Keçid linkləri

Təcili xəbərlər

Erdogan tvitterdə yazmağa başlayır


“Sosial media düşməni” kimi tanınan Türkiyə prezidentinin ilk yazısı siqaretin tərgidilməsi haqda çağırışdır

- Bu tvit çoxlarını təəccübləndirib. Çünki onun müəllifi Recep Tayyip Erdoğan sosial medialara qarşı kəskin çıxışları ilə tanınır. Kolumbiyada rəsmi səfərdə olan Türkiyə prezidentinin göndərdiyi ilk tvit @RTE—Erdogan hesabının məhz ona məxsus olduğunu prezident administrasiyası təsdiq edib.

Beynəlxalq antitütün gününə təsadüf etmiş ilk tvitində Erdogan həmvətənlərini bu zərərli adətdən yaxa qurtarmağa çağırıb.

“Sigaraya Teslim Olma” - yazıb prezident və RTE imzasını qoyub.

Xəbər verilir ki, bu hesabı əvvəlcə prezidentin tərəfdarları açıblar, lakin indi onun idarə olunmasını administrasiya öz üzərinə götürüb.

Erdoğan “Twitter kimi boş şeyə” vaxt tapdı

Mətbuat yazır ki, Türkiyədə başqa siyasətçilərin Twitter hesabları çoxdan var və onlardan biri də baş nazir Ahmet Davutoğludur.

Recep Tayyip Erdoğana gəlincə isə o, elə 2014-cü ildə “Twitter kimi boş-boş şeylərə vaxtı olmadığını” demişdi.

O sosial medianı “qatil əlindəki bıçağa” bənzətmişdi.

Türkiyə hökuməti Twitter və YouTube saytlarını 2014-cü ildə bloklasa da sonradan Konstitusiya Məhkəməsi bu qərarın qanunsuz olduğu barədə hökm çıxasrmışdı.

Maraqlıdır ki, bu xəbərlə eyni vaxta təsadüf edən başqa bir hesabatda Türkiyə anti-Twitter lideri elan edilib.

Twitter-in şəffaflıq hesabatı

Twitter -in ötən il üçün hazırladığı şəffaflıq hesabatında hökumətlərin tvitləri internetdən sildirmək üçün ricalarının statistikası verilib.

Hesabatda deyilir ki, ümumiyyətlə qlobal miqyasda tvitlərin silinməsi üçün hökumət ricalarının sayı kəskin artıb.

Xəbər verilir ki, 2014-cü ilin son 6 ayı ərzində müxtəlif hökumətlər 7144 istifadəçi barədə şəxsi informasiya almaq üçün Twitter-ə 2871 müraciət ediblər.

Twitter bu müraciətlərdən 52 faizinə müsbət cavab verib.

Hökumətləri ən çox tvit sildirən ölkələr arasında Türkiyə 477 rica ilə birinci yerdədir.

Rusiya hökuməti tvitlərin silinməsi üçün 91 müraciət edib.

Üçünücü yerdə 43 müraciətlə Almaniya gəlir.

Tvitlərin silinməsi üçün 2014-cü ildə ABŞ-dan 32, Britaniyadan 22, Fransadan 35 müraciət daxil olub.

Hökumətlər tvit edənləri tanımaq istəyir

Hesabatda tvitləri sildirmək yox, onlar barədə informasiya almaq üçün edilən müraciətlərin də statistikası aparılıb və ABŞ bu kateqoriyada 1622 müraciətlə birinci yeri tutub.

Hökumət bunun antiterror əməliyyatları üçün zəruri olduğunu bildirib.

Rusiya hökuməti də Twitter-dən narazıdır. Moskva bildirib ki, mikrobloqlar şəbəkəsi Rusiyanın qanunvericiliyini dəfələrlə pozub.

Rusiyanın sosial mediaya dair yeni qanunları sosial şəbəkələrdə 3000-dən artıq davamçısı olanların dövlət qeydiyyatından keçmələrini tələb edir.

Twitter ABŞ-a cavab verir, Rusiyaya yox

Rusiyanın Rabitə Nazirliyi Twitter-in administrasiyasına şikayət ərizəsi ilə müraciət etməyi planlaşdırır.

Moskva narazılıq edir ki, Twitter ABŞ-ın bütün müraciətlərinə cavab versə də, Rusiyanın müraciətlərini əksər hallarda qulaqardına vurur.

Rusiya rəsmiləri deyirlər ki, Twitter hesab sahibləri barədə məlumat üçün 2014-cü ildə ABŞ-ın az qala 3000 müraciətinə cavab verdiyi halda, Rusiyanın bir ricasını da icra etməyib.

Twitter bildirib ki, bu müraciətlərin böyük bir qismi Ukrayna hadisələri ilə bağlı anti-Rusiya mövqeyində olan hesabların bağlanması barədə olub.

Xəbər verilir ki, Twitter 2014-cü ildə Türkiyənin 356 müraciətindən heç birinə müsbət cavab verməyib.

Ümumilikdə isə Twitter-ə müxtəlif hökumətlərin müraciətləri son bir ildə 83 faiz artıb.

XS
SM
MD
LG