Keçid linkləri

-

NAMƏLUM ERNST...

Bu həftə maraqlı bir yubiley qeyd olunacaq. Sovet və Amerika heykəltəraşı Ernst Neizvestnı(y) özünün 90 illiyini keçirəcək. Yazdım və dərhal anladım ki, bu adamın adı bir çoxuna, xüsusən gənclərə heç nə demir. Buna çox örnək gətirə bilərəm. Məsələn, bu yaxınlarda siyasi elmləri öyrənən bir tələbədən Pitrim Sorokin-i tanıyıb-tanımadığını soruşdum və “yox” cavabını aldım. Elə bu üzdən gənclər təkcə sadaladığım iki adamı deyil, hətta İvan Bunin-i də tanımadıqlarını söyləsələr, təəccüblənməyə dəyməz (amma köks ötürüb təəssüflənməyə dəyər)...

... Amma boynuma alım ki, Ernst Neizvestnıyı - bu məşhur heykəltəraşı elə özüm də yenidənqurma illərində tanımışdım. Qadağalar yavaş-yavaş azaldığından, ovaxtın ən oxunaqlı dərgilərindən “Oqonyok” jurnalı hər sayında oxuculara maraqlı insanları tanıdırdı...

Əslində Ernst Neizvestnı(y) mənə də tam başqa kontekstdə maraqlı görünmüşdü. Elə həmin təzadlı yenidənqurma illərində onun yaratdığı heykəl Nikita Khurushshov-un məzarına bir ayrı məna qazandırırdı. Bu, Khurushshov-a SSRİ-də ucaldılan yeganə abidə, bəlkə də onun xatirəsini əbədiləşdirəcək yeganə addım idi...

BƏLKƏ HEÇ AZADLIQ GƏRƏK DEYİL?!.

Bunun səbəbi haqqında çox düşünmüşəm. Nədən insanlar onlara azadlıq bəxş edənləri sevmir və ya çox az sevirlər?

Nədən insanların simpatiyası, əksər hallarda, “dəmir əllər”ə, Jozeph Stalin kimi diktatorlara qonur?

Demirəm ki, bu sualların cavabını bilirəm. Söhbət Khurushshov-dan gedirsə, onun yanlışları çox olmuşdi - yüz minlərlə insanı həbs düşərgələrindən azad edən, cəmiyyətə, azacıq da olsa, nəfəs verən, stalinçi siyasi qrupu zərərsizləşdirməyi bacaran bir siyasətçi yenə də dolanbaclarda azır və imperiyanı hansı səmtə aparacağını bilmirdi...

Onun da dövründə də həbs düşərgələri boşalmadı. Üstəlik, Boris Pasternak Nobel mükafatından məcburən imtina etdi, yeni dissidentlər dalgası yarandı. Qəribə təzad gözə çarpırdı: bir tərəfdən mülayimləşmə dönəmi başlanmış, o biri yandan da rəssam və heykəltəraşların sərgisi buldozerlərlə dağıdılmışdı...

Ernst Neizvestnı(y) da elə o çağlarda ölkəni tərk etməyə məcbur qalmış, amma N.Khurushshov-a sayqısını axıracan saxlamışdı...

Bütün bunları düşünəndə belə fikrə gəlirsən ki, azadlıq bir dəyər kimi insanlar üçün heç də həmişə öndə getmir...

HARADASAN, AY “XUDSOVET”?

Uzağa niyə gedək? Neçə azərbaycanlı sənətçidən, yaradıcı insandan eşitmişik ki, bu adamlar özlərini hələ sovet dövründə də azad hiss edirmişlər...

Baxıb görürsən ki, azadlığın olmadığı və ya az olduğu vaxtlarda da insanlar guya özlərini azad, hətta “daxilən azad” hiss etdiklərini dilə gətirirlər...

Uzağa niyə gedək? Neçə azərbaycanlı sənətçidən, yaradıcı insandan eşitmişik ki, bu adamlar özlərini hələ sovet dövründə də azad hiss edirmişlər...

Nə demək olar? Görünür, onların azadlıq ehtiyacı o qədər az olub ki, hətta covetlərin verdiyi bir qətrə azadlığı da yetərli sayıblar...

Başqa ölkələri bilmirəm, ancaq Azərbaycanda sənətçilər “xudsovet”i - “bədii şura”nı hələ də nostalji ilə xatrılayır, bu qurumun sənətə böyük və “müsbət impuls” verdiyini, pisi yaxşıdan ayırdığını söyləyirlər...

Adam belə “etiraf”ları eşidəndə deməyə söz tapmır. Düşünürsən ki, bəlkə elə doğrudan da azadlıq insanlara “on birinci barmaq” kimi lazımdır?

Bəlkə onlar elə həqiqətən də azadlığa deyil, birinci növbədə rahatlığa və rifaha can atırlar?

KEÇMİŞİNƏ GÜLMƏYİ BACARANLAR...

Nikita Khrushchev

Nikita Khrushchev

İndi böyük hesabla baxanda, Nikita Khrushchev-dan lətifələrdən başqa bir şey qalmayıb. Amma Stalin yenə də Stalindir...

Öz təcrübəmizə üz tutarkən də bənzər fenomenlə rastlaşırsan. Azərbaycanda demokratların hakimiyyəti bir il çəkmədi. Amma onlara hansı ayamalar, hansı ləqəb və lətifələr qoşmadılar?

Bəzi karikaturalar hələ də yadımdadır. Onları yada salanda indi də gülürəm... Xatırlayırıq və gülürük...

Yox, bunları xatırlamaqla cəmiyyətimizin necə “qədirbilməz” olduğunu demirəm. Əsla. Desəydim ki, indi lətifələr qoşulmur, bu, reallğı təhrif etmək olardı, - onlar bu gün də qoşulur...

Düzdür, karikaturalar çəkilmir, çünki bu, bir başqa məsələdir. Amma lətifələr qoşulur, axı karikaturalardan fərqli olaraq lətifələrin müəllifi və bir də mətbu ünvanı olmur...

Sadəcə, indi lətifələri hər adama danışmaq olmur, hətta danışanda da pıçıltı ilə danışırlar...

Nikita Khrushchev sovet liderləri arasında yegənə mülayim dövlət başçısı kimi yadda qaldı. Amma elə o birilər haqqında da xeyli lətifələr – gülməcələr var...

Bəlkə də fərq lətifələrin ton və məzmunundadır - insanlar lətifələrdə hər liderin öz portretini cızmağa çalışırlar...

Bu portretlər həmin liderlərə münasibət aşılayır, onları nifrət deyil, gülüş hədəfinə çevirir və ya gülüş doğurur, dodaq qaçırır. Yəqin, bu da xalq müdrikliyinin işartısıdır. Axı nə qədər ağrılı-acılı olsa da, keçmişi yalnız və yalnız gülüşlə anmaq lazımdır...

XS
SM
MD
LG