Keçid linkləri

-

«Yolu sevgiden geçen herkesle bir gün bir yerde buluşuruz».

Kayahan-ın ən xoşladığım fikri idi bu.

1991-ci ildə çıxardığı albomundan dinləyicilərinə belə səslənmişdi Böyük Ustad və bu sloqan illər keçsə də, unudulmamışdı.

Ondan sonra neçə albomlar, neçə sloqanlar ard-arda düzülmüşdü, amma bu bir başqaydı!

QƏRİBƏ ADAM

Nə qəribə ifaçıydı Kayahan?!

Nə qəribə şairdi?!

Nə qəribə insandı?!

Məncə, onun uğurunun təməli bu 3 «qəribəlik»dən yoğrulmuşdu.

Misilsiz ifaçı olmaq olar!

Misilsiz şair olmaq olar!

Misilsiz insan da olmaq olar!

Amma üçü bir arada çətin tapılar!

Üçü bir arada ələ düşməz!

Üçü bir arada möcüzələr yaradar!

HƏSƏD…

Onun sözləri - özünün yazdığı sözlər, musiqiyə - özünün yazdığı musiqiyə elə ustalıqla qovuşurdu ki, heyran qalmamaq olmurdu.

Şəxsən mən onun hər bəstəsini eşidəndə: «kaş mən də belə yazaydım, kaş mən də belə bəstələyəydim» deyə düşünürdüm…

Yer üzündə həsəd aparılacaq insanlar nə qədərdir, görəsən?

Görəsən, O, özünün nadirliyini dərk edə bilirdimi?

Bəlkə də yox.

Dediyim kimi, o, həm də qəribə insandı, axı.

Üzündən-gözündən nur tökülürdü…

«BÖYÜK AŞKIM»

Kayahan bütün yazdıqlarının üstündə əsirmiş.

Öz müsahibəsinə qulaq asmışam.

Deyirdi ki, günlərlə, saatlarla bir sözün üstündə özümü üzürəm.

Hər notun üstündə çırpınıram.

Odur ki, onun bütün mahnıları ürəkdən qopub gələn hisslərə bələnib.

O üzdən hamının ürəyinə yol tapır…

«Allahım! Neydi günahım» da, «Yemin etdim» də, «Emrin olur» da, «Bir aşk hikayesi» də, «Ne oldu, Can» da, «Gönül sayfam» da, «Odalarda işıksızım» da, «Büyük Aşkım» da…

Hamısı böyük eşqlə yazılmışdı.

«ODALARDA İŞIKSIZIM» KÜÇƏSİ

Yanlış duymadınız. Balıkesirdə küçələrin bir çoxu Kayahan şərqilərinin adını daşıyır. Yəqin ki, «Böyük aşkım» da var, «Bir aşk hikayesi» də, «Neydi günahım» da…

Son illər o şəhərdə yaşamağı seçmişdi Kayahan və şəhər bələdiyyəsi onun şərəfinə--Böyük Ustadın şəhəri şərəfləndirməsi şərəfinə küçələrə onun bənzərsiz bəstələrinin adını vermişdi…

«ATIN MƏNİ DƏNİZLƏRƏ!..»

Kayahan haqda daha nə yaza bilərəm ki?

Bu gün hamı ondan yazır.

Bu gün bütün Türkiyə ona ağlayır.

Onun mənim yazıma nə ehtiyacı var ki?

Nə xoşbəxt sənətkardı Kayahan!

Nə xoşbəxt insandı!

Eynən Barış Manço kimi onun ölümünə bütün ölkə ağlayır.

«Atın məni dənizlərə» söyləmişdi bir mahnısında.

Elə vəsiyyətində də üzü dənizə dəfn olunmasını istədi.

O üzdən türk xalqı bugün Teşvikiye Camesində qılınacaq cənazə namazından sonra onu Kanlıca məzarlığında dəfn edəcək.

«ÇƏLƏNGİN PARASINI MEHMETCİK VAKFINA BAĞIŞLAYIN!»

Bir də, vəsiyyətində ona matəm çələngi göndərilməməsini istəyib Böyük Ustad.

Həmin paranın Mehmetçik Vəqfinə verilməsini arzulayıb.

Son nəfəsində də, insanlığını, kübarlığını unutmayıb.

Ruhun şad olsun!

Bizə yadigar qoyduğun nəğmələrə görə!

Nəğmələr qoşduğun şeirlərə görə!

Bizi bizdən də gözəl anlatdığına görə!

Bir də, bu dünyada bizimlə birgə olduğuna görə!

Dünyamızı rəngləndirdiyinə görə!

Ruhun şad olsun Böyük Ustad!!!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG