Keçid linkləri

-

SƏRHƏDLƏR YENİDƏN CIZILSAYDI...

Fransanın keçmiş prezidenti Fransua Mitteran “SSRİ daxilindəki sərhədlər siyasi deyil, inzibati sərhədlərdir” deyərkən, görünür, nə qədər böyük siyasi səhvə yol verdiyini heç ağlına gətirməmişdi... Bu da ola bilər ki, bir peşəkar siyasətçi kimi, o, siyasətin çoxəsrlik məntiqindən qırağa çıxmağı bacarmamışdı. Amma bunu bacarmalı idi, axı insanlar sərhədlərin təkrar təftişinin hansı böyük fəlakətlərə gətirib çıxaracağını yalnız 20-ci əsrin ikinci yarısından bəri anlamağa başlamışdılar... Çox güman, “Helsinki prosesi” və məşhur “Helsinki onluğu” - daha yayılmış adıyla “Helsinki dekaloqu” məhz bu yanaşmanın nəticəsi idi...

Düzdür, opponentlər sərhəd toxunulmazlığı prinsipinin tərəfdarlarını “ikiölçülü coğrafi təfəkkür sahibləri” kimi sancmağı da sevirdilər. Amma böyük proseslər zamanı dünyanın böyük dövlətləri də çox çalışdılar ki, planetin mənzərəsini dəyişən olaylar, ən azı, onların öz arasında sərhəd mübahisələri doğurmasın...

İLİN ƏN AĞIR AYI...

...Di gəl, SSRİ parçalanarkən bu aqibətdən qaçmaq mümkün olmadı. Çox qısa zaman dilimində Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə, daha sonra Krım və indi də şərqi Ukrayna kimi problemlər yarandı. Bunların hamısı böyük qaçqın və köçkün dalğası, şəhər və kəndlərin dağılması ilə müşayiət olundu...

Roma Papası

Roma Papası

Nədən bir daha bu prosesləri xatırladıq? Bəlkə də aprel ayının ağırlığından, axı bu ay təkcə təbiət baxımından deyil, elə siyasət baxımından da ağır və dəyişkən keçir. Həm də o üzdən ağır keçir ki, Ermənistanın urapatriot və millətçiləri hər il və azı bir ay hamını özləri kimi düşünməyə vadar edirlər. Budur, bir neçə gündür ki, hamı Roma papasının çıxışından danışır. Bir ay olar ki, hamı ABŞ prezidentinin “soyqırım” sözünü işlədib-işlətməyəcəyini izləyir...

...Əslində, bu yüz ildə Roma papası “soyqırım” sözünü işlətməmişdisə, bunu ondan nüfuzlu sələfləri belə etməmişdilərsə, o da bunu etməyə bilərdi. Ən azı ona görə ki, bütün dinlər barışıq və dialoq yollarını aramalıdır...

KEÇMİŞ UNUDULMASIN, AMMA...

Keçmiş önəmlidir. Heç kim demir ki, keçmişi unudaq. “Keçmişini unudanın gələcəyi olmaz” - deyiblər. Amma insanlar keçmiş umu-küsü və düşmənçiliyi “üfürüb-közərtməklə”lə məşğul olacaqlarsa, onların bugününü, gələcəyini kim yaşayacaq? Bu halda onlar keçmişin cəngəlliklərində ilişib qalmayacaqlarmı?

Götürək sərhəd məsələsini. Dövlətlərin tarixi, əslində, sərhədlərin tarixi olub. Sərhədlər böyüyüb, kiçilib... Amma öz axarı və sakitliklə deyil, qanlı savaşlarla, axıdılan qanlarla...

İnsanlar bütün bunlara keçmiş deyiblər. Yəni ki, keçdi, ötdü və getdi. Di gəl, belə düşünməyənlər, keçmişdəki və bəlkə də xəyali “böyüklük və əzəməti” “bərpa etmək” istəyənlər də var...

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri

...“Dədə Qoqrqud” filmində çox maraqlı bir fikir səslənir: “Torpağı əkmədinsə, qorumağa dəyməz, qorumadınsa, əkməyə!”...

BU GÜNÜ DÜŞÜNMƏK ƏVƏZİNƏ...

Etiraf edirəm ki, Ermənistan haqqında bütün bilgilərimi media və kitablardan alıram. Bu ölkədə vəziyyət gerçəkdən ağırdır. Amma bu ölkənin psevdopatriotları yorulmur, ən azı, ilin bir ayı hamının başını qataraq, diqqəti başqa səmtə yönəltməyə imkan vermirlər...

Amma sual doğur: Görəsən, “böyük Ermənistan” onların nəyinə lazımdır? Axı onlar - sözdə yurdsevərlər, kiçik bir ölkədə sahman yarada, qonşularla normal yola gedə və öz insanlarına bir gün ağlaya bilmirlər...

Cəmi bir neçə milyon əhalisi olan kiçik bir ölkənin “böyüklük” iddiasına düşməsi nə qədər ciddi qarşılana bilər? Axı elə indiki Ermənistanın torpaqları da yetərincə əkilmir, biçilmir və suvarılmır...

Az əvvəl yazdığımız sözlər yerinə düşməzmi? Axı deyiblər ki, əkmədinsə, qorumağa dəyməz...

PRİNSİPLƏR HAMI ÜÇÜNDÜR...

Deməli, imperiya bir keçmişdir və bütün Rusiya siyasətçiləri bu düşüncədən əl çəkməlidirlər...

Rusiyanı çox tənqidə tuturuq – haqlı, ya haqsız. Amma Rusiya siyasətçilərini tənqid edəndə nə deyirik? Deyirik ki, bu adamlar hələ də imperiya təfəkküründən qurtulmayıblar... Deməli, imperiya bir keçmişdir və bütün Rusiya siyasətçiləri bu düşüncədən əl çəkməlidirlər...

Nəticədə, hətta formal məntiq haralara gətirib çıxarır? Razılaşırıq ki, daha keçmişlə yaşamaq olmaz və Rusiya postsovet ölkələrinin onun müstəmləkəsi olduğunu unutmalıdır. Çünki bunlar keçmişdə qalıb, keçib qurtarıb, olub-bitib...

Kiçik dövlətlərin başqalarına yönələn məntiqi budur. Özü də normal və ardıcıl məntiqdir. Amma görək onların özləri nə edir?

Yalnız keçmiş və bir də onun xəyalları ilə yaşayırlar. Məsələn, ermənilər deyirlər ki, Tiqranın vaxtında onların dövləti, az qala, planetin yarısı boydaymış. Başqaları da ərz edirlər ki, filan dövrdə onların dövləti şimaldan cənuba və qərbdən-şərqədək uzanırmış...

... Görün, hamı keçmişə qayıtsa nə olar? O keçmişə ki indi tez-tez üz tutulan beynəlxalq qurum, qanun və şərtlər yox idi və... Və bircə meyar vardı -say və güc...

...Doğrudanmı belə daha yaxşıdır? Həmin durum, doğrudanmı, kiçik millətlərə daha sərfəlidir? Hamılıqla keçmişə qayıdılsa, bütün faciələr yenidən yaşanılmazmı?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG