Keçid linkləri

-

SİZ DƏ ELƏ YAZIN Kİ...

“Bəyin oğurlanması” filmində maraql epizod var. Kəndə toy haqqında film çəkməyə gəlmiş rejissor eşidəndə ki, bir kənd sakini “Avara” filminə düz 40 dəfə baxıb, təəccübünü gizlədə bilmir və qayıdıb deyir ki, biz beləyik də, yadların çəkdiyi filmə 40 dəfə baxırıq, amma öz filmlərimizə heç bir dəfə də baxmırıq.

Bunu eşidən digər kənd sakinləri də ona deyirlər ki, siz də elə çəkin ki, adam baxa bilsin...

Bu epizodu niyə xatırladım? İndi bir yazıçının adını çəkəcəm. Bu həftə onun anadan olmasından düz iki yüz il keçir.

Etiraf edirəm ki, o, mənim ən sevimli yazıçım və şairim olub. Ley Tolstoy onun haqqında demişdi ki, əgər o, sağ olsaydı nə mənə, nə də ki, Fyodor Dostoyevsky-yə ehtiyac olmazdı.

Demirik ki, ədəbiyyat suallara cavab verməlidir. Yox, ədəbiyyat ensiklopedik lüğət deyil ki, onu açıb istədiyin şeyi oradan oxuyasan.

Amma dəqiq bilirəm ki, bu yazıçının adını çəkən kimi hamı deyəcək ki, buna bax da, öz yazarlarımızdan yazmır, durub rus yazıçısından, özü də 200 il bundan əvvəl anadan olmuş yazıçıdan yazır...

Birinci məsələyə, özününkü məsələsinə cavabım budur ki, qoy, bizimkilər də elə yazsın ki, biz də onlardan yazmağa məcbur olaq...

O ki qaldı 200 il məsələsinə, klassika heç vaxt ölmür. Homer nə yaxt yaşayıb-yaradıb? Heç bu haqda düşünmüsünüzmü? 200 il söhbəti də elə bu qəbildəndir...

ƏDƏBİYYAT OXUCUNUN PRİZMASINDAN...

Yazmaq məsələsi də şərtidir. Mən ədəbiyyat nəzəriyyəçisi və ya ədəbi tənqidçi deyiləm. Hətta ədəbiyyat haqqında yazanda da onu özümdən keçirib yazıram. Mənim üçün belə daha asandır...

Həm də unutmayaq ki, biz multikulturalizmin dövlət idarəsinə çevrildiyi bir ölkədə yaşayırıq. Gör, bu nə qədər mühüm məsələdir ki, onun üçün ayrıca bir idarə də açıblar...

Qərəz, indi gələk mətləb üstünə. Hansı yazıçının bu həftə anadan olmasının 200 ili tamam olur?

O, Mikhail Lermontovdur. Başa düşürəm, indi modda elə bu günlərdə Nobel mükafatı almış yazıçı haqqında yazmaqdır.

Onu da qəbul edirəm ki, bu, bəlkə də daha faydalı da olardı. Amma mən fayda üçün yazmıram. O şey haqqında yazıram ki, o, məni düşünməyə sövq edir...

BU ENSİKLOPEDİK LÜĞƏT DEYİL...

Ədəbiyyatın sosial missiyası haqqında çox mübahisə edirlər. Təbii ki, bir yazı ilə bu mübahisələrə son qoymaq fikrində deyilik, üstəlik, bu bizim bacarığımız xaricindədir, bunu da etiraf etmək zorundayıq...

Ley Tolstoy onun haqqında demişdi ki, əgər o, sağ olsaydı nə mənə, nə də ki, Fyodor Dostoyevsky-yə ehtiyac olmazdı.

Amma bir məsələ var. Demirik ki, ədəbiyyat suallara cavab verməlidir. Yox, ədəbiyyat ensiklopedik lüğət deyil ki, onu açıb istədiyin şeyi oradan oxuyasan.

Amma ədəbiyyat sual qoymağı bacarmalıdır. Ədəbiyyatdan suallar gəlməlidir ki, insanları düşünməyə sövq etsin...

Başqalarını bilmirik, bizə Rene Dekart-ın kredosu daha yaxındır. O deyirdi ki, düşünürəmsə, deməli, yaşayıram...

Biz də əyləncə xatirinə heç nə oxumuruq, o kitabları açırıq ki, bizi düşünməyə vadar edir...

Rus ədəbiyyatı sual qoymağı bacarırdı. İndi deməyəcəm, hansı romandan hansı suallar gəlirdi ortaya... Bir sual da insanın öz yaşadığı dövrlə konfliktilə bağlı idi. Lermontov bu sualı qoydu...

TƏNHA YELKƏN VƏ BİR DƏ BULUDLAR....

Amma sözüm bunda da deyil. Onun lirikası... Bu lirika nə qədər cəlbedici idi!

Rus ədəbiyyatı sual qoymağı bacarırdı. Bir sual da insanın öz yaşadığı dövrlə konfliktilə bağlı idi. Lermontov bu sualı qoydu...

Tənha yelkən, buludlar haqqında şeirlər...

Başa düşrəm, bunlar yenilik deyil. İndi, bir az əvvəldə qeyd etdiyim kimi, daha modda olan ədəbi mövzular var. Amma rəqsdə bir deyim: musiqi gərək adamın sümüyünə düşə...

Vallah, ədəbiyyat da belədir, şeir, roman gərəkdir ki, adamın sümüyünə düşə...

Bir “elektrik almaq” ifadəsi də var. Adam ədəbiyyatdan da, oxuduğu yazıdan da “elektrik” almalıdır...

Belə olanda oxuduğun şey yaddaşına həkk olunur. İstəsən də onu unuda bilmirsən. İndi elə alınıb ki, biz də ilk “elektrik”i rus ədəbiyyatından almışıq.

Əslində böyük ədəbiyyat milli olduğu qədər də bəşəridir. Ona görə də bu sarıdan elə bir narahatçılığımız yoxdur.

ƏGƏR YOL MƏBƏDƏ APARMIRSA...

Məbədin qapısı çox olur. Hərə bu məbədə bir qapıdan gəlir. Sonda da hamı məbəddə görüşür. O ki qaldı milli ədəbiyyatlara, onların qarşısında bir tələb var: onlar da məbədə aparmalıdır, ədəbiyyat məbədinə...

“Tövbə” filmində çox maraqlı bir deyim var: “Əgər yol məbədə aparmırsa, o kimə lazımdır?”...

Ədəbiyyatlar haqqında da eyni sözləri demək mümkündür. Onlar əgər məbədə aparmırsa onda kimə və nəyə lazımdırlar?.. Bu yolda hamı öz yelkənini tapmalıdır. Elə ona görə də deyirlər ki, öz yelkənini tap və ona etibar et...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG