Keçid linkləri

Təcili xəbərlər

Sergei Shoigu Bakıya niyə gəlmişdi?


Sergei Shoigu
Sergei Shoigu

-

Gözlə

No media source currently available

0:00 0:04:15 0:00
Direct-ə keçid

KASAD İNFORMASİYA MÜHİTİNDƏ...

Rusiya müdafiə nazirinin Bakıya səfəri özündən sonra bir yığın sual qoydu desək bir o qədər də təhrifə yol vermərik.

Məsələ bundadır ki, cəmi bir neçə həftə bundan əvvəl Türkiyə hərbçiləri Azərbaycanda idi. Azərbaycan hətta Türkiyə ilə möhtəşəm hərbi təlimlər də keçirmişdi... Amma az keçmədi ki, MDB-nin iki sammiti oldu. Bu sammitlərdən sonra da müdafiə naziri Bakıya təşrif buyurdu. Əslində etiraf etmək lazımdır ki, ortalıqda ciddi dəlillərə söykənən arqumentlər, mülahizələr yoxdur. Amma dövri mətbuatda Rusiya təhlükəsi, Qarabağ məsələsində məxfi razılaşmalar haqqında yazılar bitib-tükənmir.

Ortada ciddi bir şey olsaydı, o hansısa formada ictimaiyyətə sızardı. Amma hələ ki bu xüsusda heç nə yoxdur. Bəlkə də ciddi dəlillərə söykənməyən mülahizələrin yer almasının əsas səbəbi də elə budur ki, hər şey cəmiyyət üçün qaranlıq formatda baş verir. Adi insanlar bir tərəfə, hətta informasiyalı hesab edilən şəxslərin, belə demək olar ki, heç bir şeydən xəbəri olmur...

Müdafiə nazirinin səfəri ilə bağlı belə dedilər ki, Bakı və Moskva 2015-ci ildə birgə hərbi əməkdaşlıq üçün tədbirlər planı imzalayıb.

Amma mediada da belə bir fikir səsləndi ki, guya Rusiya ilə Azərbaycan birgə qurum yaratmağı da düşünür...

Rəsmi Bakının mövqeyinə gəldikdə isə, iki ölkə arasında hərbi dənizçilik sahəsində əməkdaşlığın olacağına işarə edildi. Bununla da bütün açıqlamalar tükəndi, bitdi...

AZƏRBAYCAN RUSİYANIN ÇAĞIRIŞLARINA QOŞULURMU?

Amma artıq qeyd etdiyimizə görə, Bakı ilə Moskva arasında guya hansısa dərin inteqrasiyanın baş verəcəyini iddia edən mülahizələr bitib tükənmir. Bu xüsusda nə demək olar?

Vladimir Putin və İlham Əliyev Rusiya hərbi gəmisinin göyərtəsində - 13 avqust 2013
Vladimir Putin və İlham Əliyev Rusiya hərbi gəmisinin göyərtəsində - 13 avqust 2013

Güman etmirik ki, nəsə ciddi bir hadisə baş verir. Məsələ bundadır ki, indiki hakimiyyət Azərbaycana öz «şirkət»i kimi baxır və onu müştərək şirkətə çevirmək haqqında hələ ki düşünmür.

Sonuncu iki sammit də göstərdi ki, Bakı Rusiyanın yeni inteqrasiya planlarına kifayət qədər etinasızdır. Minsk sammitində İlham Əliyev dedi ki, MDB hələ öz potensialını tükəndirməyib. Bunu necə başa düşmək lazımdır?

Məsələ bundadır ki, Rusiya MDB-ni daha «effektiv» quruma - Avrasiya İttifaqına transformasiya etmək istəyir. İlham Əliyev demək istədi ki, buna elə də ehtiyac yoxdur, bizi MDB də qane edir...

Hər halda, biz onun sözlərini belə başa düşdük. Amma təbii ki, aşkarlıq olsaydı, biz daha çox şey bilərdik və öz ehtimallarımızda daha inamlı olardıq.

Amma nə etmək olar? Hakimiyyət siyasətlə bağlı cəmiyyəti məlumatlandırmağı vacib hesab etmir... Bu, təkcə saymazlıq, cəmiyyətlə hesablaşmamaq demək deyil, həm də hesab edirlər ki, cəmiyyət nə qədər az bilsə, bir o qədər yaxşıdır. Amma belədirmi?

Düzdür, cəmiyyət indi elə bir durumdadır ki, onun nəyisə bilməsi heç nə həll etmir. Amma məlumatsızlıq ən azı izafi sualları, mülahizələri azaldardı...

İKİ YOLDAN BİRİNİ SEÇ...

İndiki məqamda hansı yol daha effektiv olardı? Rusiya özü düzgün bir yolda olsaydı və, heç olmasa, ən azı bircə sahədə öndə olsaydı, lider olsaydı, Azərbaycan da ona qoşulardı. Amma belə bir şey yoxdur. Rusiya özünün daha bir fatal sonluğuna doğru addım atır. Elə bu səbəbdən də Azərbaycanın bu yolda ona yoldaşlıq etməsinə ehtiyac yoxdur.

Belarus və Qazaxıstan başqa məsələdir.
Belarus və Qazaxıstan başqa məsələdir.

Belarus və Qazaxıstan başqa məsələdir. Belarusu onun prezidenti elə bir vəziyyətə salıb ki, bu ölkənin Rusiyadan başqa seçimi də yoxdur. Qazaxıstana gəldikdə isə, bu ölkə ikinci Ukrayna olmaq istəmir. Rusiya istədiyi vaxt Ukrayna ssenarisini Qazaxıstanın şimalına da tətbiq edə bilər...

Ona görə də Rusiyaya qoşulmağa ehtiyac yoxdur. Amma NATO və digər məsələlərlə bağlı da «akustik siyasət»ə rəvac vermək lazım deyil - NATO-nun bura gəlmək fikri yoxdur, amma mənasız çağırışlar Rusiyanı qeyzləndirə bilər.

NORMAL DÖVLƏT QURMAQ ÜÇÜN...

Ukrayna hadisələri nə göstərdi? Məlum oldu ki, dar ayaqda, gərgin məqamda Qərb də heç bir kömək göstərmir və yaxud da ki, bunu operativ qaydada, təcili edə bilmir. Acı da olsa bunu etiraf etmək lazımdır...

Azərbaycanda normal bir dövlət qurmaq üçün vacib deyil ki, Azərbaycan mütləq NATO-nun, AB-nin üzvü olsun, Azərbaycan özü də öz içində sahman yarada və zəruri islahatları apara bilər. Məsələn, Türkiyə ilə birgə hərbi təlimlər zamanı məlum oldu ki, iki dövlətin hərbi standartlarında böyük fərq var-türk ordusu NATO standartları əsasında qurulub, Azərbaycan ordusu isə tamam başqa.

Düşündük ki, bu, gələcək islahatlara istiqamət verəcək. Amma elə bunu düşünürdük ki, Sergei Shoigu təşrif buyurdu...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG