Keçid linkləri

-

BEŞ YÜZ İL BUNDAN ƏVVƏL DƏ, İNDİ DƏ...

Siyasətin də ənənələri olur. Çox şeylər dəyişsə də, hətta böyük dəyişikliyə məruz qalsa da, baxıb görürsən ki, siyasətin özündə belə dəyişməyən dəyərlər var. Beş yüz il bundan əvvəl də, indi də siyasətçilər və diplomatlar üçün siyasətin bir meyarı olub - dövlət adamları, siyasi xadimlər öz dövlətlərinin maraqlarını müdafiə ediblər...

Təsadüfi deyil ki, ingilislər ölkələrinin əbədi dostlarının deyil, əbədi maraqlarının olmasını vurğulamağı sevirlər. Bu baxımdan, Qərb dövlətlərinin əksəriyyətinin tanımasına rəğmən bir vaxt Azərbaycanın, hətta Rusiyanın Kosovonun müstəqilliyini tanımamasını haradasa başa düşmək olardı...

Amma Rusiya öz «səhv»ini tez düzəltdi, Abxaziyanı və Cənubi Osetiyanı tanıdı, Krımı ilhaq etdi, indisə Ukraynanın şərq bölgələrini ilhaq etməyə cəhd edir...

Azərbaycana gəldikdə isə, haranısa ilhaq etmək bir tərəfə qalsın, hətta öz torpaqlarının bir qarışını belə qaytara bilmədi, olsa-olsa, Serbiyanın timsalında özünə yeni «müttəfiq» qazandı...

Amma ovaxtkı siyasi dəst-xətti, siyasi məntiqi hər halda, başa düşmək olardı-ərazisinin bir hissəsi işğal edilmiş ölkənin ərazi bütövlüyü prinsipini hər şeydən önə çəkməsi və siyasətini də bu rakursda qurması elə də təəccüblü deyildi, əksinə, təbii idi...

DOST DOSTA TƏN GƏRƏK...

Amma Ukraynada münaqişə başlayandan və buna cavab olaraq Qərblə, xüsusən də ABŞ-la Rusiya arasında soyuq münasibətlər müşahidə ediləndən sonra Azərbaycanın xarici siyasət kursunda bir növ «ziqzaqlar» mərhələsi başladı. Kiçik bir ölkə özünü elə apardı ki, sanki Qərb dünyası sanksiyaları Rusiyaya deyil, ona qarşı tətbiq edir...

İndi Ukraynanın ərazi bütövlüyünün müdafiə edildiyi bildirilir. Amma eyni zamanda «kobzar»lara ismarış göndərilir ki, başa düşsünlər ki, Rusiya Azərbaycanın yaxın dostudur və bu, azmış kimi Avropa Şurasında Rusiyanı müdafiə də edirlər...

Doğrusu, Rusiya ilə Azərbaycanın «dostluğu» haqda söz deməyə çətinlik çəkirik. Ona görə ki, əgər dostluq elə budursa, onda gərək bütün dostlarla olan münasibətlərə yenidən baxılsın...

Rusiya Ukraynanın ərazisinin bir hissəsini ilhaq edib. Rusiya ilə Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini zəbt edib. Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub...

Elə təsəvvür yaranır ki, sanki Azərbaycan dünya siyasətində cəbhələşməni çoxdan gözləyirmiş ki, illər ərzində içində yığılıb qalan «kin-küdurət»i Qərb ölkələrinin üstünə töksün...

Bu rakursdan baxanda, Azərbaycanın kimin yanında olması sual doğurmamalı idi, çünki hər şey göz önündədir. Amma Azərbaycan çox qəribə «arbitr» rolunu tutub, bir tərəfdən, bir az əvvəldə qeyd edildiyi kimi, Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi deyilir, o biri tərəfdən də Rusiyanı bir az sıxmaq istəyən Qərb ölkələrinə elə bir üz göstərilir ki, bunu Rusiyanın ən yaxın müttəfiqləri belə özlərinə rəva bilmirlər...

«ONLAR BİZİ TƏNQİD ETMİR...»

Bu cür siyasətin məğzi və səbəbləri haqqında çox düşünmüşük. Elə təsəvvür yaranır ki, sanki Azərbaycan dünya siyasətində cəbhələşməni çoxdan gözləyirmiş ki, illər ərzində içində yığılıb qalan «kin-küdurət»i Qərb ölkələrinin üstünə töksün...

Niyə belə oldu? Nədir bunun səbəbi? Səbəbləri çoxdur. Biri də budur ki, Azərbaycan siyasətində bir az infantil düşüncə notları sezilir...

Sanki Rusiyaya göstərmək istəyirlər ki, əsl siyasi cəngavərlik belə olar, Qərb ölkələri sənin üstünə ayaq açmağa başlayanda biz səni müdafiəyə qalxdıq...

Burada başqa məsələ də var. Bir dəfə məmurlardan birindən soruşuldu ki, niyə Qərbə qarşı həmişə açıq siyasi bəyanatlar səsləndiyi halda, Azərbaycan Rusiyaya və İrana qarşı belə hərəkət etmir?..

Məmurun cavabı çox qısa oldu. O, dedi ki, onlar - Rusiya və İran bizi, yəni Azərbaycan hakimiyyətini tənqid etmir...

«BAKIDA NEFT VAR Kİ?!»

Bəs belə siyasətin perspektivi varmı? Çox istərdik ki, olsun və hər şey də elə ölkə diplomatlarının düşündüyü kimi baş versin. Amma olacaqmı?

Burada bir kiçik detal yadımıza düşür. Moskvada birinci kursda oxuyarkən bir rus tələbəsi ilə Bakıdan danışırdıq. Necə oldusa, neftin adını çəkdik. Həmsöhbətim elə bir təəccüblə «Bakıda neft var ki?!» - deyə soruşdu ki, hətta özüm də bircə anlığa çaşdım: düşündüm ki, doğrudan da var, yoxsa...

Qarşıdan fevral gəlir. Təbii ki, Xocalı soyqırımının növbəti ildönümü anılacaq. Amma bir sual vermək istərdik... Görəsən, 366-cı alay kimin olub? Bəlkə Avropanın? Və yaxud da ki, ABŞ-ın?

O bilmirdimi ki, Bakıda neft var? Bilirdi. Rusiyanı Hitler-dən Bakı nefti xilas etmişdi. Amma bircə dəfə belə olsun bu, yüksək səviyyədə etiraf olunmadı və Bakıya hətta «Qəhrəman şəhər» adı da verilmədi...

200 illik əsarət dövründə Azərbaycan Rusiyaya çox şey verib. Amma əvəzində nə alıb? İtirilmiş torpaqlar, pozulmuş haqlar və bir də qonşuluqdakı işğalçı Ermənistan rejimi!..

BUNLAR HƏR ŞEYİ BİLİRMİŞ Kİ...

Bu yaxınlarda, Rusiya əsgəri ilə bağlı məsələ müzakirə edilərkən, iki rusiyalı politoloq elə ciddi tarixi faktlar açıb dedilər ki, Azərbaycanda hamı heyrətdən dondu ki, bunlar hər şeyi bilirmiş ki?!.

Onlar hər şeyi bilirlər... Amma epizodik «soyuqluq» əlamətlərinə baxmayaraq, Ermənistandakı siyasi rejimi heç vaxt «buksir»dən ayırmayacaqlar... Bu, ən azı, indiki Rusiya dövlətinin siyasətidir. Orada belə hesab edirlər ki, Rusiyanın dostu olmaq, onu müdafiə etmək Azərbaycanın borcudur...

BU İZLƏR HARASA APARIR?..

Qarşıdan fevral gəlir. Təbii ki, Xocalı soyqırımının növbəti ildönümü anılacaq. Amma bir sual vermək istərdik... Görəsən, 366-cı alay kimin olub? Bəlkə Avropanın? Və yaxud da ki, ABŞ-ın? Doğrudan da, 366-cı alay kimin olub axı?..

Heç vaxt uzağa gedən siyasi nəticələrin, ekstrapolyasiyaların tərəfdarı olmamışıq. Di gəl, deyilənə görə, Ukraynanın şərqində meyitlərin üzərində zorakılıq əlamətlərinə təsadüf olunur...

Bu nədir? Adi təsadüf, hansısa bir fərdin-vandalın törətdiyi əməl, yoxsa tanış dəsti-xətt?.. Hər halda, maraqlıdır, deyilmi?..

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG