Keçid linkləri

Təcili xəbərlər

Ermənilər, türklər və 100 illik düşmənçilik…


Abbas Cavadi
Abbas Cavadi

-

Düz 8 il öncə kiçik bir şərh yazmışdım. Bu şərhdə 1915-ci ildə -Osmanlı imperiyasının çöküş dönəmində, Birinci Dünya Müharibəsinin şıdırğı çağında ermənilərin qətlinə, yer və yurdlarından didərgin salınmasına toxunmuşdum.

Özümü nə 8 il qabaq, nə də indi erməni-türk münasibətlərinin bilicisi sayıram. O vaxt yalnız gördüklərimi və oxuduqlarımı yazmışdım. Düşünürəm ki, yazdıqlarımda bu gün də elə bir əhəmiyyətli dəyişikliyə ehtiyac yoxdur.

Amma bircə fərqlə. Bu gün, məncə, bütövlükdə siyasi gəlişmələr Qərb dünyasında və xüsusən bizim regionda Türkiyə və Ərdoğan hökumətinin populyarlığını azaldıb. Bu baxımdan bəzilərində, yenə mənim fikrimcə, dəlil-sübutsuz həyəcan, antitürk və anti-Türkiyə duyğuları gözə çarpır. Bu şəraitdə adamların çoxu ölçülü-biçili və məntiqli sözdənsə, dinləyib-anlamaqdansa, oxuyub-öyrənməkdənsə, daha çox haray-həşir salmağa və şüar səsləndirməyə meyllənib.

Ermənilərin 24 Aprel faciəsinin 100 illiyi bu duyğu və etirazları daha da qabardıb. Axı bir yandan insan dramı yaşanan bir faciənin 100 illiyini anırsan, bir yandan da Qərb dünyasında və regionun bəzi ölkələrində bənzər düşüncəli çox sayda adamla üzləşirsən.

Məncə, bu məsələ aşırı dərəcədə siyasiləşdirilib və gündəlik siyasətə çevrilib. Yəni durum elə deyil ki, adamlar bu fürsətdən yararlansın və «görəsən nələr baş verib» deyə bir düşünüb-daşınsın. Düşünüb-daşınmağa azmı sual var. Məsələn: Görəsən, hansı qruplar və hansı adamlar cinayətə yol verib? O illərdə dünyanın şərtləri necə idi? Kim kiminlə kimə qarşı ittifaq bağlamışdı? Kimin hansı proqramı və hansı şəraiti vardı? Və s. və i.a.

Çox adam ermənilərə tərəf tutaraq bu qətliamı ən şiddətli şəkildə və 100 faiz inamla «genosid», yəni «soyqırımı» adlandırır və Türkiyəni məhkum edir. Türklərə gəlincə, şəxsi təcrübəmə görə deyə bilərəm ki, onların əksəriyyəti bunu qətl və ya «müqatilə», yəni qarşılıqlı qətl və «təhcir» (məcburi köç, sürgün) və hətta qətliam adlandırır, amma... Amma «soyqırım» sözündən qaçır.

O boş və bəzilərinin fikrincə, intihar əməliyyatı, Almaniya ilə ittifaq qurmaq nəyə gərək idi? Hələ o, necə deyərlər, intihar hücumu - o hesabsız- kitabsız Rusiyaya, özü də Sarıqamışın şaxtalı soyuğundakı hücum nə demək idi?

Düzü, bu olaydan danışanların çoxu sözügedən faciənin Birinci Dünya müharibəsi kontekstində baş verdiyini bilmir. Təsəvvür edin: Osmanlı dövləti Avropadakı ərazilərini itirib və tam dağılmaq təhlükəsiylə üz-üzə qalıb. Bu hadisədən bir-iki il əvvəl yunanlar, serblər və bolqarlar və digər Avropa xalqları Osmanlıdan ayrılaraq, öz müstəqilliklərini elan ediblər. İmperiya hər gün qan itirir və İstanbulda «devleti aliyeye ali-kapu»nun hər hansı qüdrət və səlahiyyəti yoxdur. Hər şey bir-birinə qarışıb. İngilis, fransız və yunanılar qərbdən, ruslar da şərqdən hücum edir və... Və beyinlərdə, az qala, cavabsız bir sual dolaşır: Görəsən, bir vaxtlar möhtəşəm və yenilməz bu 600 illik imperiya, bu geniş və çoxmillətli Osmanlı səltənəti artıq tamamilə məhv olacaq? Yəni türklərin hər hansı bir dövləti də olmayacaq?..

O boş və bəzilərinin fikrincə, intihar əməliyyatı, Almaniya ilə ittifaq qurmaq nəyə gərək idi? Hələ o, necə deyərlər, intihar hücumu - o hesabsız- kitabsız Rusiyaya, özü də Sarıqamışın şaxtalı soyuğundakı hücum nə demək idi? Elə bir hücum ki Osmanlının on minlərcə əsgər və zabiti donub öldü və az qala, rusların bircə gülləsinə də gərək qalmadı...

Bu macəraçı əməliyyatın baş sorumlusu ermənilərin «təhcir» - sürgün əmrini verən Ənvər Paşa deyilmiydi? Amma nə üçün?

ONLAR OSMANLIDAN AYRILMAQ İSTƏYƏN SON QEYRİ- MÜSƏLMANLAR İDİLƏR

Görəsən, hamı bilirmi ki, on minlərcə Osmanlı əsgəri donub öləndən sonra cəbhədə yaranan boşluğu rus ordusu və onların önündə gedən erməni silahlı dəstələri doldurdu?! O erməni «komitəçiləri» ki işğal edilən Osmanlı torpaqlarında Ermənistanın müstəqilliyini elan etmək istəyirdilər...

Onlar Osmanlı İmperiyasından ayrılıb müstəqilliyini elan etmək istəyən son qeyri- müsəlmanlar idilər. Onların belə istiqlal həyəcanını anlamaq olar, amma gərək türklərin də dövlətin taleyindən dərin nigaranlığını gözardı etməyəsən...

Osmanlıda erməniləri «milləti-sadiqə» adlandırırdılar. Xristian olsalar da, altı əsrlik Osmanlı dönəmində yalnız Səfəvilərin tərəfdarı olan sufilər qətliama məruz qalmışdılar. Amma Xristianlarla belə davranmamışdılar.

Bu faciədən söz açanlar hücumlar nəticəsində Qars, Van və Ərzurumun, çevrədəki qəsəbə və kəndlərin işğal edildiyini bilirlərmi? Niyə o dövrdə rus əsgərlərinin qətlə yetirdiyi dinc sakinlərdən heç kim danışmır? Niyə köçdən qalan bəzi ermənilərin və ən önəmlisi, Qafqazdan gələn silahlı ermənilərin bu işğalçılarla əlbirliyindən danışan yoxdur?

Axı hadisələr niyə belə cərəyan etdi? Niyə ta Səlcuqilərdən-Səlcuqlulardan bəri belə hadisələr baş verməmişdi? Niyə məhz ermənilər hədəf götürülmüşdü? Axı Osmanlıda erməniləri «milləti-sadiqə» adlandırırdılar. Xristian olsalar da, altı əsrlik Osmanlı dönəmində yalnız Səfəvilərin tərəfdarı olan sufilər qətliama məruz qalmışdılar. Amma Xristianlarla belə davranmamışdılar.O türkmən sufilərin qətliamını da «genosid»-soyqırımı saymaq olmaz. Çünki türkmən olduqlarına görə deyil, «rəqib və düşmən qonşunun» – İranın casusu ittihamıyla və «dindən və peyğəmbərin sünnətindən çıxmaq» şübhəsilə qətl edilmişdilər.

Görəsən, bu gün bilən varmı ki, bu «müqatilənin» - qarşılıqlı qətlin bir hissəsi də, əslində, şəxsi və ya qrup və yaxud yerlərdəki məzhəb ixtilaflarından qaynaqlanıb, Anadolunun Şərqində kürd və türk qəbilələri də məsuliyyəti bölüşürlər? Əlbəttə ki, «Babi Ali»nin, yəni İstanbuldakı Mərkəzi Hökumətin nümayəndələri də ya acizliklərindən, ya da bilərəkdən buna müdaxilə etməyiblər. Hətta ola bilsin, özləri də bu dəstəyə qoşulub silahsız erməniləri əziblər.

Amma silahsız və bitərəf erməni qadınlarının, uşaqlarının günahı nə idi? Bəlkə bu da boş əllə və plansız olaraq Şərqi Anadolunun ən soyuq qışında Rusiyaya hücum qərarı kimi bir şey idi?

Bəzi türklər də baş verənləri ölkənin bütün ermənilərini məhv etmək əməliyyatı adlandırır. Onlar işğalın, rus ordusuyla açıq və birbaşa əməkdaşlığın erməni qətliamından sonra gerçəkləşdiyini buna dəlil kimi göstərirlər. Di gəl, aydındır ki, bu hadisələrə hazırlıq hələ 1915-ci ildən də əvvəl başlanıb...

SUALLAR ÇOX, CAVABLAR ÇOX AZ

Heç kəs etiraf etməsə də, təhcir fərmanı o zamanın «ittihad və tərəqqi» hökuməti məmurlarının dediyinə görə, yerli ermənilərin komitəçi silahlı ermənilər və işğalçı rus ordusuyla əlbir olması və ölkənin bir hissəsinin ayırması qorxusundan verilmişdi.

Rusiyada inqilab olanda, Anadoluda rusların əməliyyatı da tədricən, həm də nəticəsiz başa çatdı. Ruslar geri çəkildilər və Moskvadakı inqilabi hökumət yeni qurulan İnqilabı Türkiyə Cümhuriyyəti hökumətiylə ittifaq yolunu seçdi. Hələ Atatürk adını almayan Mustafa Kamal Paşanın rəhbərlik etdiyi və yalnız xarici işğalçılara qarşı vuruşmayan, hətta Osmanlı imperiyasına da son verib qərbsayağı bir ölkəyə çevrilmək istəyən Türkiyə ilə.

Bugünün Türkiyəsində ermənilərin 1915-ci ildə yaşadıqları faciəni inkar edənlərin sayı çox azdır. Onların da böyük əksəriyyəti baş verənləri o dövrün xaos şəraitiylə, Osmanlının parçalanma təhlükəsiylə üzləşən hökumətin hesabsız və sərt reaksiyasıyla əlaqələndirir. Onlar müharibəyə qatılanların hamısının cinayətə bulaşdığını deyirlər. Amma rastlaşdığım türklərin çoxu düşünürlər ki, nə qədər də geniş, nə qədər hesabsız olsa da, baş verənlər «soyqırımı» deyildi. Onların fikrincə, faciə müharibə şəraitində ermənilərin və xüsusən, komitəçilərin Rusiya ordusuyla əməkdaşlığından və aciz Osmanlı hökumətinin heç cür haqq qazandırılmayacaq aşırı sərt davranışından qaynaqlanıb. Əlbəttə, bəzi türklər də baş verənləri ölkənin bütün ermənilərini məhv etmək əməliyyatı adlandırır. Onlar işğalın, rus ordusuyla açıq və birbaşa əməkdaşlığın erməni qətliamından sonra gerçəkləşdiyini buna dəlil kimi göstərirlər. Di gəl, aydındır ki, bu hadisələrə hazırlıq hələ 1915-ci ildən də əvvəl başlanıb...

Hər kəs elə danışır və elə nitq edir ki, hər kəs elə məhkum və ya elə müdafiə edir ki, guya özü orda olub... Guya tarixin bu mərhələsini özü yazdığından, hər şeyi başdan sonadək bilir...

GÖRƏSƏN, ONLAR ARTIQ BİR-BİRİYLƏ DANIŞA BİLMƏYƏCƏKLƏR?

Bu gün sürgün və qətliamın 100 illiyi günündə erməni dostlarımın və bütövlükdə erməni xalqının kədərini bölüşürəm. Ancaq təəssüflənməmək olmaz ki, bəziləri bu arada qarşı tərəfin - Türkiyənin sözünə və fikrinə heç də qulaq asmaq istəmir. Hər kəs elə danışır və elə nitq edir ki, hər kəs elə məhkum və ya elə müdafiə edir ki, guya özü orda olub... Guya tarixin bu mərhələsini özü yazdığından, hər şeyi başdan sonadək bilir...

Təbii ki, belə birtərəfli baxışın tərəflərin heç birinin faydası dəyməz. Ortada bir problem varsa və bu problem həllini tapmalıdırsa,onu gərək iki tərəf həll etsin. Bu məsələnin təktərəfli çözülməyəcəyini hamı bilməlidir. Bu tərəflərin heç biri həqiqəti inhisara ala bilməz... Və çığır-bağırla, məhkum etməklə də heç bir irəliləyiş olmaz.

Bir neçə il əvvəl münasibətlərin yaxşılaşmasına və sonra ixtilaf mövzusu olan məsələlərlə bağlı dialoqun başlanmasına imkan yaranmışdı. Ancaq elə görünür ki, Ankara və Yerevan arasındakı bir sıra «prinsipial» ixtilaflar, o cümlədən Qarabağ və digər Azərbaycanın ərazilərinin işğal altında saxlanması bu perspektivi yenə «arxivə» göndərib. Ankara istəyirdi ki, Yerevan öncə işğal qüvvələrini Qarabağ və ətraf ərazilərdən çıxarsın, amma Ermənistan bunu rədd edirdi...

Axı min ilin qonşularıdırlar. Bir erməni dostum özlərinin bir məsələni mənə misal çəkib: «Qonşunu sən özün seçmirsən». Yəni hər necə olsa da, qonşunla dil tapmalısan. Mən də ona türklərin bir məsəlini söylədim: «Qonşu qonşunun külünə möhtacdır». Yəni qonşuların bir birinə və qarşılıqlı alış-verişə ehtiyacları var. Onlar aralarındakı əlaqəni elə də uzunmüddətli kəsə bilməzlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG