Keçid linkləri

-

BU DOĞRUDANMI SONUNCU ŞANS İDİ?

Almaniya kansleri və Fransa prezidenti rusiyalı həmkarları ilə görüşəndən sonra maraqlı bir açıqlama verdilər. Onlar dedilər ki, bu, bəlkə də sonuncu şans idi...

Böyük siyasətin adamları çox nadir hallarda öz hisslərini büruzə verirlər. Ona görə də, bu qısa bəyanat prosesin gedişi ilə bağlı tam təsəvvür yaradır: o da budur ki, bütün səylərə baxmayaraq proses irəliləmir...

MİNSK NÖVBƏTİ DƏFƏ GÜNDƏMƏ GƏLDİ...

Bu sətirlər yazılanda Minskdə daha bir görüş planlaşdırılırdı. Siyasi leksikaya «Minsk prosesi» adı ilə daxil olan bu görüşlərin özəlliyi ondadır ki, burada bilavasitə münaqişə tərəflərinin təmsilçiləri də iştirak edirlər...

Amma məsələnin qəlizliyi də bundadır. O şeyi ki Azərbaycana illərlə qəbul etdirmək istədilər (tanınmayan Dağlıq Qarabağ Respublikasının təmsilçiləri ilə görüşmək), amma edə bilmədilər, Ukrayna buna dərhal razılıq verdi - tanınmamış respublikaların təmsilçiləri ilə görüşdü... Düzdür, bu formatın nə qədər uğurlu olub-olmaması bundan sonra bilinəcək. Amma bu «respublikalar» Rusiyanın bilavasitə iştirakı ilə elan edilən qurumlardır. Bunu Ukrayna liderləri də dəfələrlə bəyan ediblər, döyüşlərdə Rusiya əsgər və zabitlərinin iştirakına dair onlarla fakt nümayiş etdiriblər. Amma yenə də bu formata razılıq verdilər...

ONLAR HƏQİQƏTƏN FEDERASİYA İSTƏYİRLƏR?

Böyük dövlətlər Ukraynanın şərqindəki qondarma respublikaların tərəfdarlarını münaqişə tərəfi kimi tanımır, onlar münaqişənin Rusiya ilə Ukrayna arasında getdiyində israr edirlər. Rusiya özü isə onları - tanınmayan respublikaların tərəfdarlarını «federalistlər» adlandırır.

Amma bu qüvvələr elə ilk baxışda federalizmdən və demokratiyadan çox uzaq qüvvə təsiri bağışlayırlar.

Əslində, onların tələbləri heç özlərinə də aydın deyil, o səbəbdən ki Moskvanın özündə belə bununla bağlı hələ aydınlıq yoxdur...

İlk dəfə «federalist» sözünü eşidərkən yazdıq ki, çox gözəl. Ona görə ki dünyanın ən güclü dövlətləri federal dövlətlərdir. Amma gəlin baxaq. Ukrayna bir tərəfə, Azərbaycan artıq 20 ildən çoxdur Dağlıq Qarabağa ən yüksək muxtariyyət təklif edir. Onlar bununla razılaşırmı?..

Rusiyapərəst separatçıların lideri Alexander Zakharchenko

Rusiyapərəst separatçıların lideri Alexander Zakharchenko

Razılaşmırlar. Ona görə razılaşmırlar ki, rəsmi Moskva buna «hə» demir. Elə bu səbəbdən də Ukrayna separatçılarına «federalist» demək, əslində, onlara siyasi kompliment söyləmək, bu ölkələrin haradasa Ukraynaya bağlı olduğunu vurğulamaq olardı...

MÜNAQİŞƏNİN İKİ MƏRHƏLƏSİ...

Maraqlıdır ki, prosesin lap başlanğıcında bir nəfər soruşmuşdu ki, onun gedişini necə təsəvvür edirsən? O vaxt dedik ki, bu da çox üzücü münaqişə olacaq...

İndi də bu fikirdəyik. Amma yenə də suallar adama rahatlıq vermir. Doğrudanmı, heç bir ümid yoxdur? Burada iki detalı bir-birindən ayırmaq lazımdır.

Birincisi, döyüş əməliyyatlarının dayandırılması, atəşkəs rejiminin bərqərar olmasıdır. Bu qısa müddət ərzində tərəflər bir neçə dəfə buna cəhd göstəriblər. Di gəl, dayanıqlı bir nəticə alınmayıb, atəşkəs dərhal pozulub...

Atəşkəs rejiminin bərqərar olmasının bir Azərbaycan təcrübəsi də var. Azərbaycan nə etdi? Öz ərazisinin bir hissəsindən tamam çəkildi. Ermənistan isə Qarabağın hərbi işğalını başa çatdırdı.

İndi Azərbaycan düz 22 ildir ki, vəziyyəti düzəltməyə çalışır. Amma buna nail ola bilmir ki, bilmir...

Donetskdə separatçıların tankı - 1 fevral 2015

Donetskdə separatçıların tankı - 1 fevral 2015

İstəməzdik ki, Ukrayna da bu acı təcrübəni təkrarlasın. Ən azı ona görə ki, Rusiyanın planlarında Ukrayna üçün hansı yer ayrıldığı hələ məlum deyil. Bu ölkə və onun dəstək verdiyi separatçı qüvvələr zəncirvarı olaraq prosesi digər regionlara yaymayacaqlar ki?.. Təəssüf ki, bu sualların birmənalı cavabı yoxdur.

İkinci məsələ münaqişənin siyasi həllinin tapılmasıdır. Amma bu da müşkül məsələdir. Ən azı ona görə ki, tərəflərin siyasi məqsədləri cilalanmayıb.

Bunu xüsusən separatçı qüvvələr haqqında demək lazımdır. Bir daha qeyd etməyə məcburuq ki, bu qüvvələr müstəqil deyillər, onlar tamamilə rəsmi Moskvadan asılı qüvvələrdir...

BÖYÜK GÜCLƏR VƏZİYYƏTİ BİLİR, AMMA...

Demək olmaz ki, böyük güclər bunun fərqində deyil. Yox, onlar prosesi detallarına qədər bilirlər. ABŞ Ukraynaya hərbi yardım göstərilməsində israr edir. Almaniya bir qədər tərəddüd içində qalıb. Amma başqa çıxış yolu varmı? Hətta diplomatiyanın uğurlu olması da əhəmiyyətli dərəcədə hərbi gücdən asılı məsələdir.

Üstəlik, hərbi gücün özü də bir qədər aydınlıq istəyir. Keçmiş Yuqoslaviya ilə bağlı münaqişələrdə də Rusiya maraqlı tərəf idi. Amma son anda NATO bu psixoloji baryeri dəf edə bildi. Belə bir addımı indi də atmağın vaxtı deyilmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG