Keçid linkləri

-

HƏƏ... ONU DEYİRSƏN?

Bəlkə onun da adı bizim indiki gənclərə heç nə demir. Hələ lap qəliz ingilis versiyasını demirəm - Revaz Chkheidze. Şəxsən mən onu, sadəcə, Rezo çağıracağam – gürcü rejissoru Rezo...

... Bəli, həmin Rezo mayın 3-də dünyasını dəyişdi. Bir vaxt çoxlarını valeh edən böyük gürcülərdən biri də bizləri tərk etdi...

Bəlkə də mən, bəri başdan, onun ən tanınan və ən sevilən filminin – «Əsgər atası»nın adını çəksəydim, çoxunuz qayıdardınız ki: «Əşi, həəə... Onu deyirsən? Bunu bayaqdan de dəəə!..».

Amma nə etmək olar? Bəndəniz rejissorların alınyazısını pozmaq istəmədi. Məsələ burasındadır ki, rejissorlar öz film və bu filmlərə çəkilən aktyorlardan az tanınırlar. Bu, onların taleyidir və onlar bununla barışırlar...

BİR DÖNƏM TƏRK EDİR BİZİ...

Belə adamların dünyadan gedişində, bilirsiniz, məni nə təsirləndirib-mütəəssir edir? Böyük bir epoxanın – bütöv bir dönəmin bizi tərk etməsi. Biz onu çox yamanladıq, çox qarasınca deyindik, üstündən xətt çəkmək istədik, adına imperiya deyib onu rədd etdik və... guya azad dövlət və azad cəmiyyət qurmaq istədik. Olsun, amma həmin epoxanın bizi tərk edən insanlarının yerini doldura bildikmi?

Ora-bura qıvrılırsan, özünü bu üç milyonluq şəhərin o küncünə - bu küncünə vurursan, amma o sualdan canını qurtara bilmirsən: «Bəs siz özünüz nə etdiniz?».

Adama rahatlıq verməyən sualdır. Ora-bura qıvrılırsan, özünü bu üç milyonluq şəhərin o küncünə - bu küncünə vurursan, amma o sualdan canını qurtara bilmirsən – sanki o sualı yekə bir plakata yazıb düz sənin qənşərində tutublar və soruşurlar: «Bəs siz özünüz nə etdiniz?».

Bu sualı özümə də ünvanlayıram. Əlli yaşımın tamamında elə bil hər yandan, hər tərəfdən yalnız bir sual eşidirəm: «Çox yazdın, çox ittiham etdin! Amma əvəzində özün nəsə yarada bildinmi?».Cavab yoxdur. Daha doğrusu, mənim cavabım yoxdur...

Bəlkə də bu sətirlərin müəllifini bağışlamaq olardı, axı bir yazar və demokratiya təbliğatçısı olmaqdan savayı qarşısına başqa bir məqsəd qoymamışdı...

Amma özünü «görkəmli» ssenarist, rejissor və yazıçı sayanlar da az deyildi bu ölkədə... Özlərindən yaşlıların qarasınca deyinməklə düşündülər ki, bəlkə beləcə, böyüyüb yüksələcəklər. Amma... Amma bir gün məlum oldu ki, onlar Rezo-nun «Əsgər atası» filminin «kopiya»sını çəkməkdən başqa heç nə bacarmırlar...

«BİZ NƏ ETDİK?.. ÖZÜMÜZÇÜN MİLYONLAR TOPLADIQ!»

Bilirsiniz, bəndəniz, ola bilsin, məsələni bir azca kəskin qoyur. Mədəniyyət elə bir şeydir ki, hər il dahi yetişdirməz. Nizami ilə Nəsimini iki əsr ayırır, Nəsimini də Füzulidən yenə elə...

Elə İbrahimbəyovun özü də həmin epoxanın adamı deyilmi? Onun üçün də nəinki bizim «yeni çağ»da, qurduğumuz «yeni» dövlətdə və cəmiyyətdə də yer tapılmadı.

...Yox, bunu anlamağa gücümüz çatır, amma bir məsələ var ki, Kann festivalı hər il keçirilir, «Oskar» mükafatları da yenə eləcə. Təbii ki, burada R.İbrahimbəyovun adını çəkib bir azca sakitləşə bilərdim - Gürcüstanın Rezo-su vardısa, bizim də İbrahimbəyovumuz vardı...

Amma elə İbrahimbəyovun özü də həmin epoxanın adamı deyilmi? Onun üçün də nəinki bizim «yeni çağ»da, qurduğumuz «yeni» dövlətdə və cəmiyyətdə də yer tapılmadı. Elə Rezo da vurnuxa-vurnuxa qaldı - Rusiya ilə Gürcüstan arasında dolaşmaqda, ora-bura gedib-gəlməkdəydi...

Gürcüstanda bir gənc baş nazir də vardı. Moskva Universitetini bitirmişdi. Və həmin baş nazir, mediada yazılana görə, özü üçün, nə az-nə çox, düz 90 milyon dollar toplaya bilmişdi...

Nə demək olar? Bəlkə elə «Bəs siz nə etdiniz» sualına bizim «yeni epoxa» siyasət adamlarının və ideoloqlarının cavabı da budur: «Milyonlar topladıq!..».

Amma Rezo bir müsahibəsində deyirdi ki, öz yeni filminə Rusiyada vəsait axtarmaq niyyətindədir...

HƏR İL DAHİ DOĞULMAZ, Dİ GƏL...

Bəlkə də bütün bu yazılanlardan bir bədbinlik duyulacaq... Çağdaş gürcü kinematoqrafında nələr baş verdiyindən xəbərsizəm. Bir dəfə mənə gənc bir gürcü yazıçısının kitabını vermişdilər. Dedilər ki, ədəbiyyatda «yeni söz»dür.

Birnəfəsə oxudum o kitabı. Amma gördüm ki, yox, bu, heç Nodar Dumbadze də deyil. Hətta həmin gənc yazıçının adını da yadımda saxlaya bilmədim. Əsərlərini unutduğum kimi, adını da unutdum...

Di gəl, Daneliya-nı, Rezo-nu, onların çəkdiklərini unutmaq olarmı? Hətta həmin filmlərdəki çox şey - bəzi epizodlar, aktyorların yerişi-duruşu və deyimləri, az qala, zərb-məsələ çevrilib...

Belədə, sadəcə, nə qalır? Bu günədək yazılanlara, çəkilənlərə görə şükür etmək. Axı gürcülər bir tərəfə, elə Azərbaycanda da bu illər boyunca nə «Dantenin yubileyi» yazıldı, nə də «Bir cənub şəhərində» çəkildi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG