Keçid linkləri

-

İNTELLEKTUAL VƏSİQƏSİ ALMAQ ÜÇÜN...

Totalitar rejimdən, totalitar ideologiyanın hökm sürdüyü siyasi sistemdən çıxmış cəmiyyətin yenidən «milli ideologiya»ya üz tutması həm məntiqli və gözlənilən, həm də təəccüblü idi.

Ona görə məntiqli və gözlənilən idi ki, cəmiyyət belə görmüş, belə oxumuş, belə eşitmiş və ən başlıcası, belə yaşamışdı. Çoxlarından ötrü SSRİ adlı dövlətdən - imperiyadan milli dövlətə keçid, sadəcə, ölçülərin kiçilməsi, sərhədlərin daralması demək idi. Elə buna görə, insanlar ilk dövrlərdə SSRİ-nin kiçik «surət»lərini yaratmağa cəhd edirdilər...

Bütün bunların yenə yaşanması təəccüb doğururdu, axı SSRİ-də gördükləri və hakim ideologiyaya əsaslanan siyasi sistem özünü doğrultmamışdı...

Amma insanlar bunun fərqində deyildilər. «Milli ideya» və «milli ideologiya» mövzuları o vaxtlar təkcə Rusiyada deyil, Azərbaycanda da müəlliflərin «kart-blanş»ı sayıla bilərdi. Belə yazılarla cəmiyyətdə tanınmaq, ictimai rəy yaratmaq mümkün idi...

İndi həmin illərin gerçəklərini gen-bol xatırlatmağa lüzum yoxdur, həm də ona görə ki, bu proses Rusiyada davam etsə də, Azərbaycanda səngiyib... Həmin proseslərin gedişində maraqlı detallar da olmuşdu -unudulması çətin və hətta məzəli...

ƏGƏR BƏY DEYİRSƏ...

Bu hadisə 1992-ci ildə Azərbaycanda baş vermişdi. Demək, AXC-nin qurultayı gedirmiş və çıxışçılardan biri - təşkilatın funksioneri deyir ki, bizə milli ideologiya lazımdır, biz təbliğatı gücləndirməliyik və s. və i.a.

«Cəbhəçi»lərin maraqlı xüsusiyyəti vardı: Ə.Elçibəy timsahlar uçduğunu desəydi, bu, qeyd-şərtsiz qəbul olunacaqdı ki, timsahlar elə həqiqətən də uçur.

Qurultaya sədrlik edən Ə.Elçibəy o adamın çıxışına maraqlı atmacayla cavab verərək deyir ki, bəy, təbliğata xərcləyəcəyimiz pulları millətin problemlərinin həllinə yönəltsək, daha yaxşı olmazmı?

Yadımdadır, o vaxt həmin funksioner tribunanı çox pərt tərk etdi. Axı «cəbhəçi»lərin maraqlı xüsusiyyəti vardı: Ə.Elçibəy timsahlar uçduğunu desəydi, bu, qeyd-şərtsiz qəbul olunacaqdı ki, timsahlar elə həqiqətən də uçur. Soruşsaydın ki, bəs biz niyə onların uçmağını görmürük? Cavab verəcəkdilər ki, timsahlar yəqin, gecələr uçur, ona görə biz bunu görmürük...

Qərəz, Ə.Elçibəyin «cəbhə»çilər arasında nüfuzu o qədər böyük idi ki, nəsə desəydi, demək, düzünü deyəcəkdi...

Amma etiraf edim ki, onun qurultaydakı o replikası liberal düşüncəlilərin lap ürəyindən olmuşdu...

DEKLARASİYA İSTƏMİRSİNİZSƏ...

Bunları niyə xatırlatdım? O gün bir rusiyalı müəllifin milli ideologiya ilə bağlı yazısı diqqətimi çəkmiş, açığı, mənə maraqlı gəlmişdi... Tam biganəlik və etinasızlıqdansa, heç olmasa, belə məsələləri müzakirə etmək daha maraqlı deyilmi?

Üstəlik, burada bir məqam var. Demokratik dövlətdə milli ideologiya olmasa da, milli təhlükəsizlik konsepsiyası, hərbi doktrina və xarici siyasət konsepsiyası olur. Belə sənədləri «Biz kimik və nə istəyirik?» sualını cavablamadan hazırlamaq mümkün deyil. Bəli, prinsipcə, onsuz da keçinmək olar, amma o halda sırf deklarativ və heç nəyə yaramayan bir sənədin olacaq...

Demokratiya özü böyük ideyadır. Daim demokratiya sərhədlərində qalmaq və həyatı bu sərhədlər çərçivəsində anlamaq fərddən və eləcə də cəmiyyətdən çox böyük intellektual səylər tələb edir...

Dünyada dövlətlərin missiyası ilə bağlı ziddiyyətli mövqelər var.

Məsələn, alman siyasətçiləri «milli ideologiya»nı yaxına belə buraxmaq istəmirlər. Bəlkə də öz totalitar keçmişlərindən qorxduqlarına görə...

Amma tutaq ki, Şərqdə demokratik və dünyəvi dövlətə, plüralist və multikultural cəmiyyətə can atmağın özü niyə missiya, özü də mütərəqqi bir missiya kimi qəbul edilməsin?

Başqa sözlə, demək istəyirəm ki, politologiya, sosiologiya, ümumiyyətlə, siyasi və ictimai elmlər hər şeyin dəqiq olduğu riyaziyyat deyil. Burada bir fikri və ya təklifi təkzib edən arqumentlər də düşünmək mümkündür, təsdiqləyən də...

BU YOL HƏLƏ ÇOX UZANACAQ...

Bəzən görürsən ki, bir fikrə, hədəfə köklənmək millətin konsolidasiyasını artırır, onu ictimai-siyasi proseslərə daha fəal qoşulmağa təhrik edir...

Demokratiya özü böyük ideyadır. Daim demokratiya sərhədlərində qalmaq və həyatı bu sərhədlər çərçivəsində anlamaq fərddən və eləcə də cəmiyyətdən çox böyük intellektual səylər tələb edir... Ona görə də demokratiyanın artıq bir ideya kimi tamam işləndiyini düşünən adamlar çox yanılırlar... Azadlığın sərhədləri həmişə böyük mübahisələr doğuracaq, onun genişlənməsi həmişə kimlərisə qorxudacaq, kimlərisə ehtiyatlandıracaq...

Ən maraqlısı odur ki, demokratiyadan qlobal çağırış kimi qorxanlar bu ideyaya özünəməxsus «düzəlişlər» edirlər: suveren demokratiya, effektiv dövlətçilik və modernizm kimi məhdud baxışlar məhz bunun təzahürüdür. Elə bu səbəbdən, ideoloji diskussiyaların tam tükəndiyini demək də tezdir. Bu yol hələ bitməyib, irəlidə o qədər problem var ki...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG