Keçid linkləri

-

Son üç onillik ərzində mətbuat səhifələrindən və televiziya ekranlarından əskik olmayan Vəfa Quluzadə bir çox epitetlərlə təqdim olunub – xarici siyasət məsələləri üzrə müşavir, politoloq, siyasətşünas, şərhçi, təhlilçi və sair.

Ən paradoksalı isə budur ki, onun ən çox layiq olduğu titulu ona verməyiblər. «Diplomat» titulunu. Amerika və Qərb ənənəsində «səfir» titulu var. Bu titula layiq görülmək üçün hər hansı ölkədə səfir olmağa ehtiyac yoxdur. Sadəcə, diplomat olmaq kifayətdir.

Əslində, Azərbaycanın ən yeni tarixində klassik diplomat peşəsinin tələblərinə tam cavab verən yeganə siyasətçi elə Vəfa Quluzadə idi. Təkcə ona görə yox ki, diplomatların DTK süzgəcindən keçirildiyi sovet zəmanəsindən qalmışdı. O sovet zəmanəsindən ki, iki yüksək pilotajlı peşə - diplomatiya və kosmonavtika yazılmamış sovet qanunları ilə qeyri-müsəlman, o cümlədən qeyri-Azərbaycan peşələri sayılırdı.

MİLLİ SOVET DİPLOMATI

Vəfa Quluzadə Sovet İttifaqında diplomat ola bilmişdi. Lakin onun ən böyük, ən unikal məharəti sovet diplomatı ola-ola milli şəxsiyyət kimi qala bilməsi idi.

O ərəb, fars və rus dillərində səlis danışırdı. Lakin bəzən onun haqqında zarafatla «Vəfa Quluzadə ən yaxşı prezident dilini bilir» deyirdilər. Onun üç prezidentin dövründə müşavir olmasına, onların hamısı ilə dil tapa bilməsinə işarə vururdular. Lakin yenə də ən qəribəsi bu idi ki, zarafat edənlərin düşüncəsinin əksinə, onun üç prezidentlə işləmək qabiliyyəti dəyişkənliyindən deyil, sabitliyindən irəli gəlirdi.

Bu sabitliklərdən biri də Vəfa Quluzadənin Qərbyönümlü olması, qərbpərəstliyi idi. Qərbpərəst olmaq ayrılıqda heç nə demir, lakin sadə fəlsəfəsinə varanda qərbpərəst olmaq – Qərbin, Avropanın dəyərlərinin daşıyıcısı olmaq deməkdir. Bu gün bütün dünyada Qərb dəyərləri deyiləndə isə, demokratiya, azad və ədalətli seçkilər, hesabatlığı olan hökumət, şəffaflıq kimi bəsit anlayışlar başa düşülür.

QƏRBPƏRƏST

Bir adamın Qərbyönümlü olması, əslində, Qərbdən daha çox həmin adamın öz ölkəsi ilə, onu necə görmək istəməsi ilə bağlıdır.

Lakin Vəfa Quluzadə ölkəsini necə görmək istədiyini dilə gətirmirdi, çünki o diplomat idi. Diplomatiya isə daha çox düşündüyünü dilə gətirməmək incəsənətidir.

Elə məhz buna görə də 1999-cu ildə istefaya gedəndən sonra da Vəfa Quluzadə müxalifətçi olmadı. Onun öz ölkəsinə baxışı müxalifətçi baxışından daha geniş, daha fundamental idi.

Əslində, Vəfa Quluzadə Azərbaycan tarixində əqidə zəminində öz xoşu ilə istefaya gedən nadir siyasətçilərdən idi. Qarabağ danışıqlarında Azərbaycanın əsas fiquru olan Vəfa Quluzadənin istefası, çox vaxt deyildiyi kimi, təkcə hökumətin Qarabağ siyasətinə etirazdan ibarət deyildi. Çünki o, Qarabağ münaqişəsinin çözümünə də Qərb bucağından baxırdı.

SUAYIRICI

Vəfa Quluzadənin istefaya getdiyi 1999-cu il Azərbaycanın ən yeni tarixində suayırıcı idi. Burdan o yana çay Qərbə və Şərqə yox, Qərbə və qeyri-Qərbə ayrılırdı. Quluzadə əqidəsi etibarilə o «qeyri yol»un yoldaşı ola bilməzdi.

Özlüyündə Azərbaycanın siyasi həyatında qərbpərəstliyin antonimi kimi «rusiyapərəst» sözünün işlədilməsi düzgün deyil. Bu gün mətbuatın rusiyapərəst adlandırdığı siyasətçilərin əksəriyyəti nə Blok-u əzbərdən bilirlər, nə Tolstoy-u və ya Dostoevsky-ni oxuyublar, nə də nənələrinin oxuduğu Pushkin nağılları ilə yuxuya gediblər. Bu, sadəcə olaraq, elitanın daha güclü qeyri-qərbpərəst qanadıdır. Qeyri-qərbpərəstliyin içində isə rusiyapərəstlikdən tutmuş dubaypərəstliyə qədər nə oriyentasiya desən tapmaq olar. Bu mənada Vəfa Quluzadənin özünü də çox vaxt ona yamanan «amerikanpərəst» epiteti ilə xarakterizə etmək böyük səhv olardı. Ona bəzən Azərbaycanın Qərbyönümlü siyasətinin memarı da deyirdilər. Lakin bu memarın tikintisi yox idi. Onu daha çox Qərbyönümlü siyasətin şairi adlandırmaq olardı.

BAĞLI QAPILAR ARXASINDA

Vəfa Quluzadənin bütün şüurlu peşə həyatı «bağlı qapılar» arxasında danışıqlardan ibarət idi. Söhbət heç də təkcə Dağlıq Qarabağ danışıqlarından getmir.

Tale elə gətirmişdi ki, Vəfa Quluzadə yeganə gənc oğlunu itirmişdi və ata üçün çox ağır olan bu zərbəyə də zahirən sinə gərmişdi. Amma qalib gələ bilmişdimi?

Onun Allahın özü ilə ən son danışıqları da bağlı qapılar arxasında gedirdi. Və o, bu danışıqlarda «nə üçün» sualına cavab axtarırdı.

Tapa bilmişdimi? Təəssüf ki, biz bunu heç vaxt bilməyəcəyik.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG