Keçid linkləri

Təcili xəbərlər

21-ci əsrin qərbçiləri və slavyanofilləri...


Moskvada müxalifətin yürüşü - 1 mart 2015
Moskvada müxalifətin yürüşü - 1 mart 2015

-

TƏSADÜFLƏR TƏSADÜFİ ADAMLARI APARMIR...

Bu, bəlkə də, elə həqiqətən təsadüf idi, amma ha çalışırsan, bir şeyi anlamaqda çətinlik çəkirsən. Axı nədən böyük siyasətdəki təsadüflər təsadüfi adamları aparmır? Söhbət rusiyalı siyasətçi Boris Nemtsov-un qətlindən bəri bir daha aktuallaşan və adama rahatlıq verməyən bir sualdan gedir...

İndi çox şey deyirlər. Prezident Vladimir Putin-in sağlamlıq durumuna dair də ziddiyyətli və mübahisəli xəbərlər dolaşır. Bunların nə qədər doğru olub-olmadığını deyə bilmərik, ancaq bir belə təsadüf üst-üstə düşəndə, dönüb olur qanunauyğunluq...

Qərəz, aprelin 19-da Rusiya müxalifəti aksiya keçirmək istəyir - B.Nemtsov-un xatirəsinə həsr edilən aksiya. Amma indidən bir sual adamı xeyli düşündürür : Görəsən, bu aksiyaya nə qədər adam gələcək?

FƏAL DƏSTƏK OLMASA DA, MARAQ VAR...

Bu yaxınlarda elə bu kontekstdə Azərbaycanla bağlı düşünürdüm. İnsanlar aksiyalara az gəlir, amma internetdən hər şeyi diqqətlə izləyirlər. Demək, fəal dəstək olmasa da, maraq var...

Üstəlik, internet izləyicilərinin də sayı yetərincədir. Prinsipcə, bu, normal ölkədə böyük siyasi nəticələr verə bilər və bəlkə də elə bu cür siyasi «çarxlar»ın köməyilə müxalifət seçkini udardı...

Axı seçkidə adi vətəndaş üçün əsas məsələ məlumatlı olmaqdır, məhz məlumatlılıq düzgün seçimə kömək edir. Amma hər şey bir məsələdən asılıdır- bunun üçün gərək ölkədə düzgün və ədalətli seçkilər olsun.

Doğrusu, Rusiyada da düzgün və ədalətli seçki keçirildiyinə inanmaq çətindir. Ola bilsin, Moskva və Peterburq kimi şəhərlərdə hər şey qaydasında olur, seçki düzgün keçirilir. Amma Rusiyanın «milli» subyektlərində, xüsusənÇeçenistan və ya Başqırdıstankimi ucqarlarında düzgün seçki keçirildiyinə inanmaq bir az problemlidir...

Kimin çox olması ilə bağlı mübahisə açmaq əbəsdir, çünki qərbçilər Rusiyada həmişə azlıqda qalıblar, çox güman, indi də azlıqdadırlar...

İTİRİLMİŞ SOSİAL DAYAQLAR...

Rusiya müxalifətinin problemi heç dətəkcə bu deyil. Çox vaxt bu ölkə müxalifətinin hansı sosial zümrəni əhatə etdiyi aydın olmur. Prezident V.Putin, demək olar, sağ-mərkəzçi elektoratı ələ keçirib, özünün dövlətçilik şüarları ilə millətçi elektoratın rəğbətini, sovet keçmişinə sayğısı ilə də solçuların dəstəyini qazanıb...

Demək olarmı ki, artıq gecdir və ideoloji müstəvidə Rusiya müxalifəti tamam uduzub? Gəlin tələsməyək...

İndi Rusiya cəmiyyətindəki yeni ideoloji sərhədləri müəyyənləşdirmək elə də çətin məsələ deyil. Bu gün Rusiyada ideoloji cəbhələşmə deyərkən, ölkənin Qərblə inteqrasiyasını istəyənləri və onun Qərbyönümlü evolyusiyasını arzulayanları nəzərdə tutmalıyıq, bir də «rusofil»ləri və ya bütövlükdə «slavyanofil»ləri – başqa sözlə, indiki siyasi kursun tərəfdarlarını...

Kimin çox olması ilə bağlı mübahisə açmaq əbəsdir, çünki qərbçilər Rusiyada həmişə azlıqda qalıblar, çox güman, indi də azlıqdadırlar...

Bu yaxınlarda ölkədə keçirilmiş bir sorğunun nəticələrinə görə, rəyi soruşulanların təxminən 90 faizi Krımın ilhaqını dəstəkləyir. Artıq bu, müəyyən qənaətə əsas yaradır...

Amma bu vaxtadək qərbçilərin bir böyük xidməti olub – onlar, demək olar, həmişə Rusiyanı mədəni-texniki və intellektual baxımdan irəli aparıblar. Əvəzində kəmiyyət baxımından «slavyonofil»lərə, «rusofil»lərə uduzublar.. O ki qaldı sonunculara - daim «inkişafın milli formaları»nı axtaranlara, onların tarixi missiyası həmişə ölkənin normal inkişafını əngəlləmək, onu mənasız müharibə və qarşıdurmalara sürükləmək olub... Amma nə etmək olar? Onlar həmişə olduğu kimi, indi də çoxdurlar..

Həm də bu vaxtadək qərbçilərin əsas lideri Boris Nemtsov idi. Demirik ki, digər fiqurlar zəifdir, yox, onların arasında hətta bir vaxt baş nazir olanları da var. Amma Nemtsov xeyli seçilirdi...

«Təsadüf» onu apardı. Ona görə də, qərbçilərin siyasi şansları da indi, müəyyən mənada, təsadüflərdən asılı duruma düşdü. Böyük ölkələrin siyasəti mürəkkəb olur - burada bülleteni aparıb boş qutuya atanadək böyük proseslər baş verir...

Seçicinin, adətən, «yaddaş»ı olmur. Onu seçkiyədək inandıra bilsən, gedib sənin adamlarına və yaxud sənə səs verəcək...

TƏKCƏ ZƏİFLƏR AĞLAMIRLAR...

Bəzən ölkənin seçimi də həmin böyük proseslərdən asılı olur. Seçicinin, adətən, «yaddaş»ı olmur. Onu seçkiyədək inandıra bilsən, gedib sənin adamlarına və yaxud sənə səs verəcək...

Kiçik dövlətlər, müəyyən mənada, böyük dövlətlərdən asılı olduğu kimi, böyük dövlətlərin də bir-birindən asılılığı var...

Heç kim bu dünyada əlahiddə deyil. Üstəlik, böyük dövlətlərin seçimi də böyük olur – burada, həmişə olmasa da, bəzən adamı seçəndə baxırlar ki, görək, dünyada ona münasibət necədir, bu adam bizi haralara aparıb çıxaracaq?..

80-ci illərdə zərurət Rusiyanı Qərbi eşitməyə vadar etdi. İndi o vaxtlar deyil, o vaxtlar elə o vaxtlarda da qaldı...

Amma Qərb yenə də nəsə edə bilər. Bir daha deyirik ki, hazırda Rusiyanın iqtisadiyyatı planlı dövlət iqtisadiyyatı deyil, əvvəlki kimi silahlanma yarışı da yoxdur. Ancaq Rusiyanın iqtisadiyyatı elə əvvəlki kimi xammaldan asılı iqtisadiyyatdır, o xammaldan ki onun dünya bazarındakı qiyməti önəmli dərəcədə Qərbin iradəsindən asılıdır...

MƏMURLAR ÜÇÜN QARA SİYAHI...

Deməli, birbaşa seçkilərə olmasa da, Qərb dolayı yolla Rusiya siyasətinə təsir göstərə bilər. Bir maraqlı nüans da var: Nəzərdə tutulan aprel aksiyası ərəfəsində müxalifət «Nemtsov-un siyahısı»nı hazırlayır...

Bu siyahıya, necə deyərlər, özünü yaxşı aparmayan məmurlar düşəcək və həmin məmurların Qərbdəki bank hesablarının dondurulması, onların yerdəyişmə imkanlarının məhdudlaşdırılması təklif ediləcək. Maraqlı ideyadır, deyilmi?..

Siyasətdə mənəvi dəstək ummaq elə bir qəbahət deyil. İndi Rusiya qərbçiləri yenə də Qərbdən mənəvi dəstək umurlar. Buna görə əks düşərgənin –«slavyonofil» və «rusofil»lərin kəskin qınağına tuş gəlsələr də. Buna görə, az qala, öz vətənlərinə xəyanətdə ittiham olunsalar da...

Amma vətənpərvərlik də müxtəlif cür yozula bilər. O üzdən Rusiya qərbçiləri Avropanın demokratik institutlarından dəstək ummaqda israrlıdırlar. Görəsən, Qərb onlara bu dəstəyi verəcəkmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG