın qurumları inkar etmək deyil...

Sosilogiyada sahə nəzəriyyəsi var. Bütün proseslər konkret sahədə baş verir. Ona görə də əvvəl bu sahəni yaratmaq lazımdır. İndi ölkədə normal siyasi fəıaliyyət üçün şərait və imkan yoxdur. Belə şərait yalnız ölkədə demokratiya bərqərar olandan sonra mümkün ola bilər...

Həm də demokratiya fəalı siyasətçidən həmişə fərqlənir. Siyasətçilər daim hansısa “reallıqlar”ı nəzərə alırlar, daim separat danışıqlara gedirlər, nəyinsə xatirinə bəzən həqiqəti demir və həqiqət üçün lazım olanı etmirlər...

Amma demokratiya fəalı belə deyil. Bütün situasiyalarda onun bir məqsədi və vəzifəsi var- demokratiyanı inkişaf etdirmək... Onda polad bərkiyər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG