Keçid linkləri

-

GÖRÜNMƏYƏN ADAM...

Külək, əslində, heç nəyi ayırmır, ağına-bozuna baxmadan hər şeyi qabağına qatıb qovur. Bakı da küləklər şəhəridir. Amma Bakı indi taleləri, yolları ayırır.

Rusiyalı kinorejissor Nikita Mikhalkov-un Bakıya gəldiyini və rejissorlara ustad dərsi keçdiyini eşidəndə, ağlıma gələn ilk fikir də bu oldu. Düşündüm ki, bu səfərdə kimsə, nəsə çatmır... Elə telesüjetdə də həmin o çatmayan epizodu axtarmağa girişdim, amma o, yenə görünmədi...

Kim idi o görünməyən adam? Bir ipucu verim: N.Mikhalkov-la onun münasibətlərinin pozulması haqqında da danışırdılar. Və bəlkə o görünməyən adam elə buna görə «yox»a çıxmışdı?..

Qərəz, kim idi o adam? O, «Səhranın bəyaz günəşi»ndən, «Bir cənub şəhəri»ndən, «Günəşdən usanmışlar»dan tanıdığımız və sevdiyimiz Rüstəm İbrahimbəyov idi...

ONU TANIYIRIQMI?

Burada «tanıdığımız» sözünü işlətdim, amma bircə anlığa duruxdum: biz onu gerçəkdən tanıyırıqmı?

Sovet dönəmində, elə sonralar da ruslar arasında bir deyim dolaşırdı: «Xalis rus filmi bircə dənədir - «Səhranın bəyaz günəşi»... Di gəl, onun da ssenarisini rus yox, azərbaycanlı yazıb!..».

...Elə bu vaxta qədər gerçək Bakı haqqında da bir xalis film çəkilib - «Bir cənub şəhərində»... Onun da ssenarisini İbrahimbəyov yazıb...

Yox, biz onu hələ də tanımırıq. Əslində, onu tanımağa macal tapmadıq. İmkan vermədilər buna. Hələ də düşünürük ki, onu bu ölkədə yaxşı qarşılamadılar, yaxşı münasibət göstərmədilər... Və o da inciyib nəhs bir ildə - 2013-cü ildə siyasətə gəldi...

Sovet dönəmində, elə sonralar da ruslar arasında bir deyim dolaşırdı: «Xalis rus filmi bircə dənədir - «Səhranın bəyaz günəşi»... Di gəl, onun da ssenarisini rus yox, azərbaycanlı yazıb!..».

BİR AZ GÜLMƏLİ, BİR AZ AĞLAMALI...

Bu, bir az gülməli, bir az da ağlamalı idi. Onun siyasətə gəlişi bəlkə kimdəsə hansısa ümidlər yaratmışdı, amma mənə məzəli görünürdü...

Niyə? Axı şəxsən mənə siyasətçi Rüstəm İbrahimbəyov deyil, rejissor və ssenarist İbrahimbəyov lazım idi...

Düşünürdüm ki, o, Bakıda maraqlı kino layihələri gerçəkləşdirəcək. Şəhərin üzücü, darıxdırıcı ab-havası, azacıq da olsa, təzələnəcək. Ona görə belə deyirəm ki, ZoriBalayansayağı film və sənədli verilişlər adamı bezdirib. Demirəm ki, onların hamısı gərəksizdir, onu deyirəm ki, bu işlərin faydası hələ də aydın deyil. Anlamaq olmur ki, belə film və verilişlərlə nəyi və ya kimi təbliğ-təşviq etmək istəyirlər?

Qərəz, İbrahimbəyovun maraqlı layihələri vardı. Biri yadımdadır, polyak rejissoru Krzysztof Zanussi-ni dəvət etmişdi Bakıya. Amma ən maraqlısı kino evi ilə bağlı deyilənlər idi. Təəssüf ki, həmin kino evi tikilmədi...

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

BU BOYDA ŞƏHƏRDƏ ŞƏHƏR AXTARIRSAN...

Adamlar var ki, onlar Bakıda olanda Bakı şəhərə oxşamağa, şəhərə bənzəməyə başlayır. Amma başqa vaxt düşürsən bu şəhərin canına, pay- piyada ora vurursan özünü, bura vurursan... Di gəl, bu boyda şəhərdə gizlənmiş (yoxsa gizlədilmiş?) şəhəri tapa bilmirsən...

Nikita Mikhalkov-u çox yüksək səviyyədə qarşıladılar. Düz də elədilər. Kişi Rusiya Kinematoqrafçıları Birliyinin başçısıdır. Amma bu nəhənglikdə elə özümüzün də kino adamımız var - Rüstəm İbrahimbəyov...

TÜRKMƏNİSTANDA PREZİDENT OXUMAĞA BAŞLADI...

Bilirsiniz, avtoritar hakimiyyətlər çox qəribə şeydir. Bir dəfə eşidəndə ki, Türkmənistan prezidenti oxumağa başlayıb, buna zərrəcə təəccüblənmədim...

Adamlar var ki, onlar Bakıda olanda Bakı şəhərə oxşamağa, şəhərə bənzəməyə başlayır.

Bu adamları hər gün o qədər tərifləyirlər ki, onlar hamıdan istedadlı olmalarına inanmağa başlayırlar. İnanırlar ki, Tanrının seçdiyi bəndələrdir. Demək, oxusalar, hamıdan yaxşı oxuyar, şəkil çəksələr, hamıdan yaxşı çəkər, hətta istəsələr, kino işini də hamıdan yaxşı bilərlər...

Ona görə də, avtoritar ölkələrdə İbrahimbəyov kimi adamlara yer tapılmır. Bəlkə də kimsə onu məndən yaxşı tanıdığını düşünür. Ola bilər. Belə iddiam yoxdur və ola da bilməz..

Siyasətçi İbrahimbəyova münasibətimi söylədim. Bəlkə elə «o biri İbrahimbəyovlar» da belədir - bütün bəndələr kimi qüsurlu, bir az paxıl, bir az da tamahkar...

Bunda işimiz yoxdur, axı məni bir İbrahimbəyov maraqlandırır - kino adamı, sənət adamı İbrahimbəyov!.. O sənət adamı ki onu da bu gün rejissorlar, artistlər arasında görmək istərdik. Amma görmədik. Böyük ehtimalla, görünməsi «məsləhət deyil»miş...

KÜLƏKDƏ AĞACLAR ƏYRİ BİTİR...

Sənətçilər Tanrının ən xoşbəxt insanlarıdır. Onlar Tanrınınxoş vədəsində doğulurlar. Bir daha deyirəm: Siyasətçi İbrahimbəyov haqqında fikrim, bəlkə də, qıcıq yaradacaq. Məsələn, ona görə ki, Fransada ermənilərin «soyqırımı» iddialarını təftiş etməyi yasaqlayan, yumşaq desək, çox mübahisəli qanun qəbul ediləndə o, həmin ölkənin ordenindən imtina etdi. Amma Fransa titulları başqalarında da vardı və onlar bunu etmədilər...

Nə demək olar? Bəlkə də hər şey başqa cürdür və ya başqa cür də ola bilər, amma belə oldu. Niyə? Axı bu ölkə belə ölkədir. Bəlkə o üzdən belədir ki, Bakı küləkli şəhərdir. Küləkdə isə ağaclar əyri bitir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG