Keçid linkləri

-

BİR ROLDAN O BİRİ ROLA...

Vaxt elə bil uçur. Budur, iyun ayı da yetişdi. Düşünürsən ki, o çağların - 1993-cü ilin yaz və yay aylarının birbaşa «qəhrəman»ları sayıla biləcək insanlar artıq həmin anları xatırlamırlarsa və hətta unudublarsa, onları heç yada salmağa dəyərmi?

Məncə, dəyər. Ən azı ona görə ki, o anları hamımız yaşamışıq. İstər-istəməz, bir sual da ortaya çıxır: O dövrdə ən çox nə maraq doğururdu?

1980-ci illərin sonlarından cızılan siyasət ssenarisi nə vaxtsa başa çatmalı idi və bu, elə məhz 1993-cü ilə təsadüf etdi. Təxminən beş ildən sonra bəlli siyasi ssenari yekunlaşdı...

Amma bununla hər şey bitdimi? Yox, əlbəttə. Yeni «pərdə» başlandı və biz hamımız yeni «rol»lar aldıq. Hələ təxminən 10 il də bu «rol»ları ifa etməli idik...

KİMƏ QURTULUŞ, KİMƏ DƏ...

İndi 1993-cu il haqqında çox şey deyirlər. Onu xilas, qurtuluş ili sayanlar da var. Olsun. Amma həmin il ona qədərki 5 ildən bir neçə dəfə artıq torpaq işğal olundu, itkilər göynətdi...

Düzdür, indi bu haqda danışmağı sevmirlər. Heç danışmırlar da, daha çox əvvəlki illərin itkilərini yada salırlar. Halbuki məhz 1993-cü ildə itirilənlərin üstündən xətt çəkmək də elə də asan deyil...

Psixoloji baxımdan çox ağır il idi. 1992-ci ilin may inqilabı heç qələbənin dadını çıxarmadan, özünütəsdiqə macal tapmadan məğlubiyyətə uğramışdı. İnqilab zarafat sevməz. Di gəl, o dövrün fəalları inqilabla məzələnməyə başladılar və bəlkə də bu üzdən inqilab yenildi...

İllər keçir, amma «niyə belə oldu» sualı yaxamızdan əl çəkmir. Öndə gedənlər demədilərmi bir hissəniz inqilabçılığı saxlayın, bir hissəniz də məmurlaşın? Dedilər, ancaq o insanlar nə sonadək inqilabçı ola bildilər, nə də məmurlaşdılar...

Haradasa 93-94-cü illər olardı. Dövlət idarəsində çalışan bir həmkarımdan soruşdum ki, onlar oralarda nə edirlər? Dedi ki, iqtisadiyyata və siyasətə aid müasir kitabları oxuyurlar...

ƏKS-İNQİLAB VƏ BƏRPA DÖVRÜ...

İnqilabların məğlubiyyətindən sonra, adətən, bərpa dövrü başlayır, axı əks-inqilab dalğası həmişə köhnəni bərpa etməyə çalışır...

Amma maraqlıdır ki, 1993-cü ildə də köhnə tamam bərpa olunmadı. Hər yerə, hər vəzifəyə köhnə kadrlar qayıtsa da, köhnənin özü tam bərpa edilmədi...

Bu yerdə, məncə, çox maraqlı bir detala toxunacağam. Haradasa 93-94-cü illər olardı. Dövlət idarəsində çalışan bir həmkarımdan soruşdum ki, onlar oralarda nə edirlər? Dedi ki, iqtisadiyyata və siyasətə aid müasir kitabları oxuyurlar...

Ona görə də 1993-cü ilin özəlliyini belə müəyyənləşdirərdim: köhnə kadrlar - sovet kadrları «yeni cəmiyyət» və «yeni dövlət» qurmağa girişdilər. Mənim öz dostlarımın da yenicə qurulacaq quruluş haqqında tam təsəvvürləri olsaydı, indi bu yerdə həmin köhnə insanlara xeyli gülərdim. Amma onların, mənim dostlarımın da bitkin təsəvvürü yox idi...

XARİCİLƏRƏ GÖSTƏRMƏK ÜÇÜN...

Bu üzdən gənc Azərbaycan dövləti tam sağlam doğula bilmədi. Necə deyərlər, doğuş qüsurlu oldu. Amma o bizim hamımızın idi və hamımız onu qəbul etmək zorundaydıq...

İndi 1993-cü ili xatırlarkən, yenə özümdən soruşuram ki, o dövr daha nə ilə xarakterik idi? Yadıma gəlir ki, suallar çox idi. Düşünürdük ki, görəsən, nə olacaq, necə olacaq?

Amma müəyyən konturlar dərhal aydınlaşdı. Hamıdan tez müstəqillik əleyhdarları tam məyus oldu. Məlum oldu ki, müstəqillik davam edəcək...

Elə demokratiya, azadlıq tərəfdarları da tez məyus oldular. Az keçmədən anladıq ki, ölkədə demokratiya da xaricilər önündə nümayiş etdirmək üçün lazım gələn qədər olacaq...

Bundan sonra bizlər «Bizdə azad və demokratik siyasi sistem, müstəqil media və siyasi partiyalar var» demək üçün lazım idik. Xaricilərə göstərmək və bundan sonra kredit almaq üçün lazım idik...

Yanılmadıq. Bundan sonra bizlər «Bizdə azad və demokratik siyasi sistem, müstəqil media və siyasi partiyalar var» demək üçün lazım idik. Xaricilərə göstərmək və bundan sonra kredit almaq üçün lazım idik - o vaxt indiki kimi deyildi, ölkənin xarici kreditlərə böyük ehtiyacı vardı, onlarsa bəlli şərtlərlə verilirdi...

HƏR HALDA CƏHD ETDİK...

Təbii ki, bu tale və missiya ilə dərhal barışmadıq və gücümüz çatanı etdik. Amma sonda yenildik, keçmiş kommunistlərin və onların davamçılarının lazım bildiyi miqdardakı azadlıqla yetərlənməyə məcbur qaldıq...

O səbəbdən bir qədər rahatıq. Lap məşhur aktyor Jack Nicholson-un qəhrəmanı kimi. Onun qəhrəmanlarından biri demədimi, «heç olmasa, cəhd etdim mən...».

Bunları bəraət üçün söyləmirəm. Əslində, elə bərpa dövrü də müəyyən qədər bizim «xidmətimiz» idi. Bilirsiniz, «Deyirdim axı...», «Mən bilirdim ki, belə olacaq...» deyənləri o qədər də sevmirəm, çünki onlara qulaq assan, gərək heç nə etməyəsən, əlini-qolunu uzadıb öləsən...

Biz də bəzi şeylər bilirdik. Bu, böyük bir oyuna bənzəyirdi. Hamı bu oyuna qatılmışdı. Hamı da qələbəyə ümidli idi. Amma aydındır ki, bir oyunda, hətta çox böyük oyun olsa da, hamı qalib çıxa bilməz...

İndi qalib gələnlər bəllidir. Elə məğlublar da bəllidir. Hər şey də aydındır. Ən azı ona görə ki, üstündən 22 il vaxt keçib. Bu, çox çətin bir məktəb olsa da, hər halda onu 22 ilə başa vurmaq mümkündür...

Düzdür, bəzən mənə elə gəlir ki, bu məktəbi başa vura bilməyən bircə nəfər varsa, o da özüməm. Elə o üzdən həmin o çağlara - barıt və siyasi intriqa, gizli və məkrli siyasi sövdələşmə qoxulu o illərə tez-tez qayıdıram...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG