Keçid linkləri

-

...Bu Tbilisi, təbii ki, o Tiflis deyil. Səni zirzəmi meyxanalara çağıran bir az ədəbsiz, bir az baməzə kintolar artıq tarixə qovuşublar. Qovuşmasaydılar, bizim «qaytağı»ya bənzər şıdırğı rəqsin sədaları altında oynaya-oynaya, adamı düz yemək-içmək masasınacan ötürər, cibindəki pulu son qəpiyinəcən xərcləməyə həvəsləndirərdilər.

Bu bir gerçək: Tiflis artıq Tbilisidir. Şuşalı Seyidin «Şərq konsertləri»ndən xəbərsiz, «tatar otellərinin» izini itirmiş, Avropasifət və ingilisdilli Tbilisi... Amma yapışığı, al-əlvan rəngləri, xoş sürprizləri, məzəli süfrə sağlıqları və onurğası dik və sevimli şəhər olaraq qalır...

...Nədənsə hər dəfə yolum Tbilisiyə düşəndə, Mirzə Fətəlinin dəfnini yada salıram. Sanki gözümlə görmüşəmmişcəsinə, müsəlman məzarlığına axışan pəhləvan və kintolarla salamlaşır, cansız bədəni 4-cü gündür torpaq həsrəti çəkən Böyük Mirzəni sayqılarla anan «karaçoxeli»lərə – köhnə Tiflisin qaraçuxalı sənətkarlarına baş əyirəm. Vilayət Quliyevin bir gürcünün xatirəsi əsasındakı yazısı yadıma düşür:

Tbilisidə qədim müsəlman məhəlləsi

Tbilisidə qədim müsəlman məhəlləsi

«Budur, gürcü kintoları son dərəcə konspirativ şəkildə Mirzə Fətəli üçün qəbir qazır, üstünü taxta ilə örtür və diqqəti yayındırmaq üçün taxtanın da üzərinə torpaq tökürlər. Bütün bu işlər gecə görülür. Səhər tezdənsə qonaqlıq düzəldiləcək yerdə, yəni boş qəbrin ətrafında tonqallar tüstülənir, ət və balıq bişirilir, bardaqlarda şərab gətirilirdi. Xatirə müəllifinin yazdığına görə, məşhur yumruq döyüşçüsü, «Meydan, Şeytanbazar və Xarpuxi müsəlmanlarının bir qədər çəkindikləri Dunab Vaquanın» zurnaçılar dəstəsi də ara vermədən çalıb-çağırırdı»...

MIJATOVIĆ: «HEÇ VAXT HEÇ NƏYİ BƏZƏMİRƏM»

Tbilisidə ikigünlük konfransa toplaşmışıq. Noyabrın -10-da və 11-də keçirilən, «Kütləvi İnformasiya Vasitələrinin 11-ci Cənubi Qafqaz Konfransı» adlanan bu mötəbər toplantıya dünyanın çox yerindən qonaqlar qatılıblar. Məqsəd – rəqəmli texnologiyalar dönəmində ictimai yayımın vəzifələrini dəqiqləşdirməkdir. Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri çoxsaylıdır: Azərbaycandan 11, Ermənistandan 13, Gürcüstandan 27 nümayəndə var. Hökumət və media təmsilçiləri ilə yanaşı, beynəlxalq ekspertlər də diqqət çəkirlər. Məsələn, ATƏT-in media azadlığı məsələləri üzrə komissarı Dunja Mijatović, Avropa Yayım Birliyinin keçmiş vitse-prezidenti Boris Bergant, həmin birliyin şöbə müdiri David Lewis, Avropa Tənzimləyici Orqanlar Platformasının keçmiş sədri Jean-Francois Furnemon və başqaları.

Dunja Mijatović

Dunja Mijatović

Xanım Mijatović yorğun görünür. Bunu özü də etiraf edir və aktual zarafatla unutdurmağa çalışır: «Hər dəfə konfransa toplaşanda ya seçkilər olur, ya etiraz aksiyaları, ya da hökumət böhranı». Son sözlər Gürcüstanda baş verən son istefaları yada salır. Axı Gürcüstanın konfransda açılış nitqi söyləyəcək xarici işlər naziri Maia Panjikidze də istefa verib və tədbirdə onu müavini əvəzləyib. Nə isə, xanım Mijatović postsovet və Şərqi Avropa ölkələrində dövlət teleradio yayımından ictimai yayıma transformasiyanın aşağı sürətindən, televiziyaların kommersiyalaşmasından gileylənir. O, «heç vaxt heç nəyi bəzəmirəm, birbaşa söyləyirəm» deyərək, bazar basqısına dayanmaq üçün ayrıca tövsiyələrin hazırlanma zərurətini də vurğulayır. Beləcə, konfrans başlanır... Mehman Hüseynovun saxlanma xəbəri gəlincə, gündəm bir anlıq dəyişir, amma onun tutulmadığı aydınlaşınca konfrans yenə öz təbii axarına qayıdır. Çıxış edənlər, hələlik, ictimai yayımdan çox bütövlükdə medianın durumundan söz açırlar. Ermənistan Media Təşəbbüsləri Mərkəzinin təlimçi və prodüseri Gegam Vardanian-ın Yerevan meri haqqında sözləri canlanma yaradır. Sən demə, merin öz namizədlik dissertasiyasını necə müdafiə etdiyini izləmək istəyən tələbələri müdafiə salonuna buraxmayıblar...

Aman tanrım, nə tanış mənzərə: qəzet yox, siqaret diqqət çəkir.

Aman tanrım, nə tanış mənzərə: qəzet yox, siqaret diqqət çəkir.

TİFLİSDƏ BAZAR VAR, ŞEYTAN YOX...

Nahar fasiləsində «Azadlıq Meydanı»nın çevrəsində dolaşıram. İslaq səkinin bir qırağına uzanmış 40-45 yaşlı və dilənçi qiyafətli kişi ona sədəqə verənləri acılayır. Yanımdakılardan nə dediyini soruşuram. Sən demə, təhər-töhüründən yoxsulluq və zavallılıq yağan bu adam – «başınıza dəysin pulunuz, mənə sevgi verin!» – söyləyirmiş. Ya gerçək idi, ya da gürcü tərcüməçinin məzəsi...

...Sevgi demişkən, bəlkə mənə elə gəlir, Tbilisi sevgiylə öyünə bilər. Evlərindən, tinlərindən, eyvanlarından sevgi və canayaxınlıq yağır. Hər şey sanki «biz insan üçünük!» sözlərini pıçıldayır. Üstəlik, hamının anlayacağı bir dildə. Bu şəhər dünən, bu gün və sabahı qovuşdura bilir. İstər-istəməz, Bakını – öz sevimli şəhərimi düşünürəm. Sanki «mən turistlər üçünəm!» – deyir Bakı. Daha doğrusu bağırır. Parıldaşan-qamaşan-sayrışan yeni tikililəriylə bağırır!..Bakıda insanlar o möhtəşəm, amma soyuq binalar arasında sanki cılızlaşır. Bəlkə də yanılıram, sadəcə, qavrayışımı dindirir, həm də vaxtımı öldürürəm. Elə bu vaxt gözüm qəzet köşkünə sataşır. Aman tanrım, nə tanış mənzərə: qəzet yox, siqaret diqqət çəkir. «Əvvəllər pis qazanmırdım, indi həm siqaret çəkənlər azalıb, həm də qəzet alanlar» – satıcı, 50 yaşlı keçmiş poçt işçisi belə deyir. Bu da sənə Bakını xatırladan Tbilisi... Nə isə, bir azdan konfrans davam edəcək. Bir azdan, hələlik, dolaşmağa vaxt var...

«Satdım nə fərqi, satmadım nə fərqi? Gəncliyim ki geri dönməz».

«Satdım nə fərqi, satmadım nə fərqi? Gəncliyim ki geri dönməz».

...Balaca bağçada bir skamya diqqətimi çəkir. Baxanda bu qadının nəsə satdığını bilməzsən. Oturub bir qıraqda... satdıqlarıyla heç maraqlanmır da... Məlum olur ki, «satdım nə fərqi, satmadım nə fərqi? Gəncliyim ki geri dönməz» – deyə düşünür... Gürcülər hər fürsət və hər macalda düşünüb-düşündürməyi sevirlər, deyəsən...

«PUL VAR, ŞƏRAİT YOX VƏ YA ŞƏRAİT VAR, PUL YOX...»

Yarımbaşlıqdakı sözlər Cənubi Qafqaz teleradio yayımçılarının gileylərini ümumu şəkildə ifadə edir. Gürcüstan və Ermənistan yayımçıları maliyyə qıtlığından yana-yana danışırlar, özəlliklə Ermənistan tərəf. Bu ölkədə dövlət büdcəsindən maliyyələşmə 2 dəfə azaldılıb. Artıq reklam fəaliyyətinə də qırmızı işıq yandırılıb. Gürcüstan milli azlıqların dilində verilişlər hazırlamağa vəsait umur. Bütün gərgin siyasi ortamla yanaşı, onu da demək olar ki, Gürcüstanın siyasi partiya və birlikləri vətəndaşın inamını qazanmaq üçün öz aralarında, əvvəl-axır, anlaşacaqlar. Media azadlığı və özəlliklə ictimai yayımçılıqla bağlı problemləri göz önünə gətirərkən, Gürcüstanı heç düşünmədən Cənubi Qafqazın öncül ölkəsi saymaq olar. Media aynasından baxanda, Ermənistan və Azərbaycanda həm iqtidar, həm də müxalif siyasi partiyalarla xalq arasında, yumşaq söyləsək, dialoq çatışmazlığı görünür.

Özəl «Rustavi-2» telekanalının studiyası - 2012

Özəl «Rustavi-2» telekanalının studiyası - 2012

Büdcə təminatı baxımından Azərbaycan ictimai teleradioyayımının durumuna həm gürcülər, həm də ermənilər qibtə edə bilər. İlk baxışda həm dövlət maliyyəsi var, həm reklam pulları, həm də sponsor dəstəyi... Amma-ancaq-lakin bunun üzərinə təbliğat mediasının baş alıb getdiyini, hətta tənqidi medianın gün-gündən saraldığını və ən başlıcası, hökumət-media münasibətlərinin dözülməz durumunu və mediaya inamın uçuruma yuvarlandığını da artırsaq, sözdə vəsait bolluğu kimin qarnını doyurar ki? İctimai teleradioyayımı «Potyomkin kəndləri»ni xatırladırsa, şərhə nə ehtiyac?

BBC-YƏ HƏR GÜN İTV QƏDƏR VƏSAİT AYRILIR

Avropa Yayım Birliyinin üzvləriylə əlaqələr şöbəsinin müdiri David Lewis BBC-nin hələ də ictimai yayımçılıq örnəyi sayılacağını ayrıca vurğuladı. Britaniya əhalisi çox böyük fərqlə yalnız bu yayım kanalına inanır. İllik abunə məbləğini nəzərə alsaq, dumanlı Albionda hər il 20 milyon ailə (bütün əhalini təmsil edir) BBC-nin büdcəsinə gündə yarım funt ödəyir. Beləcə, bu nüfuzlu kanal hər gün 10 milyon funtdan, yəni təxminən 12 milyon 326 min manatdan faydalanmaq imkanı qazanır. Müstəqil yayım siyasəti vətəndaş inamından qaynaqlanır, yoxsa ən demokratik hökumətlər də fürsəti fövtə verməzlər yəqin... Qafqazın başqa TV-ləri ilə işim yox, görəsən İTV nə vaxt məhz vətəndaş inamını ön plana çəkəcək? Reytinq məlumatları bu TV-yə (noyabrın 8-ə olan məlumat) orta hesabla 105 min 360 adamın baxdığını üzə çıxarır.

«Ermənistan Gürcüstana göydəndüşmə gəlir yaradır».

«Ermənistan Gürcüstana göydəndüşmə gəlir yaradır».

Başqa sözlə, Azərbaycan əhalisinin 1 faizindən azca çoxunun. Üstəlik, söhbət məhz ictimai yayımdan gedir...

«GÜRCÜSTANA ERMƏNİ QAZI»

Fasilədən faydalanıb yenə qaldığımız otelin yan-yörəsində Tbilisini dolaşmaq istəyirəm. Foyedə bir qəzet diqqətimi çəkir. Az öncə səfər yoldaşım da ingilisdilli «Financial» qəzetində Ermənistanda qaz yataqları tapılması barədə məqalə olduğunu bildirmişdi. Doğrudan da «Armenia» sözünü oxuyuram. Sonra tam tərcüməsini öyrənirəm: «Ermənistan Gürcüstana göydəndüşmə gəlir yaradır». Təxmini məzmunu belədir: İcevan rayonunda sənaye əhəmiyyətli qaz yataqları tapılıb. Özəlliklə bir İsveç firması qazçıxarma səylərinə baş vurur. Gələcək kəmər Gürcüstandan keçə və bu ölkəyə tranzit gəlirləri gətirə bilər. Necə deyərlər qonşunu ikiinəkli istə... Erməni həmkarlarıma üz tuturam. Onlar «belə xəbərlərdən yorulmuşuq» – deyirlər. Biri otelə yaxın binadakı yazılı lövhəni göstərir: «Bax, real iş budur». Lövhəyə baxanda Azərbaycanın məşhur bankının adını oxuyuram...

XANIM MIJATOVIĆ: «DİPLOMAT KİMİ DANIŞMAĞI BACARMIRAM»

Konfrans başa çatarkən, ATƏT-in media azadlığı üzrə nümayəndəsi belə dedi. Qeydlərimdən yazıram: «Mən birbaşa danışanam. Belə insanam, diplomat kimi danışmağı bacarmıram. İctimai yayım da demokratiyanın məhək daşıdır. Bütün rəngləri qucaqlamalı, amma birbaşa danışmalıdır».

Tbilisidə avtomobil nömrəsi

Tbilisidə avtomobil nömrəsi

Konfrans iştirakçıları ictimai yayıma tələblərin dolğun ödənməsi, ona cəmiyyət inamının artırılması və bu yayımın kommersiyallaşma ehtimalına dayanıqlı olması və bazarın basqısına dözməsi üçün tövsiyələr hazırladılar. Yaxın günlərdə bu tövsiyələr ATƏT üzvü olan ölkələrin xarici işlər nazirliklərinə də göndəriləcək.

VƏ SONDA...

Konfransdan bəzi deyimlər yadımda qaldı. Bəlkə sizə də maraqlı olar:

Tamaşaçısı olmayan proqramı hazırlamağın mənası yoxdur!
İctimai TV kimi düşünün, özəl TV kimi davranın!
Yaxşı proqramı polulyarlaşdırın, populyar proqramı yaxşılaşdırın!
Sosioloji araşdırmalar sifariş verməkdən çəkinməyin! Bu pullar boşa getməz!..
Sosial reklamların hökuməti reklam etmədiyinə əmin olun (hökumət reklamı siyasi reklam sayıldığından qanunla qadağandır. Yalnız seçki dönəmlərində buna yol açılır).

Bunları oxuyanda üzünüzü turşutdunuzsa, fotoya – Tbilisidəki avtomobilin nömrəsinə baxın. Əminəm ki, dodağınız qaçacaq... Nə qədər fərqliyiksə, o qədər də bir-birimizə bənzəyirik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG