Keçid linkləri

İsveç 2050-ci ilə qədər yol qəzalarında insan ölümünü sıfra endirməyi planlaşdırır


Arxiv fotosu, The Vision Zero prinsipləri əks olunan sənəddən görüntü.

Arxiv fotosu, The Vision Zero prinsipləri əks olunan sənəddən görüntü.

.

Xəbər saytlarında tez-tez "dünən ölümlə nəticələnən yol qəzası baş verib" məzmunlu xəbərlər oxuyuruq. 2013-cü ildə müxtəlif mənbələrdə göstərilir ki, Azərbaycanda yol-nəqliyyat qəzaları nəticəsində 1200-ə yaxın insan həyatını itirib. Baş Dövlət Yol Polis İdarəsinin saytında bu göstəricilər 2011-ci ildə 1 016 nəfər, 2012-ci ildə isə 1 168 nəfər olub.

Bu insanların həyatlarını xilas etmək mümkün idimi və ya bundan sonra yol qəzalarında ölənlərin sayını kiçik müdaxilələrlə xilas etmək olarmı? Əhalisinin sayı Azərbaycanın əhalisinin sayı ilə təxminən eyni olan İsveç bunu bacarıb.

Bəs, İsveç bunu necə bacarıb?

1997-ci ildə İsveç Parlamenti "Sıfır Vizyon" (Zero Vision) ideyasını qanun kimi qəbul edib və 2013-cü ildə İsveçdə yol qəzaları nəticəsində ölənlərin sayı 264 nəfər olub. (Azərbaycanda hər 100 min nəfər üçün yol qəzalarında ölüm sayı 12.5 isə, İsveçdə bu göstərici 3 nəfərdir.)

Ənənəvi yol sistemləri maksimum mobillik və tutum əsas götürülərək dizayn edilir və qəzaların məsuliyyətini sürücünün üzərinə qoyur. Azərbaycan Respublikası Baş Polis İdarəsinin rəsmiləri də ölümlə nəticələnən qəzalarla bağlı verdikləri hesabatlarda əsas səbəb kimi yüksək sürəti və sürücülərin məsuliyyətsizliyini göstərirlər.

"Sıfır vizyon" isə bunun əksini deyir. Proqramın müəllifləribildirirlər ki, sürücülər də adi insanlardır və hər zaman xəta edə bilərlər. Yol nəqliyyatını isə elə dizayn etmək lazımdır ki, insanların edə biləcəkləri səhvlər əvvəlcədən nəzərə alınsın və qəzalar ölümlə nəticələnməsin.

İsveç Milli Yol Administrasiyasının Nəqliyyat Təhlükəsizliyi direktoru Claes Tingvall belə deyir: "Hər bir qəzanı diqqətlə araşdırıb bunu soruşmalıyıq: "Qəzaya düşən vətəndaş yox, professional və məsuliyyətli şəxs kimi mən nəyi səhv etmişəm?" İsveç höküməti bu vizyonla davamlı olaraq yol infrastrukturuna müdaxilələr edərək, 2050-ci ilə qədər yol qəzalarında ölənlərin sayını sıfıra endirməyi hədəfləyir.

"Sıfır vizyon" proqramının əsas prinsipi isə budur: "Hər bir vəziyyətdə insan xəta edə bilər. Yol sistemi isə xəta etməməlidir."

Proqramın müəllifləri bildirirlər ki, insan xətası olduğuna görə, bütün qəzaları aradan qaldırmaq mümkün deyil. Lakin, yollar elə qurula bilər ki, qəza nəticəsində avtomobilə ziyan dəsə, sürücü xəsarət alsa da, qəzalar insan ölümü ilə nəticələnməsin.

Yol çəkilişlərində ənənəvi düşüncə budur ki, insan həyatının xilasına yönələn tədbirlər çox bahalıdır. "Sıfır vizyon" isə əksini deyir. Yollar arasına qoyulan baryerlər, strateji dizayn edilmiş yollar və sürət limitlərinin optimallaşdırılması kimi çox kiçik və ucuz müdaxilələrlə ucuz olmayan insan həyatlarını xilas etmək mümkündür.

Yol qəzalarının ölümlə nəticələnməsinin qarşısını almaqda növbəti mərhələ olaraq İsveç höküməti avtomobillərin içinə sərxoş sürücülərin müəyyənləşdirilməsi üçün nəfəs yoxlayan cihazların yerləşdirilməsini, yüksək sürət, və ya təhlükəsizlik kəmərinin taxılmaması zamanı avtomobilin xəbərdarlıq siqnallarının tətbiqi də nəzərdə tutulan müdaxilələrdəndir.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin gələcəyi necə olacaq?

Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu ildə bildirdiyinə görə hazırda nəqliyyat qəzaları dünyada ölümlərin səbəbləri arasında ilk onluqda, 9-cu yerdədir. Təşkilat bildirir ki, heç bir müdaxilə olmasa, 2030-cu ildə nəqliyyat qəzalarında ölümlər QİÇS, xərçəng kimi ölüm səbəblərini də arxada qoyaraq, 5-ci yerə qalxacaq.

Azərbaycan Respublikasının müvafiq orqanları da hər il yeni yolların salınması və təmiri üçün milyardlarla dollar pul xərcləndiyini, icra edilən layihələrin planlaşdırılması zamanı insan həyatının dəyərini də nəzərə alaraq, ənənəvi yanaşmadan imtina etməli, yol-nəqliyyat hadisələri zamanı məsuliyyəti təkcə sürücülərin üzərinə qoymamalıdır ki, insan ölümlərinin sayını azaltmaq mümkün olsun. Çünki, statistikaya baxsaq, Azərbaycanın müstəqilliyi dövründə yol-nəqliyyat hadisələri zamanı dünyasını dəyişən insanların sayı artıq Ermənistan ilə müharibə zamanı Azərbaycan ordusunun verdiyi itkilərdən artıqdır.

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG