Keçid linkləri

-

TEATR GÜNÜ ƏRƏFƏSİNDƏ...

Bu həftə çox maraqlı gün qeyd olunacaq. Martın 27-də teatrsevərlər Ümumdünya Teatr Gününü qeyd etməklə ayı başa vuracaqlar. Həyatda teatrın rolu olduqca böyükdür. Bu söz insanların düşüncə dünyasına o qədər hopub ki, qeyri-adi bir şey baş verəndə, o dəqiqə «bu ki lap teatr oldu» sözlərini dilə gətirirlər...

Elə bizi də teatrın bu tərəfi maraqlandırır və siyasətə teatr prizmasından baş vurmağa çalışacağıq...

Bu, elə də qeyri-adi bir şey deyil. Dəfələrcə «bir adamın teatrı» adlandırdığımız Azərbaycan siyasətinin elə özəllikləri var ki, hətta ən peşəkar teatr adamını da məəttəl qoyar.

SİYASƏTÇİLƏRİN FANTAZİYASI...

Siyasətçilər heç də həmişə adamların xoşuna gəlməyə çalışmasalar da, bir məsələni heç vaxt diqqətsiz qoymurlar - cəmiyyətə qarşı xeyli etinasız olan siyasətçilər də adamların «damarını tutmağı» sevirlər...

Amma bizi həmişə bir məsələ maraqlandırıb: onlar öz fantaziyalarına nə qədər meydan verə bilərlər?

Burada bir detalı diqqətdə saxlamaq yetər - rəsmi Bakının dünya və bölgə siyasəti barədə ritorikasını....

SOYUQ SAVAŞ, DEYƏSƏN, BİTİB AXI...

Bir vaxtlar soyuq müharibə və onun soyuq və birqiymətli məntiqi vardı. O vaxtlar hər şey aydın idi – «biz və onlar», «bizimkilər və onlar» kimi siyasi qəliblər formalaşmışdı.

İndi o vaxtlar deyil, amma sanki yenə qəliblər çərçivəsində qalırıq: Dünya bizim üçün indi də Qərbdən və Rusiyadan, Qərbdən və İrandan ibarətdir. Düzdür, siyahını uzatmaq da olar...

Amma məsələ bunda deyil. Adi «qərb» sözünü götürsək, o nə qədər geniş və çoxmənalıdır. Təəssüf ki, rəsmi Bakı bir çox hallarda bunun fərqinə varmır və daim Qərbə qarşı opponentlik etməyə çalışır...

Bəs ölkənin içində, dövlətin öz vətəndaşlarına münasibətində necə, ədalət, vahid standart vəhüququn aliliyi lazım deyilmi? Bəlkə bunlarsız keçinmək və ölkə daxilində siyasəti, az qala, «qaydasız döyüş»ə çevirmək daha sərfəlidir?

DÜNYADA ƏDALƏTSİZLİK VAR, AMMA...

«Dünya ədalətsizdir, bu dünyada ikili standartlar var, beynəlxalq hüquq güc qarşısında acizdir, bizdə bir şey olanda səs-küy salırlar, amma özləri heç bir ölçü-filan bilmirlər»....

Bu rəsmi Bakının tez-tez işlətdiyi siyasi şablonlardır. Demirik ki, bütövlükdə bu sözlərdə həqiqət yoxdur. Amma siyasi spekulyasiya da göz önündədir.

Bu sözləri səsləndirmək üçün mənəvi haqq da lazımdır - rəsmi Bakının arsenalında çatışmayan bir şey.

O sözləri dinləyənlərdə dərhal suallar doğur: Bəs ölkənin içində, dövlətin öz vətəndaşlarına münasibətində necə, ədalət, vahid standart vəhüququn aliliyi lazım deyilmi? Bəlkə bunlarsız keçinmək və ölkə daxilində siyasəti, az qala, «qaydasız döyüş»ə çevirmək daha sərfəlidir?

Dünya əslində çox aydın bir durumdadır. Hər yerdə, hər şeydə insan və onun haqları önə çəkilir. Tez-tez gileylənirik ki, Qərb dövlətləri Ukrayna və onun ətrafında baş verən proseslərdə daha düzgün mövqe tutdu.

Amma Qərbdə heç kim Ukraynanın öz bölgələriylə danışıqlar apararaq onların səlahiyyətləri artırmasının əleyhinə deyil. Hətta Ukraynanın federativ dövlətə çevrilməsinə də qarşı çıxmırlar...

Etiraf edirik ki, dünyada etnik azlıqlara ayrıca diqqət var. Bu da, bir az əvvəldə qeyd etdiyimiz kimi, insan hüquqları ilə bağlı məsələdir...

Tutaq ki, rəsmi Bakı indi Ermənistanda qalan tarixi Azərbaycan torpaqlarını dilə gətirməkdə səmimidir. Olsun. Bəs onda Rusiya Federasiyasında qalan Dərbəndin adını niyə çəkmirlər?

RƏSMİ BAKININ QARABAĞ RİTORİKASI...

Elə buradan rəsmi Bakının Dağlıq Qarabağ probleminə dair ritorikasına keçək. Qarabağ problemi həll olunmalıdır. Gec, ya tez bunu edəcəklər. Daha doğrusu, ilk növbədə Azərbaycan özü bunu edəcək...

Amma Bakının indiki ritorikası, yumşaq şəkildə desək, buna xidmət etmir, problemin həlli yolunu asanlaşdırmır. İrəvan (Yerevan) keçmişdə Azərbaycan torpağı olub. Heç kim bununla mübahisə etmir. Amma bu, artıq keçmişdə qalıb və bu məsələnin indi dilə gətirilməsi, əslində, rəsmi Ermənistanın dünyaya aşılamaq istədiyi siyasi tezislərə fundament verir: azərbaycanlılarla barışığın əleyhinə olan Ermənistan urapatriot və millətçiləri də daim aşılamağa çalışırlar ki, indən belə azərbaycanlılarla ermənilərin bir yerdə yaşaması mümkün deyil....

Amma azərbaycanlılarla ermənilər bir yerdə yaşamağa məhkumdurlar, həm qonşuluqda, həm də bir dövlətin içində...

BƏS DƏRBƏND? BƏS TƏBRİZ?

Biz həmişə anlamağa cəhd edirik. O cümlədəndə rəsmi Bakının ritorikasını. Hətta bunda bir səmimiyyət də arayırıq. Tutaq ki, rəsmi Bakı indi Ermənistanda qalan tarixi Azərbaycan torpaqlarını dilə gətirməkdə səmimidir. Olsun.

Bəs onda Rusiya Federasiyasında qalan Dərbəndin adını niyə çəkmirlər? Niyə bircə dəfə də İran Azərbaycanı haqqında danışmırlar? Bunu ortastatistik azərbaycanlı duymur yəni?..

Elə bu səbəbdən yazının əvvəlindəki teatr söhbətinə qayıdırıq. Bu, həqiqətən də teatrdır. İstərsiniz adını «Böyük Teatr» qoyun, istərsiniz «Kiçik...». Fərq etməz, axı olur ki, hətta adlar da mahiyyəti dəyişmir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG