Keçid linkləri

-

ƏGƏR «MOLLA NƏSRƏDDİN» OLMASAYDI...

Bu həftə daha bir tarixi gün sovuşdu. 109 il əvvəl aprelin 7-də «Molla Nəsrəddin» jurnalının ilk sayı işıq üzü görmüşdü...

Bəlkə də yuvarlaq tarix olmadığından, elə də diqqəti çəkmədi, amma onun üstündən sükutla keçmək də çox çətindir...

«Molla Nəsrəddin» bir ədəbi və media hadisəsi kimi çox öyrənilib, çox araşdırılıb. O qədər çox ki bu gün bir millət kimi təkcə uğurlarımız deyil, elə geriləmələrimiz də onu adı, onun üslubu ilə bağlanır...

Bu üslub 100 ildir ki, hamını düşündürür, suallar yaradır. Təkcə əsrin əvvəlində «Ay Mirzə, az qına bu xalqı!» demirdilər, elə indi də deyirlər. İndi də «Molla Nəsrəddin» üslubu bəzən özünütəhqir, bəzən də özünüinkar kimi səciyyələndirilir...

Amma doğrudanmı biz başqa bir millət idik? Doğrudanmı «Molla Nəsrəddin» olmasaydı, tam başqa cür olacaqdıq? Doğrudanmı «molla nəsrəddinçi» Mirzə Cəlilin Kefli İsgəndəri, Xudayar bəyi, Qurbanəli bəyi və Novruzəlisi bu millətin, bəziləri deyən kimi, milli-mənəvi kodlarını dəyişdi, onu səhv, yanlış səmtə yönəltdi?..

O VAXT «FÜYUZAT» DA VARDI...

Demək lazımdı ki, o dövrdə «Molla Nəsrəddin» üslubu heç də yeganə deyildi. Başqa bir məktəb də vardı-«füyuzatçlar»...

Bəli, o «füyuzatçı»lar ki onların lideri Əli bəy Hüseynzadə 1926-cı ildə sonuncu dəfə Bakıya gələndə «molla nəsrəddinçilər»ə «Siz haqlı çıxdınız» demişdi...

İndi bunları yazıram, di gəl, bir etiraf dilimin ucunda ilişib qalıb: Açığı, bu mövzuda yazmaq çətindir, çünki çox yazılıb, çox da deyilib... Hətta «Molla Nəsrəddin» məktəbi bir ədəbi və media fenomeni kimi «təsnif» də edilib - ona «tənqidi və maarifçi realizm» adı verilib...

Amma «izm»ləri həmişə «qatar gedəndən sonra» düşüb-tapırlar. Onlar bəlkə də heç kimə lazım da deyil. Bu gün aktual olan odur ki, Mirzə Cəlilin kodlaşdırdığı azərbaycanlı tipi indi çoxmu dəyişib? Sual budur...

Ola bilsin, Mirzə Cəlili bütünlüklə «Molla Nəsrəddin»lə çulğalaşdırmaq kiməsə xoş gəlməz, axı yazıçı Mirzə Cəlil ayrı, jurnalist Mirzə Cəlil bir ayrı...

Təbii, ən asanı odur ki, deyəsən: «Novruzəli də, Qurbanəli bəy də, Xudayar bəy də, Kefli İsgəndər də Mirzə Cəlil təxəyyülünün məhsuludur və onun təxəyyülündən kənarda mövcud deyil...». Amma bunu iddia etmək və ən başlıcası, sübut etmək asandırmı?

YAZIÇI VƏ JURNALİST MİRZƏ CƏLİL...

Əvvəlcə kiçik bir haşiyə. Bir məsələni də bəri başdan deyim ki, ola bilsin, Mirzə Cəlili bütünlüklə «Molla Nəsrəddin»lə çulğalaşdırmaq kiməsə xoş gəlməz, axı yazıçı Mirzə Cəlil ayrı, jurnalist Mirzə Cəlil bir ayrı... Amma mənə elə gəlir ki, «Molla Nəsrəddin» elə bir ədəbi doktrina, elə bir ədəbi konsepsiyadır ki, elə yazıçı Mirzə Cəlilin də yaradıcılığı tam ona əsaslanıb. Bu üzdən «Molla Nəsrəddin»dən, tutalım, «Ölülər»ə və yaxud tərsinə keçiddən çəkinmirəm...

BUGÜNÜN AZƏRBAYCANI...

Qərəz, bir az əvvəlki sualı cavablamaq üçün qayıdaq mətləb üstünə - müasir Azərbaycana - o Azərbaycana ki adam burada çox deyil, ikicə həftə və yabircə ay yaşayandan sonra kiməsə yaltaqlanmaq, kiminsə qənşərində kiçilmək istəyir...

O Azərbaycana ki onun teleradio efirində hər şey səslənir -doğrudan başqa!.. O Azərbaycana ki onun teleradio efirində ən mötəbər və ən çox təsadüf edilən insanlar baxıcı-görücü və ekstrasenslərdi. O Azərbaycana ki, onun Avropa geyimli alimləri, yazar və jurnalistləri Mirzə Cəlilin Xudayarından, Qurbanəlisindən o qədər də fərqlənmirlər...

Açığını deyim ki, mentalitetin yazarı olması fikrini qəbul etmək çox çətindir. Əvvəllər düşünürdüm ki, mentalitet ötəri, situativ bir hadisədir.

Milləti atdan ulağa və yaxud ulaqdan ata mindirmək belə asandırsa və bir yazar bunu etmək iqtidarındadırsa, onda Mirzənin opponentlərinə deyərdik ki, buyurun, həmin bu milləti yenidən Çingizxanını nəvələrinə çevirin!

İndi də ciddi-cəhdlə bunu təsdiqləməyə çalışıram, amma... Amma arxetiplərlə bağlı yazılanları oxuyanda və ən başlıcası, Mirzə Cəlilin yüz il əvvəl cızdığı azərbaycanlı tipini indikilərlə tutuşduranda, bir az məyus oluram... Baxanda görürsən ki, ay dad, insan davranışının, həqiqətən, böyük ətaləti var və... Və bu xalq yüz il boyunca bir o qədər də dəyişməyib...

İKİ «MOLLA NƏSRƏDDİN»...

Əvvəldə dedim ki, «Molla Nəsrəddin»ə iki hadisə kimi baxmaq olar –bir media hadisəsi kimi, bir də ədəbiyyat... Ola bilsin, media olayı kimi onu yamanlamaq olar - media insana necə yaşamağı öyrətməməli, nəticə çıxarmağı onun öhdəsinə buraxmalıdır. Axı heç kim jurnalistə müdriklik və müəllimlik səlahiyyəti verməyib...

Amma ədəbi hadisə kimi də onu yamanlayanlar az deyil. Deyirlər ki, guya Mirzə bu milləti aşağıladı, Çingizxanın törəmələrini novruzəlilərə çevirdi, bu milləti atdan düşürüb ulağa mindirdi...

Nə demək olar? Doğrudanmı, bir yazarda bu boyda qüdrət ola bilər?! Milləti atdan ulağa və yaxud ulaqdan ata mindirmək belə asandırsa və bir yazar bunu etmək iqtidarındadırsa, onda Mirzənin opponentlərinə deyərdik ki, buyurun, həmin bu milləti yenidən Çingizxanını nəvələrinə çevirin! Edə bilmirsiniz, axı!..

Bu millət bir daha dönüb Çingizxanın nəvələri ola bilməz, axı bu, artıq keçilmiş mərhələdir. O dönüb ingilis, alman, heç olmasa, latış və ya eston kimi ola bilərsə, bu başqa məsələ...

Bunu isə sizlər – «molla nəsrəddinçilər»i yamanlayanlar, istəmirsiniz. Axı sizlərə sərf etmir... Axı sizlər də ingilisin, almanın, latışın və yaxud estonun elitası deyilsiniz, novruzəlilərin «elitası»sınız...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG