Keçid linkləri

-

Aysel Əlizadə, Ramin Hacılı

Avropa Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə həll olunmasını istəyir. Hər halda, gerçəkləşdirilən layihələr, verilən mesajlar bizdə bu təəssüratı oyadıb. Sülh Avropaya Cənubi Qafqazı bütünlüklə öz birliyinə daxil etmək imkanı verəcək. Qərbin bu cəhdinə qarşı 2014-cü ilin yayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərginləşdi (oxu: gərginləşdirildi), lokal savaş yaşandı və xəbər yayıldı ki, Rusiya prezidenti hər iki ölkə başçısını Soçidə görüşə dəvət edib. Gecə - gündüz yatmaz olduq, Soçi görüşünü gözlədik. Ölkə başçıları Soçiyə gedib sambo yarışına baxıb idman zövqlərini artırdılar. Biz də mat qaldıq...

Haşiyə: Sambo rusların milli idman növüdür, soyuq savaş zamanı SSRİ-də daha çox populyar idi. Ruscada «Samooborona bez orujiya» (silahsız özünü qoruma) sözlərinin qısaldılmış versiyasıdır.

PUTIN ÖZ XALQINI «GÜCSÜZLƏRİN ÜSYANI»NA HAZIRLAYIR

Belə görünür cənab Putin siyasətinə yeni simvolik tərz əlavə edir; zəif halında, silahsız qalsa belə, dünya tərəfindən təklənsə də, təslim olmayacağının mesajını verir. Görünən o ki, bu gedişlə Rusiya prezidenti öz xalqını, müttəfiqlərini «gücsüzlərin üsyanı»na hazırlayır. Bunlar bizdən yan ötsün, ölkəmizə zərər gəlməsin, insanımız imperialist savaşlar qurbanı olmasın, – istəyirik. Buna görə də aydınlarımız sülh tərəfdarı olan Qərbdən yanadır. Humanist gələnəyini saxlamaq istəyən Azərbaycan ziyalısı xalqına pafosla divident qazanma çağırışları etmir, savaş mesajları vermir, elm, dəyərlər uğruna böyük düşünməyə səsləyir.

O günlərdə düşünürdük ki, Azərbaycan Gömrük İttifaqına ona görə qoşulmur ki, ciddi-cəhdlə Avropaya meyllənir. Bu da Rus İmperiyasının başqa bir qonşu dövlətin əli ilə bizə savaş hədəsidir. Ən pasifistimiz (hətta özünə zərər vermək bahasına olsa da, zorakılığa, savaşa qarşı çıxman insan) belə, ölkənin gələcəyi naminə savaş olarsa, dövlətçilik ətrafında birləşməyə hazır idi.

BU O DEMƏKDİR Kİ…

Ölkə başçısı Rusiya prezidenti ilə görüşdüyü həmin vaxtda Azərbaycanın ən nüfuzlu adamlarından biri, hüquq müdafiəçisi İntiqam Əliyev həbs olundu. Ops! 25 ildir ölkədə insan hüquqlarını müdafiə edən, ədalət istəyən, kitablar yazan, yüzlərlə tələbə yetişdirən aydın - İntiqam Əliyev öncə 2012-ci ildə Türkiyədə Atatürk hava limanında döyülür, 2 il sonra vətəndə həbs edilir. Bu o deməkdir ki, İntiqam müəllim, Sizin öz hüquqlarınızı qoruyan lazımdır. Bu o deməkdir ki, qardaş, ölkədə vəziyyət daha betərdir. Generalları həbs edilən, uşaq-muşağın üstünə zopalı polislər göndərilən bir cümhuriyyətdə hüquq müdafiəçisinin döyülməsi adi haldır. Bu necə qardaşlıq oldu, biz onu anlamadıq. Artıq neçənci dəfədir Türkiyənin hava limanında azərbaycanlının incidildiyini eşidirik. Jurnalist, «Ayna» və «Zerkalo» qəzetlərinin əməkdaşı Rauf Mirqədirov məhz Ankarada həbs edilərək Azərbaycana verildi. (qeyd: sonradan qəzetlər fəaliyyətini bütövlükdə dayandırdı). Bu siyahını uzatmaq olardı, lakin təkrar hər zaman biliyin anası deyil. Dəyərli oxucumuzu yormayaq.

İntiqam Əliyev

İntiqam Əliyev

İNDİ BİZ NƏÇİ OLDUQ?

Deyək ki, Türkiyə demokratikləşmək istəmir. Ərəb dünyasına inteqrasiya yolu tutub, dini hakimiyyətin verdiyi mütləqiyyətdən yararlanmaq fikrindədir. Azərbaycan aydınları insanlığın, yüksək dəyərlərin olduğu bir vətən arzulayır. Pafossuz-filan, Avropaya inteqrasiya etmək istəyir. Azərbaycan Vətəndaş Cəmiyyəti Avropa demokratik dəyərlərinə söykənir. Demokratik meyarlardan biri açıq cəmiyyətin yaradılmasıdır. Bunun üçün vətəndaşlıq səriştəsi olmayan, maraq və hüquqlarını qoruya bilməyən insanlara kömək edəcək uzmanların mümkün qədər çox olması vacibdir. Bu halda hüquq müdafiəçisinin həbsi Avropa dəyərlərinə - ədalətli cəmiyyət quruculuğu prinsipinə ziddir. Bu, antidemokratik ölkələrin modelidir. İndi biz nəçi olduq?..

DEMƏK, ÖZÜMÜZÜ ALDADIRIQ…

Avropalaşmaq istəyən ölkədə necə olur ki, təkcə bir vicdanlı vəkilin - İntiqam bəyin imzasıyla Avropa İnsan Hüquqları Məhkəməsinə üç yüzdən artıq müraciət göndərilir? Bu pozuntuları İntiqam bəy özündən yazmadı ki. Vətəndaşların şikayətini hüququn dili ilə ifadə etdi, sadəcə. Və bu təkcə bir hüquqçunun müraciət statistikasıdır. Bu əsnada həbslərinsə sayı getdikcə artır. Demək, biz özümüzü aldadırıq. Avropaya özümüzü deyil, xammalımızı inteqrasiya etdiririk. Sovetlərdə olduğu kimi, sərvətlərimizi verir, əvəzində medal alırıq. Demək, bizim «Eurovision» müsabiqəsinə ciddi-cəhdlə qatılmağımız, burda müsabiqəni ən yüksək səviyyədə təşkil etməyimiz bayağı azərbaycanlı şöhrətpərəstliyindən başqa bir şey deyil. Demək, ali insan yaşam standartlarını deyil, tərifi və köləliyi özümüz seçirik. Axı Avropa dəyərlərini öz vətəninə daşıyan ABŞ, Cənubi Koreya, Yaponiya, Avstraliya, lap elə Macarıstan nümunəsi var.

BİR XALQ KİMİ QAÇIRIQ, ANCAQ FİNİŞƏ HƏLƏ ÇOX VAR…

Rusiya imperiya maraqlarını saxladıqca, ondan qurtuluş yoxdur. Ancaq Rusiyayla xilas da yoxdur. Rusiyadan şovinizmin, tiranlığın düsturunu öyrənmək olar. Buna görə də azadlıq istəyənlər Rus imperiyasından qaçır, sığınmağa yer axtarır. Biz də bir xalq kimi illərdir qaçırıq, ancaq finişə hələ çox var, deyəsən. Hüquq pozuntuları, həbslər və ən ağrılısı, həll olunmayan Qarabağ problemi davam edir…

LENIN-İN MAVZOLEYİNƏ MÜRACİƏT…

P. S. Çar Rusiyası dövründə hər bölgədə yazmaq qabiliyyəti olanlar mütləq vardı. İnsanlar haqsızlıq gördükdə onun yanına gedər, mərkəzi hakimiyyətə şikayət edərdilər. Şikayətlərinə baxılmayanda ta çara qədər teleqram vurardılar. Bu ənənə sovetlər zamanında da davam edirdi. Səsi eşidilməyən vətəndaş hətta Lenin-in mavzoleyinə belə müraciət (!) yazardı.

Yerli hakimiyyətlər vətəndaşların şikayət yazmasına yardımçı olan şəxsləri min yolla məhv etməyə çalışırdı. Problemi yox a, vətəndaşın dərdini yox, insanlara yardım edəni! İnformasiya kanalını sıradan çıxarmağa çalışırdılar. İntiqam Əliyev kimi hüquq müdafiəçisi, vicdanlı jurnalistlər, Vətəndaş Cəmiyyəti İnstitutu yuxarıların xalqın narahatlığı ilə tanışlıq kanalıdır.

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG