Keçid linkləri

«Virgin Galactic» şirkətinin orbitaltı fəzada turist gəzintiləri üçün tikdiyi sərnişin kosmik gəmisi Kaliforniyadakı Mojave Hava və Kosmos Limanında sınaq uçuşu zamanı qəzaya uğrayıb.

-

Britaniya maqnatı Richard Branson-nun “Virgin Galactic” şirkətinin orbitaltı fəzada turist gəzintiləri üçün tikdiyi təyyarə və ya yaradıcıların təbirincə desək, “sərnişin kosmik gəmisi” cümə günü Kaliforniyadakı Mojave Hava və Kosmos Limanında sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Los Ancelesin 150 kilometrliyində yerləşən Mojave səhrasında ilk sınaq üçüşünü keçirən təyyarənin qəzasından iki gün əvvəl Virciniya ştatında başqa bir özəl kosmos şirkəti - Orbital Sciences Corporation firmasına aid raket yerdən aralanma məqamında partlamışdı.

Reuters agentliyi bildirir ki, dalbadal baş vermiş bu iki qəza turizm də daxil olmaqla kosmik uçuşlar sənayesinə daxil olmuş kommersiya şirkətləri üçün böyük zərbə olub.

Turist kosmonavtikasının “ağır günü”

Virgin Galactic kosmik gəmisinin qəzaya uğradığı yerin videolarında uçan maşının iki böyük parçasının səhraya düşdüyü görünür.

Rəsmilər bildirirlər ki, kosmik təyyarənin qırıntıları iki kilometrlik radiusda səpələnib.

Köməkçi pilot qəza zamanı həlak olub, katapult etməyə macal tapmış baş pilot isə ağır vəziyyətdə xəstəxanadadır.

Gəmi qəzasının səbəbləri araşdırılır və ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Agentliyinin təhqiqat komandası hadisə yerinə göndərilib.

“SpaceShipTwo” adlı kosmik gəmi onu orbitə çıxaran təyyarədən ayrıldıqdan sonra partlayıb.

Cənab Bransonun təcili olaraq Mojaveyə uçduğu xəbər verilib.

Virgin Galactic şirkətinin icraçı direktoru George Whitesides kosmodromda keçirilən mətbuat konfransında oktyabrın 31-ni “ağır gün” adlandırıb.

Yeni tipli təyyarələrin sınaq hazırlıqlarında iştirak edən pilotlara təşəkkürünü bildirən icraçı direktor ümid etdiyini bildirib ki, bu sahədə başlanmış iş davam etdiriləcək.

Sərnişinlər artıq bilet almışdılar

6 sərnişinlik bu kosmik gəminin kommersiya uçuşlarında iştirak etmək istəyən 800 nəfər artıq ya biletlərin pulunu ödəmiş, ya da beh vermişdilər.

Kosmik gəmi 13, 7 kilometr hündürlüyə Virgin şirkətinin “White Knight Two” daşıyıcı təyyarəsi ilə çıxarılmalı və burada raket mühərriki onu 100 kilometrlikdə yerləşən orbitə atmalıydı.

Sərnişinlər qaranlıq kosmosu, Yer kürəsini görməli və bir neçə dəqiqə müddətində çəkizlikdə olmalı idilər.

Bu gəmi 10 il əvvəl ilk özəl kosmik gəmi kimi 10 milyon dollarlıq Ansari X mükafatına layiq görülmüş “SpaceShipOne” təyyarəsinin texniki cizgiləri əsasında yaradılmışdı.

Virgin şirkəti bildirib ki, sınaq zamanı gəmi ciddi anomaliyaya məruz qalıb və bunun səbəbləri araşdırılır.

Bu da xəbər verilir ki, təyyarədə maye yanacaq əvəzinə plastik əsaslı bərk raket yanacağından istifadə etmək qərara alınmışdı.

Ötən əsrin yanacağı

Bərk yanacaq növləri 20-ci əsrədək müxtəlif raketlərdə istifadə olunsa da, sonralar maye yanacağın daha rentabelli olduğu qərarına gəlinmişdi. Buna baxmayaraq bərk raket yanacağından hələ də model raketlərdə daha çox etibarlığına və sadəliyinə görə istifadə edilir.

Mətbuat yazır ki, cümə günü baş vermiş qəza Londonda mənzillənmiş Virgin Group şirkətinin sahibi, milyardçı Branson-un ilk kommersiya sərnişin gəmisini suborbital fəzaya çıxarmaq planlarına ciddi zərbə vurub.

Virgin daha 6 suborbital gəmi və ikinci daşıyıcı təyyarənin tikintisinə başlamağı planlaşdırırdı.

Kosmodrom sərnişin qəbuluna hazırlaşırdı

Sınaq uçuşlarının uğurla başa çatacağı təqdirdə Nyu Meksikodakı kosmodromda sərnişin xidmətinə hazlırlıq başlamalıydı.

Virgin Galactic şirkətinin rəhbəri Whitesides mətbuat konfransında bildirib ki, ikinci daşıyıcı təyyarənin tikintisi davam edir və işin 60 faizi artıq görülüb.

Bir neçə başqa özəl şirkət də suborbital sərnişin gəmilərinin yaradılması ilə məşğuldur.

Bunlardan biri də Amazon.com şirkətinin banisi Jeff Bezos-a məxsusdur.

Şərhləri göstər

XS
SM
MD
LG