Keçid linkləri

-

İsveçrə – bir çoxları üçün bura planetin ən sabit və ecazkar təbiəti olan, bəziləri üçün kirli diktator pullarının gizlədildiyi yerdir. İsveçrəni kürü yeməyən Andreas Qrossların çıxdığı torpaq sayanlar da var.

Ərazi baxımından çox da gözəçarpan deyil, Azərbaycandan daha kiçik ölkədir, Ölkənin bir başından o biri başına ayaqla bir günə getmək olar, amma adı nisbətən gurultulu səslənir – «İsveçrə!»..

İKİNCİ BELƏ ÖLKƏ YOXDUR Kİ...

İsveçrə

İsveçrə

Bu ölkə Avropanın göbəyi sayılır, axı strateji nöqtədə yerləşir. Qitədə ikinci belə ölkə yoxdur ki, Avropa və bütövlükdə dünyanın ən güclü iqtisadiyyat və mədəniyyətinə sahib ölkələrlə sərhəd olsun. Bir xalq üçün bu, böyük xoşbəxtlikdir. Şimalında Almaniya, qərbində Fransa, şərqində Avstriya və cırtdan Lixteynşteyn, cənubunda İtaliya var. Bir anlıq açıq səmaya baxsanız, göydə, ən azı, 10 təyyarənin iz buraxa-buraxa fərqli istiqamətə uçduğunu görəcəksiniz. Niyə? Çünki qonşuluğundakı bütün nəhəng ölkələrə hava yolu bu ölkənin üzərindən keçir.

Elə bu üzdən 3-cü ölkə insanlarına burada yaşamaq və vətəndaşlıq hüququ qazanmaq bir nemətdir. Bütün dünyadan fərqli rənglərə sahib insanların can atdığı nadir ölkələrdəndir İsveçrə. Buna görə Avropada vətəndaşlıq prosesi ən çətin olan ölkələr siyahısına başçılıq edir. Vətəndaşlıq xaricilərə hansı şəraitdə verilir? Bu suala gələn yazılarda cavab verəcəyəm.

İsveçrə haqqında məlumatları internet axtarış saytlarından toplamaq olar. Mən, sadəcə, bu ölkənin maraqlı özəlliklərindən yazı və fotolar göndərəcəyəm. Göndərəcəyəm ki, paralel dünyaların varlığını, fərqliliyini görmək imkanınız olsun.

GRÖNİCHEN – «KİÇİK QƏSƏBƏ»

İsveçrə

İsveçrə

İlk yazımda kiçik bir qəsəbədən – 8 minə yaxın sakini olan Grönichen-dən söz açacağam. Bu qəsəbə Aarqau vilayətinə aid yarıdağ, yarımeşə relyefində yerləşən kiçik bir yaşayış məskənidir. «Kiçik qəsəbə» deyirik, amma imkanları və yaşayış şəraiti şəhərdən o qədər də seçilmir. Buranın fərqliliyi təbii gözəlliyində və səssizliyindədir.

Qəsəbənin əhalisi, əsasən, 5 km aralıdakı Aarau şəhərində çalışanlar, pensiyaçılar və əkinçilərdir. «Əkinçi» demişkən, qəsəbənin çevrəsində bir qarış boş ərazi tapmaq mümkün deyil. Bir ovuc torpağın da qədri bilinir, ya qarğıdalı əkirlər, ya da taxıl.

OĞURLUQ... ƏN SONUNCU İŞ VƏ NADİR HADİSƏDİR

Qəsəbənin nisbətən dağlıq hissəsi maldarlıq üçün münbit yerdir. Sakinlər də bunun fərqindədirlər. Yağıntı çox düşdüyündən, ot qısa zamanda dizə qalxır, mal-qara, qoyun-quzu, lama da doyunca yeyir. Yemədikləri isə preslənib qışa saxlanır. Heyvanların otlaq yeri böyük olsa da, çoban və ya nəzarətçi gözə dəymir. Burda otlaqların kənarına zəif elektrik cərəyanı verilmiş məftil çəkilib.

İsveçrə

İsveçrə

Otlaqdan azıb çıxan heyvan cərəyanlı simə toxunanda canı incidiyindən geri qayıdır. Daha sonra şərti refleks öz işini görür. Elektrikli məftillər insana o qədər güclü təsir etməsə də, oğurluq onun ağlına gələ biləcək ən sonuncu iş və nadir hadisədir. Burda, ümumiyyətlə, «kimsə aparar» söhbəti yoxdur. Misal üçün, axşam evə gəldiyinizdə velosipedi binanın qarşısında və ya həyətinizin önündə bağlamadan saxlaya bilərsiniz.

İNSAN YAŞAYAN DAĞBAŞINA DA ASFALT ÇƏKİLİR

Qəsəbənin küçələrini gəzərkən, başqa gözəlliklər də göz oxşayır. Ən ucqar yerdə, dağın başında belə, yaşayış evi varsa, yol mütləq asfaltdır, bunu biləsiniz. Təkcə böyük şəhərlərin böyük küçələrinə deyil, insan yaşayan dağbaşına da asfalt çəkilir. Hər yerdə maşın yolu ilə yanaşı, piyada üçün səki və velosiped yolları var. Bəzi ölkələrdəkindən fərqli olaraq, velosiped sürənlər maşın yolunda deyil, səkidə şütüyürlər.

İsveçrə

İsveçrə

Qəsəbənin evləri sanki gözəllik yarışına girir. Hər evin həyətində diqqətinizi mütləq çəkəcək bir şey var.

Misal üçün, filan həyət və qurumuş ağacdan yonulmuş sənət əsəri yoldan keçən insanlara xoş təəssürat yaratsın deyə burdadır.

MƏZAR DEYİL, SANKİ ŞAH SARAYININ BAĞÇASI...

Qəsəbədə bir böyük kilsə də var – tam mərkəzdə. Bu kilsə qəsəbənin simvoludur, hardan baxırsan bax – dim-dik, adama əl edir. Sözün düzü, bu kilsəyə gedib-gələnləri görməmişəm, amma əzəmətli binadır. Tikilmə tarixini bilməsəm də, bir şey var ki, buralarda 4-5 əsrdən gənc kilsə yoxdur. Bu kilsə binasının qülləsində zəngli saat var. Qəsəbənin harasında olsan da, hər saatbaşı bu zəngin səsini eşidəcəksən.

İsveçrə

İsveçrə

Kilsənin arxasında qəsəbə məzarlığı var. Sözün əsl mənasında, xoş auralı bir yerdir. Məzarlar o qədər gözəl düzülüb ki, bu yerin mahiyyətini bir anlıq unudursan. Sanki məzarlıq deyil, şah sarayının bağçasıdır.

Sizdə elə təəssürat yaranmasın ki, bura dünyanın əlçatmaz yeridir, – əsla! Qəsəbə tarmvayı sizi, uzağı, 10 dəqiqəyə yaxınlıqdakı Aarau şəhərinə çatdıracaq. Ölkənin ən böyük 2-ci şəhərinə – Zürixə isə qatarla gedə bilərsiniz. Düz 45 dəqiqədən sonra oradasınız...

(ardı var)

Şərhləri göstər

XS
SM
MD
LG