Keçid linkləri

Təcili xəbərlər

Cəmiyyətlərin hamısı sağlamdırmı?


«Molla Nəsrəddin» - 1906
«Molla Nəsrəddin» - 1906

-

HƏLƏ SIGMUND FREUD XƏBƏRDARLIQ EDİRDİ...

Baxanda hər sənətin öz spesifikası var. O cümlədən də jurnalistikanın. «Danışırsınızsa, özünüzdən danışın. Cəmiyyətdən yazmağa, onun adından danışmağa sizə kim haqq verib?». Nisbətən böyük təcrübəsi olan elə bir yazar tapmaq olmaz ki, nə vaxtsa belə bir ittihamla və yaxud da xəbərdarlıqla rastlaşmasın...

Adətən belə hallarda nə edirik? Başlayırıq ki, cəmiyyətimiz həqiqətən də ən sağlam, ən ədalətli, ən humanist (məşhur bir filmdə deyildiyi kimi!), ən qəhrəman cəmiyyətdir...

Amma həqiqətdə belədirmi? Patologiyalar yalnız fərdlər-individlər üçün xarakterikdir, yoxsa onların kollektiv formaları da olur?

Maraqlıdır, hələ Sigmund Freud bütövlükdə cəmiyyətin sağlam olmaya bilməsi fikri ilə razılaşırdı, amma eyni zamanda da xəbərdarlıq edirdi ki, bu, çox çətin problemdir, çünki individ-fərd halında fon olur və bu fon rolunu cəmiyyət oynayır, məhz cəmiyyətə görə hansısa fərdin sağlam olub-olmaması haqda fikir yürüdürük... Həm də bu, cəmiyyətlə bağlı yeganə problem deyil. Fərd halında məsələ gedib tibbi diaqnoza və ya müalicəyə qədər çata bilir...

Amma cəmiyyətin «müalicə» olunması haqda kim göstəriş verəcək? Bunu heç təsəvvür etmək mümkündürmü?..

TARİXƏ BAXANDA...

Burada nəzəri-psixoloji girişi dayandırırıq. Ona görə ki, problem artıq qoyulub – soruşulur ki, cəmiyyət qeyri-sağlam ola bilərmi? Olarsa, bəs bu halda nə etməli, onu müalicə etmək mümkündürmü?

Çox da uzağa getməyəcəyik. Hər bir cəmiyyətin, hətta millətin tarixində elə şəxslər olub ki, onlar həqiqətən də cəmiyyətlərini «müalicə» etməyə çalışıblar və buna qismən nail də olublar...

Məsələn, Rusiya tarixində çar Birinci Pyotr məhz belələrindən idi (bəlkə də elə bu üzdən Osmanlı, eləcə də bir çox Avropa diplomatları ona «dəli Petro» ayamasını qoşmuşdular – red.). O rusları Avropaya oxumağa göndərməklə kifayətlənmirdi, hətta ilk rus zadəganlarının-boyarların saqqalını da özü kəsirdi...

Başa düşürük, söhbətin müstəbiddən başlaması belə bir fikir yaradacaq ki, bəs, bu da kral və ya çar arzusundadır...

Yox, qətiyyən belə arzuda bulunmuruq. Sadəcə, həkimlər bütün dövrlərdə eyni xəstəlikləri heç də eyni üsullarla müalicə etməyiblər - əvvəllər, tutaq ki, bitkilərlə, otlarla müalicə edirdilər, indi isə tomoqrafiya edirlər. Bircə düzəlişlə ki, müalicə olunan, demək olar ki, eyni xəstəlikdir...

İKİ FİKİR, İKİ İCTİMAİ CƏRƏYAN...

Lap aydın olsun deyə, Azərbaycanın özünün tarixi təcrübəsinə müraciət edəcəyik. Ötən əsrin əvvəlində Azərbaycanın ədəbi-ictimai tarixində «molla nəsrəddinçilər» olub və onların da başında Mirzə Cəlil dayanıb.

«Molla nəsrəddinçilər» deyirdilər ki, bəs bu cəmiyyət, ən azı, sosial və mədəni baxımdan sağlam deyil, ona görə də bütün qüvvələri ilə nadanlığı, mövhumatçılığı və geriliyi qamçılayırdılar...

Başqa bir cərəyanın təmsilçiləri - «füyuzatçılar» (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu) isə bir qədər fərqli düşünürdülər. Onlar belə hesab edirdilər ki, millətə böyüklük hissi aşılamaq lazımdır...

Bəs bu iki baxışın finalı nə oldu? Deyilənə görə, 20-ci illərin axırına yaxın Bakıya səfər edən Əli bəy Hüseynzadə (o, 1926-cı il fevralın 26-dan martın 5-dək keçirilmiş Birinci Türkoloji Qurultaya qatılmaq üçün Bakıya gəlmişdi – red.) «molla nəsrəddinçilər»ə deyibmiş ki, siz haqlı çıxdınız...

İndi bunu heç də bir ədəbi-sosioloji istiqamətin və yakonsepsiyanın digəri üzərində qələbəsi kimi təqdim etmək istəmirik, hər ikisinin öz yeri, öz önəmi var...

KİMİN YERİ BOŞ GÖRÜNÜR?

Həm də bizi bu günün cəmiyyəti-çağdaş cəmiyyət maraqlandırır. Bəzən deyirlər ki, bəs, filankəs də marginallaşıb, cəmiyyət üçün tamam anlaşılmaz adam olub...

Belə hallarda «toplumçular» birmənalı olaraq cəmiyyətin tərəfini tutur və ərz edirlər ki, bəs, yazıq filankəs, o da belə qurtardı...

Amma kim haqlıdır? Kim müqəssirdir? Kim sağlamdır? Fərd, yoxsa cəmiyyət? İnanın, bu sualın cavabı heç də həmişə birmənalı deyil. Bəzən elə olur ki, fərdi yox, cəmiyyəti müayinə etmək zərurəti yaranır...

Məsələn, indiki Azərbaycan cəmiyyətini tamam sağlam saymaq olarmı? Güman etmirik ki, Sigmund Freud və yaxud da ki, Erich Fromm buna müsbət cavab verərdi...

Belə cəmiyyətdə marginal və yaxud «qeyri-sağlam» adam statusu qazanmaqdan asan iş yoxdur. Yetər ki cəmiyyətə xarakterik onlarla keyfiyyətdən, əslində, qüsurlardan bircəciyi səndə çatışmasın...

Fərqləndinsə, vay halına, özündən küs... Hamı dodaq büzəcək və ya ən yaxşı halda «əşi, fikir verməyin, bir az başqa adamdır» – deyəcək...

Yəqin ki, burada kefli İsgəndəri xatırlamamaq günah olardı... Bəzən insanlara hər şey çox, olduqca normal görünür. Hətta düşünürlər ki, daha şeyx Nəsrullahlar yoxdur...

Amma həqiqətdə belədirmi? Əsla. Hər əsrin öz şeyx Nəsrullahları olur. İndi də ətraf onlarla-şeyx Nəsrullahlarla tamam doludur. Sadəcə, onları ifşa edən İsgəndərlər - düz eşitdiniz, kefli İsgəndərlər çatışmır, onların yeri boş görünür.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG