Keçid linkləri

-

DANTE-NİN YUBİLEYİ VƏ CƏHƏNNƏM QATLARI...

Bəlkə də ondan başlamaq daha düzgün olardı ki, bu həftə Dante Alighieri-nin doğum günündən 750 il keçir. «İlahi komediya» ilə məşhurlaşan Dante artıq 7 əsrdən çoxdur ki, bütün dünyada maraqla oxunur... Ötən bu 7 əsr boyunca Dante-nin ardınca başqa insanlar da «cəhənnəmin neçənci qatında yaşadıqlarını» müəyyənləşdirməyə çalışırlar...

Bunu niyə yazdım? O üzdən yazdım ki, bir neçə gündür hamı İŞİD yaraqlılarının necə irəlilədiyni izləyir. Sanki İŞİD-çilər cəhənnəmin dairəsini genişləndirməklə və yaxud yeni cəhənnəmlər yaratmaqla məşğuldur...

Onların «zəfər»lərinə biganə qalmaq da olardı. Ən azı ona görə ki, bütün dünyanın dərdini çəkmək, acısını-ağrısını yaşamaq elə də asan deyil. Amma məsələ də bundadır ki, mədəni insan bunlara biganə qala da bilmir...

Bu silahlılar, ilk növbədə, tarixi abidə və muzeyləri dağıdırlar. Düzdür, müharibələrin muzeylərə həmişə çox özəl münasibəti olub və müharibələrdə muzeyləri həmişə çapıb-talayıblar...

İndi İŞİD silahlıları haqqında da deyirlər ki, guya onlar internetdə yaymaq üçün bir neçə abidəni dağıdır, amma qalanlarını satırlar. Təsəvvür edin ki, adam hətta bu ehtimala da inanmaq istəyir. Düşünürsən ki, çox nadir muzey eksponatlarının məhvindənsə, onların satılıb başqa muzeylərə düşməsi daha yaxşı olardı...

Bəzi ilahiyyatçılar «Quran»ın da təsvir etdiyi islamaqədərki dövrü elə qara rəngdə verirlər ki, insan, istər-istəməz, özünün həmin dövrlə hər hansı bağlılığını büsbütün inkar etməyə can atır. Məsələ bundadır...

DİN TARİXİ İNKAR EDİRMİ?..

Bu sualın cavabı da maraqlıdır: İŞİD-çilər niyə tarixə savaş elan ediblər? Bunu radikal islamçıların baxışları ilə əlaqələndirənlər var. O ehtimala görə, onlar islamöncəsi tarixi bəyənmir və onu özünəməxsus şəkildə inkar edirlər...

Qəribə məntiqdir, deyilmi? Bu məntiqlə gərək xristianlar antik Yunanıstana və yaxud qədim Romaya aid nə varsa, hamısını dağıtmalıdırlar. Amma onlar dağıtmadılar və indi də dağıtmırlar. Məhz bunun nəticəsində də dünya böyük bir mədəniyyətlə təmas yaradıb...

Bu «fenomen»in səbəblərini dinlərin özündə də axtarmağa cəhd göstərmişəm. İsa peygəmbər deyirdi ki, dağıtmağa gəlməmişəm... Bəlkə səbəb budur? Görəsən, islamın özündə keçmişlə bağlı hər hansı ikrah yaradan, onu tamam inkar edən detallar var?..

Məgər islam özü tarixi Adəm və Həvvadan, İbrahimdən, Musadan və İsadan keçirərək, gətirib Məhəmməd peygəmbərə qədər çatdırmırmı?

Deməli, əslində, həmin hadisənin kökləri heç də islamda deyil, sadəcə, bəzi ilahiyyatçıların canfəşanlığındadır – onlar müqəddəs «Quran»ın da təsvir etdiyi islamaqədərki dövrü elə qara rəngdə verirlər ki, insan, istər-istəməz, özünün həmin dövrlə hər hansı bağlılığını büsbütün inkar etməyə can atır. Məsələ bundadır...

Əslində, dünyada bir neçə islam mövcuddur. Elə islam var ki, onun təmsilçiləri digər insanlarla, müxtəlif mədəniyyətlərlə çox orqanik, həmahəng şəkildə yaşaya bilir. Bəziləri də islama bağlılığı əlinə silah götürüb, İŞİD-çilər kimi, abidə və muzeyləri dağıtmaqda görür...

BEŞ ƏSR KEÇMİŞƏ DOĞRU?

Bəlkə başqa səbəblər də var ki, biz bilmirik... Bir dəfə söhbətləşdiyim bir nəfər dedi ki, müsəlman dünyasında baş verənlərə təəccüblənməyə dəyməz, çünki müsəlmanlar bir vaxt etmədiklərini indi edirlər və onlar indi xristianlığın ilkin dövrlərinə bənzəyən bir mərhələdən keçirlər...

Mən bunu ciddi arqument saymadım, indi də saymıram. Əslində, dünyada bir neçə islam mövcuddur. Elə islam var ki, onun təmsilçiləri digər insanlarla, müxtəlif mədəniyyətlərlə çox orqanik, həmahəng şəkildə yaşaya bilir. Bəziləri də islama bağlılığı əlinə silah götürüb, İŞİD-çilər kimi, abidə və muzeyləri dağıtmaqda görür...

Bəlkə də bunun birbaşa dinlərdən qaynaqlanmayan bir yarıntısı da var ki, onu mütləq qeyd etmək lazımdır.

BƏZƏN UZAĞA GETMƏYƏ EHTİYAC QALMIR...

Azərbaycanlılar tarixin sürəkli və sistemli təhrifinin və hətta məhv edilməsinin şahidi olan xalqdır. Formal şəkildə də olsa da, Ermənistan həmişə özünü xristian dünyasına aid edib...

Ona görə «formal şəkildə» deyirəm ki, bir çox məsələlərin birbaşa dindən qaynaqlanması fikrini mən də qəbul etmirəm. Amma Ermənistanda formal dövlətçilik atributlarını əldə edəndən dərhal sonra tarixə qarşı savaş elan olundu - abidələr, məscidlər və hətta kilsələr söküldü, toponimlər dəyişdirildi, yazılı və maddi tarix tamam təhrif edildi. İndi buna nə deyək? Hər şeyi dinin adına yazaq? Bu, təbii ki, absurd olardı. Sadəcə, bir daha qəbul etmək lazım gəlir ki, bir neçə islam olduğu kimi, bir neçə xristianlıq da mövcuddur. Tarixi hansısa səbəbdən buldozerlərin qabağına atan xristian ölkələri də var, ötən zamanların ən kiçik, ən xırda və bəlkə gözlə görünməz zərrəciklərinin itib-batmaması, insanlara qalması, sərvət sayılması üçün muzeylərə toplayan xristian ölkələri də...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG