Keçid linkləri

.

CHURCİLL (ÇÖRÇİLL) BELƏ SİYASƏT SÖZÜNÜ SEVMİRDİ...

Bu siyasət deyilən fenomenin mahiyyəti bir tərəfə, sözün özünün də bəxti gətirməyib. İnsanlar bu sözü sevmirlər. Adi insanlar bir tərəfə, dünyanın çox böyük siyasət adamlarının da bu sözə münasibəti mürəkkəb olub...

Təsəvvür edin, hətta Winston Churchill (Uinstan Çörçill) kimi bir adam özünün siyasətçi adlandırılmasını qətiyyən sevməz, ona ictimai xadim deyəndə bundan daha xoşhal olarmış...

Elə başqaları, digər böyük siyasətçilər də buna bənzər münasibət sərgiləyiblər. Bütün ömrünü siyasətə bağlayan, bəlkə də, onlarla adam sadalaya bilərik ki, heç vaxt hakimiyyətə can atmadıqlarını, heç vaxt siyasətlə məşğul olmadıqlarını deyirdilər, halbuki bu adamlar hakimiyyət uğrunda da hamıdan çox çarpışmışdılar, vəzifə uğrunda da...

Təbii ki, siyasət deyilən prosesin mahiyyətini tam açmaqda acizik, həm də buna bütöv dünya rakursundan baxmağa çətinlik çəkirik. Daha çox Azərbaycanla bağlı demək istədiklərimiz var...

Əgər azərbaycanlılardan söhbət düşdüsə, bu vaxta qədər yalnız iki müxalifətçiyə rast gəlmişik ki, onlar siyasəti bir peşə kimi çox müsbət dəyərləndiriblər. Biri həmişə deyirdi ki, bu siyasət deyilən şey şahmat kimidir, ağılla, tədbirlə oynasan, uduzmazsan...

Digərindən isə bir dəfə soruşduq ki, peşənizi siyasətə dəyişməyinizdən peşiman deyilsiniz ki? Bilirsiniz, o, bizə nə dedi? Dedi ki, sən nə danışırsan, siyasətdən də maraqlı şey var dünyada?..

“BİZ HARA, SİYASƏT HARA?”

Amma belə hallar barmaqla sayılan qədərdir. Bu vaxta qədər rastlaşdığımız böyük əksəriyyətsə bu sözü aşkarda sevmir.

Azərbaycan bəlkə də unikal bir ölkədir. Burada hətta parlament üzvünün belə özünü siyasətçi saymaması adi haldır...

Hətta sadə insanlar da aşkarda fərqli münasibət sərgiləmirlər, onlar da daş atıb başlarını tuturlar ki, əşi, siyasət hara, biz hara?..

Onların anlamında siyasətdə mütləq konspirologiya elementləri olur, bəziləri isə bunu hətta cadugərlik kimi bir şeyə bərabər tuturlar...

Siyasətə yaxın olanların da əksəriyyəti bu sözdən ehtiyatlanır. Bu mənada Azərbaycan bəlkə də unikal bir ölkədir. Burada hətta parlament üzvünün belə özünü siyasətçi saymaması adi haldır...

Bəs, niyə belə olur? Görən, niyə insanlar aşkarda siyasət sözündən bu qədər ehtiyatlanır və nədən onlar siyasətlə məşğul olduqlarını etiraf etməyi az qala cinayət üstündə yaxalanmaq kimi bir şey sayırlar? Bəlkə ona görə ki, bu sfera bütün hallarda hakimiyyətlə əlaqəli, bağlı olur?..

O YERDƏ Kİ, İŞLƏR QAYDASINDA DEYİL...

Dəqiq cavabını bilmirik. Bizim bir qədər fərqli qənaətimiz var. Düşünürük ki, o yerdə ki siyasət qaydasında deyil, o ölkədəki vəziyyət bir az, necə deyərlər, başqa cürdür, təbii ki, orada insanlar siyasət sözünü aşkarda sevmir...

Necə ki uşaqlar “Mən haradan gəlmişəm, necə yaranmışam?”- deyə soruşanda “Səni hacıleylək gətirdi!”- cavabını verirlər, “Ata, bu pullar haradandır?” soruşulanda da “Allah baba göndərib!” deyirlər...

Amma məşhur bir filmdə deyildiyi kimi: “o şey ki firənglərdə aşikarda olur, bizdə gizlin baş verir...”.

Ona görə də bu, heç də o demək deyil ki, belə ölkələrdə siyasətlə məşğul olmurlar. Yox, məşğul olurlar, özü də hamıdan çox məşğul olurlar, çünki belə ölkələrdə siyasət həyatın bütün sferalarına yoluxur...

Bu, təxminən seks (üzr istəyirik!) kimi bir şey olur - əslində, hamı onunla məşğul olur, amma heç kim bunu etiraf etmir. Necə ki uşaqlar “Mən haradan gəlmişəm, necə yaranmışam?”- deyə soruşanda “Səni hacıleylək gətirdi!”- cavabını verirlər, “Ata, bu pullar haradandır?” soruşulanda da “Allah baba göndərib!” deyirlər...

“SİYASƏT”İN GÜCLÜDÜRSƏ...

Çox asanlılqla inanarıq ki, məsələn, Amerikada çoxlu adamlar var ki, onlar siyasətdən bilavasitə uzaqdırlar, çünki demokratik ölkələrdə siyasətin nüfuz sferası bir qədər məhdud olur...

...bir rusiyalı politoloq yazmışdı ki, postsovet məkanında hansı partiyanı yaradırsansa-yarat, axırda gəlib kommunist partiyası alınacaq...

Amma qeyri ölkələrdə belələrinin çox olmasına qətiyyən inana bilmirik, çünki belə ölkələrdə “siyasət işlətməsən” ayaq üstündə dura bilməzsən, hər bir adamın mövcud şəraitə uyğunlaşmaq qabiliyyəti onun “siyasət”indən asılı olur, uyğunlaşa bildinsə, deməli, “siyasət”in güclüdür, uyğunlaşa bilmədinsə, onda necə deyərlər, özündən küs...

O üzdən hamı “siyasət işlədir”, amma heç kim bunu etiraf etmir. Qeyd etdiyimiz ölkələrdə hətta adi bir sənət adamı və yaxud adicə müəllim siyasətdə bəlkə də lap ABŞ konqresmeninə “doqquz” gələr ...

Bu cür ölkələrdə heç nə alınmamasının səbəbini, normal quruluşla cəmiyyətin olmamasının səbəbini də elə onunla izah edərdik ki, burada hamı siyasətə qurşanır - hamı cəmiyətdə öz yerini və statusunu peşəkarlığı ilə deyil, “siyasət”ilə təmin edir...

Amma heç kim bunu etiraf etmir, çünki belə ölkələrdə siyasət təmiz deyil, o, çox bulanıq və qüsurludur. İnsanlar bunu bilirlər, amma nə edəsən ki, ümumi oyun qaydaları belə müəyyənləşdirilib...

LAP MƏŞHUR RUS OYUNCAĞI KİMİ...

Oyun qaydaları isə çox mühüm anlayışdır. Təsadüfi deyil ki, total siyasət şəraitində kiçik miqyaslardakı siyasət böyük siyasətin, sadəcə, bir neçə dəfə kiçildilmiş forması kimi təzahür edir, elə “kiçik” adamlar da “böyük” adamların kiçik “kopiya”sı olur...

Çünki siyasət hər şeyə nüfuz edəndə o, qaydasız döyüşə, necə deyərlər, badalaq gəlməyə bənzəyir - irəli getmək üçün badalaq gəlməyi bacarmalısan, yoxsa bir gün görərsən ki, tamam ayaqlar altındasan...

Bu, məşhur bir rus oyuncağını xatırladır. Bəzən deyirlər ki, hər bir cəmiyyət onu idarə edən siyasi sistemə layiqdir, çünki dövlət cəmiyyətdəki orta statistik özəklərin bir qədər böyüdülmüş şəklidir.

Burada bir məşhur filmin adını çəkmək istərdik. Onu çox göstərirlər. Təbii ki, o, hətta milli klassika ola biləcək səviyyədə elə güclü film deyil, amma maraqlıdır. Söhbət “Böyük dayaq” filmindən gedir. “Rüstəm kişi” obrazı yadınızdadırmı? Həmin orta statistik kolxoz sədri Rüstəm kişi evini necə idarə edirdisə, kolxozu da həmin qaydada idarə etməyə çalışırdı...

Burada başqa bir detal da yada düşür: bir rusiyalı politoloq yazmışdı ki, postsovet məkanında hansı partiyanı yaradırsansa-yarat, axırda gəlib kommunist partiyası alınacaq...

Bəlkə elə məhz buna görə, belə quruluşlarda böyük hesabla heç nə alınmır? Çünki siyasət hər şeyə nüfuz edəndə o, qaydasız döyüşə, necə deyərlər, badalaq gəlməyə bənzəyir - irəli getmək üçün badalaq gəlməyi bacarmalısan, yoxsa bir gün görərsən ki, tamam ayaqlar altındasan...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG