Keçid linkləri

Təcili xəbərlər

Hökumət sosial verilişlərdən niyə qorxdu?


Foto illüstrasiya
Foto illüstrasiya

-

DEPUTATLAR JURNALİSTLƏRİ DANLADILAR...

Sosial verilişlərin sorağı gedib hətta Milli Məclisə çıxdı. Parlamentin bu yaxınlarda keçirilən iclaslarından birində deputatlar sosial verilişləri, onların aparıcılarını bir xeyli qınadılar...

Bəs səbəb nədir? Əvvəla, onu demək lazımdır ki, sosial verilişlər indi elektron informasiya vasitələrinin başa apara biləcəyi yeganə mövzudur-siyasətdən demək olar ki, danışmaq və göstərmək mümkün deyil, tənqidi jurnalistika tam yox olmaq səviyyəsindədir... Belə bir vəziyyətdə yeganə mövzu-sosial problemlər qalırdı ki, jurnalistlər onunla məşğul olmaqla ali hakimiyyətin bir o qədər də narazı qalmayacağını düşünürdülər...

Ali hakimiyyət özü çoxdandır ki, toxunulmazlıq immunitetini təmin edib. Bu vəziyyətdə jurnalistlər özlərini elə aparırdılar ki, sanki ali hakimiyyətin gördüyü müsbət işləri, onun etimadanı yerə vuran kiçik məmurları tənqid edib öz toxunulmazlıqlarını, həm də verilişlərinin reytinq problemini həll edəcələr.

Amma görünür ki, heç də belə deyil...

Deputatlar belə bir detalı vurğuladılar ki, guya jurnalistlər dövlət orqanlarının görməli olduğu işlə məşğuldurlar, guya ki, həmin promlemlərlə bağlı vətəndaşlar məhz aiddiyyətli orqanlara müarciət etməlidirlər...

Əslində jurnalistlər də problemləri həmin orqanlara müraciət etməklə həll edirdilər- ən azı ona görə ki, jurnalistlər dövlət məmurları deyillər və onların hökm, sərəncam vermək hüquqları yoxdur. Bu səbəbdən də əslində deputatların dilindən səslənən iradların heç bir əsası yoxdur...

Medianın da fəaliyyəti elə təsəvvür yaratmalıdır ki, bu ölkədə heç bir problem yoxdur. Rəsmi telekanallar məhz belə işləyir. Hətta insanlar arasında belə bir zarafat dolaşır ki, kimin problemi yoxdursa, qoy, onda rəsmi kanallara baxsın.

SOSİAL VERİLİŞLƏRDƏ ÖLKƏ GÖRÜNÜRDÜ...

Bizə elə gəlir ki, problem başqa məsələdədir. Dedik ki, sosial verilişlər böyük reytinq toplayırdı. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi odur ki, həmin verilişlərə çoxlu sayda insan müraciət edir və bu müraciətlərin əsasında hansı problemlərin mövcud olduğu aydınlaşır, məmurların yarıtmaz fəaliyyəti və bir çox hallarda tam etinasızlığı üzə çıxır, dövlət-vətəndaş münasibətlərinin incə məqamları faş olurdu...

Hökuməti də, deputatları da qorxudan elə budur. Medianın da fəaliyyəti elə təsəvvür yaratmalıdır ki, bu ölkədə heç bir problem yoxdur. Rəsmi telekanallar məhz belə işləyir. Hətta insanlar arasında belə bir zarafat dolaşır ki, kimin problemi yoxdursa, qoy, onda rəsmi kanallara baxsın. Böyük məsələlərdə özəl telekanallar da həmin bu çərçivəni gözləyirdilər. Bunu artıq qeyd etdik. Amma rəsmi kanallardan fərqli olaraq onlar sosial problemlrə toxunurdular və bir-iki verilişə baxanda sonra dərhal aydın olurdu ki, «cənnət görmək istəyənlərin» Azərbaycana gəlməsi elə də məsləhət deyil, çünki onlar cənnət əvəzinə əsl cəhənnəmlə rastlaşa bilərlər...

ƏGƏR UŞAQLAR DA BARIŞIBSA...

Bəziləri deyir ki, guya məmurlar jurnalistləri qısqanırlar. Amma düşünürük ki, bu məsələni kiçiltməkdir-məmurlar reallığın üzə çıxmasından ehtiyat edirlər...

Reallıq isə ən ağlagəlməz verilişlərdə belə üzə çıxa bilər. Arabir uşaq verilişlərinə baxırıq. Şükür edirik ki, onlar hələ bu hakimiyyətin diqqətini cəlb etməyib. Ona görə ki, bu verilişlərdə kiçik yaşlı uşaqlar gerçəkliyin elə tərəflərinə diqqət çəkirlər ki, adam mat-məəttəl qalır: düşünürsən ki, doğrudanmı, biz belə bir ölkədə yaşayırıq? Yox, demək istəmirik ki, həmin o uşaq verilişlərinə baxmasaq yaşadığımız ölkənin özəlliklərini bilmərik. Yox, belə deyil- hamı hər şeyi çox yaxşı bilir...

Uşaq verilişlərinə baxanda görürsən ki, hətta uşaqlar da artıq yaşdığımız ölkə və onun eybəcərlikləri qarşısında ağ bayraq qaldırıblar- onlar artıq indidən belə hesab edirlər ki, məhz bu cür də olmalıdır...

Sadəcə, uşaq verilişlərinə baxanda görürsən ki, hətta uşaqlar da artıq yaşdığımız ölkə və onun eybəcərlikləri qarşısında ağ bayraq qaldırıblar- onlar artıq indidən belə hesab edirlər ki, məhz bu cür də olmalıdır...

Adamı qorxudan da və dilxor edən də elə budur-əgər biz uşaqlara və yeniyetmələrə də ümid etməyəcəyiksə və bizim edə bilmədiklərimizi onların edəcəyinə inamımızı tamam itirəcəyiksə, onda heç yaşamağa dəyərmi?

İndi bu sətirləri yazırıq və ehtiyat edirik ki, uşaq verilişləri də məmurlarımızın diqqətini çəkər. Onda nə olar? Çox güman ki, bu mövzunu da dərhal qapayarlar.

Deyilənə görə, Jozeph Stalin uşaqlar üçün nəzərdə tutulan qəzetləri və jurnalları da oxuyurmuş. Bizim məmurların özlərinin elə də oxumaq, izləmək həvəsi yoxdur. Amma onların əvəzində bunu edənlər var...

PARİS ƏHLİ KEF EDİR...

Qayıdaq əsas məsələyə. Sosial verilişlər qapansa nə baş verər? Onda birmənalı şəkildə demək olar ki, biz artıq sovet çağlarına qayıtmışıq. Nə fərqi var? Sovetlərin vaxtında bir senzura idarəsi vardı, hamının da yolu oradan keçirdi. İndi az qala hər bir telekanalda bir senzor oturub- vacib deyil ki, o, məhz belə adlansın, əsas odur ki, o, nəyi efirə verib-verməmək məsələsini həll edir...

Ona görə də çox kədərli ölkədir: deputat da az qala məmur kimi danışır, hətta jurnalistlər də özlərini məmurlar kimi aparırlar...

Bundan da cansıxıcı mühit təsəvvür etmək mümkündürmü? Belə alınır ki, bu ölkədə hər şey bir təəssürat yaratmalıdır: «Paris əhli kef edir!»...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG