Keçid linkləri

-

SOVETLƏŞMƏ AYI...

Bir vaxtlar aprel Azərbaycanda «sovetləşmə» ayı idi. Aprelin 20-dən sonra ard-arda N.Nərimanovun, Vladimir Leninin, sonra da Azərbaycanda sovet hakimiyyətinin (28 aprel) doğum günləri gəlirdi.

Amma sovetlər dönəmində bir gün də aprelin payına düşürdü - qeyri-rəsmi və yarızarafat-yarıciddi «aldatma günü» adlanan «1 aprel» günü. O gün gəldimi, özəlliklə uşaqlar ehtiyatlı davranmağa çalışardılar, axı başlarına çox məzəli işlər gələ bilərdi...

İndi də 1 aprelə, elə ovaxtkı kimi, «aldatma günü» deyirik. Hərçənd, Dünya Gülüş Günü sayılır. Amma bəlkə də yaş artıq o yaş olmadığından, dönəmin acı sürprizlərinə görə mısmırıq salladığımızdan və yaxud başqa bir səbəbdən daha bu gün nə aldatmağa meyllənirik, nə də gülməyə...

Elə bu üzdən 1 aprel bizə başqa baxımdan maraqlı göründü. Düşündük ki, kaş, insanlar ildə cəmi bircə gün yalan danışaydılar... Hakimiyyətlərə gəlincə, kaş, onlar da, heç olmasa, ildə bircə gün doğru-dürüst davrana, doğru-dürüst danışaydılar. Bu, heç də asan məsələ deyil, xüsusən Azərbaycan kimi ölkələrdə...

SİYASƏT ELƏ BELƏ OLUR?..

Bəzən adamda sual doğur ki, böyük siyasət elə həqiqətən belə olur, yoxsa onun haqqında təsəvvürlərimizi korlayıblar?

Belə baxanda, siyasətdə yalan və səmimiyyətsizlik hər yerdə olur. Amma bu qaydanın istisna deyil, az qala, normaya çevrildiyi ölkələr var. Belə ölkələrdə siyasətçilər özlərinə əziyyət verib doğru danışmağa çalışmır, düşünürlər ki, onlar insanlara eşitmək istədiklərini söyləyirlər...

Uzağa getmək lazım deyil. Son bir ayda nələr baş verdi? Manat dəyər itirdi və qiymətlər artdı. Amma əvvəl nə deyirdilər? Deyirdilər ki, dünyada böhran olsa da, xüsusən neft ucuzlaşsa da, ölkə iqtisadiyyatı sabitliyini qoruyur. Əhalini də əmin edirdilər ki, vəziyyət nəzarətdədir, heç bir böhran-filan olmayacaq...

Kaş, hakimiyyətlər də, heç olmasa, ildə bircə gün doğru-dürüst davrana, doğru-dürüst danışaydılar. Bu, heç də asan məsələ deyil, xüsusən Azərbaycan kimi ölkələrdə...

Amma bir-iki həftədən sonra dedilər ki, manatın bahalığı ixrac əməliyyatlarını çətinləşdirir, ona görə manatı tədricən ucuzlaşdırmaq lazım gələcək. Di gəl, dəyərsizləşmə tədricən olmadı və bircə günün içində manat, azı, 30 faiz dəyər itirdi...

İndi də deyirlər ki, daha böhran tədbirləri olmayacaq və əhaliyə ziyan vurulmayacaq. Nə edək? İnanmaqdan başqa çıxış yolu var? Bu, bəlkə də, ölkədəki «yalan dövriyyəsi»nin xırdaca bir detalıdır...

Hətta bunu eşidənlər deyə bilər ki, nə olsun, bütün dünyada belədir; hökumətlər əvvəlcə cəmiyyəti sakitləşdirir, daha sonra da sərt iqtisadi siyasət yürüdürlər...

Olsun. Belə düşünək ki, hökumət bunu zərurətdən edir. Amma başqa məsələlər necə olsun? Onlar haqqında da yalan danışmaq normal haldırmı?

SƏRİŞTƏSİZ DOĞRUÇULAR VƏ SƏRİŞTƏLİ YALANÇILAR...

Bir az əvvələ qayıtmaq istərdik. Ötən əsrin 92-93-cü illərində hakimiyyət həqiqətən səriştəli deyildi, böyük səhvlərə yol verirdi... Amma yaxşı işləri də vardı. Düzdür, yalan danışa bilmədiklərindən yaxşı işləri də kölgədə qalırdı...

93-cü ildə vəziyyət dəyişdi. Hakimiyyətə sovet məktəbinin yetişdirdiyi keçmiş siyasi qüvvə gəldi. Yalan danışmaq onlara problem deyildi. Əksinə, onlardan ötrü problem doğru danışmaq idi. Beləcə, yenidən, elə sovetlərin vaxtında olduğu kimi, yalan dövriyyəsi işə düşdü...

Burada ən ağrılısı o oldu ki, cəmiyyət özü də bu prosesə qoşuldu. Bəzən buna şəxsiyyətin ikiləşməsi deyirlər - insanlar bir şeyi düşünür, amma tam başqa şeyi danışır və ya tam başqa cür görünürlər...

İndi yalan eşitmək üçün televizorun düyməsini basmaq, yalan oxumaq üçün də rastına çıxan ilk qəzeti səhifələmək yetər...

Çox qısa müddət - təxminən 4-5 il insanlar doğru danışmağa, televiziyalar doğrunu göstərməyə, qəzetlər doğrunu yazmağa çalışdılar. Bəlkə də bu proses 4-5 il deyil, bir qədər uzun çəksəydi, hər şey qaydasına düşərdi...

Amma işin tərsliyindən uzun çəkmədi bu dövr. İndi yalan eşitmək üçün televizorun düyməsini basmaq, yalan oxumaq üçün də rastına çıxan ilk qəzeti səhifələmək yetər...

O üzdən «1 aprel» mənasını itirdi - hakimiyyət də, insanlar da hər gün yalan danışmağa başladılar. Elə bu səbəbdən «1 aprel»in fərqli məna daşımasını istərdik. İstərdik ki, ildə, heç olmasa, bircə gün - tutaq, elə aprelin 1-də doğru və dürüst danışmaq şərt olaydı...

İNSANLAR NİYƏ YALAN DANIŞIRLAR?

Bəzən «yalanı qorxu törədir» deyirlər, amma inandırıcı deyil. Axı, az da olsa, doğru danışmağa can atanlar var və... Və onları buna görə dərhal asıb-kəsmirlər, öldürmürlər... Elə bu səbəbdən, bəzən, adama elə gəlir ki, bu da bir vərdişdir. Yeri gəldi-gəlmədi, hakimiyyətə tərif qoşmaq da, canını-malını ona «fəda etmək» də bir vərdişdir...

Bu vərdiş insanlara, onsuz da, 70 il aşılanmışdı. Nitqlər söyləmək, bəlağətli sözlər demək, təriflər yağdırmaq, xarici dövlətlərin, kapitalistlərin qarasınca deyinmək vərdişə çevrilmişdi...

Bir az əvvəldə ərz etdik ki, müstəqillik dönəmində də bu vərdişi tərgitmədik, axı «yuxarılar» elə həmin adamlar idi. Onlar da, elə əvvəlki kimi, itaət, əvvəlki kimi minnətdarlıq və tərif, elə əvvəlki kimi də «səmimiyyət» tələb edirdilər.

İndi baxıb görürsən ki, 92-93-cü illərin hakimiyyətini insanlar anlamadı, o hakimiyyətin nə istədiyini yəqinləşdirə bilmədilər. Cəmi bircə ildən sonra da hər şeyə «aydınlıq» gətirildi...

Arada «1 aprel günü» də adıbədnam oldu. Guya, insanlar yalnız həmin gün, yəni ildə bir dəfə - aprelin 1-də yalan danışa bilərdilər. İnanaq?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG