Keçid linkləri

Təcili xəbərlər

Məmurun rüşvət almasında əsas səbəb: təhsil, yoxsa siyasi sistem problemi?


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

-

Gözlə

No media source currently available

0:00 0:03:50 0:00
Direct-ə keçid

STATUS-KVO KİMLƏRİ QANE EDİR?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin açıqlamaları son günlər gündəmi dərhal zəbt etdi... Amma bu açıqlamalar həm də müəyyən suallar doğurdu. Məsələ bundadır ki, hökumət hələ də problemlərin həllini başqa müstəvidə axtarır...

Ölkə niyə bu vəziyyətdədir? Niyə görə rüşvətxorluğu və korrupsiyanı heç cür cilovlaya bilmirlər?

Cəmiyyət bu suala “Mentalitetimiz belədir! Biz düzələn deyilik!”-deyə cavab verir. Hökümət daha peşəkar olmağa cəhd edərək problemlərin kökünü təhsildə, kadrların hazırlığında görür...

Azərbaycanda kadrların dünya standartları səviyyəsində olduğunu demək çətindir. Elə təhsili də ideal hesab etmək olmur. Amma o qənaətdə olanlıar daha haqı görünürlər ki, problemlərin əsl kökü siyasi sistemin qüsurlu olmasıdır...

Məmurların rüşvət alması onların savadsız olmalarından irəli gəlmir. Məhkəmələrin ədalətsiz qərar qəbul etməsinin səbəbi də hakimlərin savadsızlığı deyil... Səbəb onların üzərində effektiv nəzarətin olmamasıdır.

Hökumət öz tənqidi qeydlərində heç vaxt bu ana qədər gəlib çıxmır, çünki siyasi sistemi qüsurlu saymaq onu dəyişmək zərurətini ortaya gətirərdi. Onlar isə bunu istəmirlər, status-kvo onları qane edir...

Cəmiyyətin də izahı özünün arxaikliyilə diqqəti cəlb edir. Müəyyən zümrə var ki, vəziyyətin belə olması, “azərbaycanlıların dəyişmək” şansının olmaması həmin adamları qane edir.

Ona görə ki, onlar da status-kvonu dəyişmək istəmirlər. “Biz azərbaycanlılar düzələn deyilik” deməklə onlar insanları çəkidə aldadır, onlara keyfiyyətsiz mallar və məhsullar sırıyır, hər hansı məhsulu düz on qat artıq qiymətə satır, insanları rüşvət verməyə sövq edirlər...

AVTORİTARİZM “METASTAZ” VERİR...

Halbuki problemin kökü tamam başqa müstəvidədir. Avtoritarizm çürüyən sistemdir, gec-tez o, “metastaz” verir.

Bu sistemin adamları onu qorumaq üçün ən müxtəlif üsullara əl atırlar, nəzarət şəbəkəsi yaratmağa cəhd edirlər.

Amma bunların hamısı faydasızdır. Burada tarixdən bir detalı yada salmaq istərdik. Sovetlərin vaxtında da həlledici an o vaxt gəlib çatdı ki, idarə edənlər artıq bu cür idarə etməyin mümkün olmadığını başa düşdülər...

Azərbaycanda da dönüş nöqtəsi o vaxt yaranacaq ki, idarə edənlər başqa cür idarə etməyin zəruriliyini qəbul edəcəklər...

Məsələnin başqa tərəfi də var. Kadrlar ürəkaçan səviyyədə deyil, təhsil axsayır. Bunlar hamısı doğrudur. Amma Azərbaycan 23 ildir ki, müstəqildir.
Bu 23 ildə hər il dünyanın aparıcı universitetlərinə 100 tələbə göndərilsəydi indi tamam başqa bir vəziyyət olardı...

Amma bu sahədə vəziyyət necədir? Doğrudur, bəzi xarici ölkələrə tələbələr göndərilir, amma onları dünyanın müasir universitetlərinə, xüsusən də ABŞ-a tələbə göndərməməyə çalışırlar. Səbəbini də belə izah edir və əsaslandırırlar ki, tələbələr təhsil aldıqları yerlərin təsiri altına düşürlər.

Amma görək ABŞ-da təhsil alan tələbə nəyin təsiri altına düşəcək? Təbii ki, demokratiyanın!.. Azərbaycan rəsmiləri isə bunu istəmir, hətta bu istəklərini gizlətmirlər də...

İnsanlar seçkiyə gedirmi? Gedir. Onlar rüşvətsiz yaşamaq istəyirmi? İstəyir. Yaxşı təhsil almağa cəhd edirmi? Edirlər. Deməli, problem heç də insanların qüsurlu olmasında yox, siyasi sistemdədir...

İndi ölkədə məmurları müsabiqə yolu ilə qəbul edirlər. Amma vəziyyət düzəlmir. Ona görə ki, bu müsabiqələr də bir fiksiyadır. Məmurların rüşvət alması onların savadsız olmasından irəli gəlmir. Məhkəmələrin ədalətsiz qərar qəbul etməsinin səbəbini hakimlərin savadında axtarmaq lazım deyil...

Məmurlar ona görə rüşvət alır ki, onların üzərində effektiv nəzarət yoxdur.
Hakimlər ona görə ədalətsiz qərarlar qəbul edirlər ki, məhkəmələr müstəqil deyil, onlar icra hakimiyyətindən asılı qurumlardır...

HÖKUMƏTİN ÜÇ ŞƏFFAFLIQ PƏNCƏRƏSİ...

Hökumətlərin 3 effektiv nəzarət pəncərəsi olur. Bunlar parlament, məhkəmə və mediadır. Bircə anlığa bunların Azərbaycanda hansı vəziyyətdə olmasını və nədən asılı olduğu haqda düşünün. Onda bir çox mətləblər aydınlaşacaq...

O ki qaldı mentalitetə, elə bu da bir fiksiyadır. İnsanlar hər yerdə eyni cürdür. Təbii ki, demokratik sistemlərdə yaşamayan insanların siyasi vərdişləri nisbətən zəif olur. Amma bu vərdişlər göydən nazil olmur, onu yetişdirmək və formalaşdırmaq lazımdır...

İnsanlar seçkiyə gedirmi? Gedir. Onlar rüşvətsiz yaşamaq istəyirmi? İstəyir. Onlar yaxşı təhsil almağa cəhd edirmi? Edirlər. Deməli, problem heç də insanların qüsurlu olmasında deyil, sadalanan amilləri reallaşdıra bilməyən və onları gerçəkilyə çevirə bilməyən siyasi sistemdədir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG