Keçid linkləri

-

XƏRİTƏDƏ ÖLKƏLƏRİN HAMISI BİR-BİRİNƏ BƏNZƏYİR

Ölkələr xəritə və ya qlobus üzərində bir-birindən elə də fərqlənmir. Adam heç bir vəchlə onların birini artırıb, o birini kiçiltmək istəmir. Ölçüləri eyni olmasa da, bütün ölkələr təkrarsız və maraqlı görünür...

Ağla belə bir fikir də gəlir ki, əslində, ölkələrə ilk anlam qazandıran özəllik heç də onların harada yerləşməsi və nə boyda olması deyil, siyasi sistemləridir. Hər hansı ölkəyə qiymət verərkən, əsas amil kimi siyasi sistemləri götürməyə, həmin ölkənin azadlıq dərəcəsinə diqqət yetirməyə bizi vadar edən də elə budur...

Ölkələr, adətən,çox coğrafi amillərə görə çeşidlənirlər. Di gəl, «xristian» və yaxud «müsəlman» ölkələri şəklində bölgülər də yetərincə yayılıb.

MÜSƏLMAN ÖLKƏLƏRİ: REALLIQ, YOXSA...

Bizi burada müsəlman ölkələri maraqlandıracaq. Əslində, bu «geosiyasi areal»dakı mənzərə hamıya yetərincə aydındır - onların içində varlıları da var, kasıbları da, böyüyü də var, kiçiyə də, böyük okeanlara çıxışı olanları da var, olmayanları da... Amma soruşulanda ki bu ölkələrin içərisində yetərincə azad olanı varmı, o halda adamın dili başlayır topuq vurmağa...

Müsəlman ölkələrindən hansını azad ölkələrə misal çəkə bilərik? Özünüzü çox da yormayın, azad ölkə bir yana, heç sekulyar-dünyəvi ölkə də tapmaq elə asan deyil. Hansı ölkəni azad və dünyəvi ölkə kimi göstərmək olar? Təəssüf ki, Türkiyədən savayı ağlımıza başqa ölkə gəlmir. Və nə qədər qəribə olsa da, burada Azərbaycan da yada düşür...

Azərbaycanlıların Mirzə Fətəlinin ateizmindən keçməsi, Mirzə Cəlil və Mirzə Ələkbər Sabirin tənqidinə tuş gəlməsi onların dini baxışlarına çox müsbət təsir göstərib.

BAŞQA AZADLIQLAR OLMASA DA...

Azərbaycandakı siyasi sistem, bu ölkədə demokratiya və azadlıqların durumu barədə o qədər tənqidi fikirlər səsləndirmişəm ki, rica edirəm, oxucu indi deyəcəklərimin də səmimiliyinə inansın...

Azərbaycan azad ölkə deyil. Burada əsas hüquq və azadlıqlar tam şəkildə qorunmur. Bizlər tez-tez müsəlman Şərqində ilk respublika olduğumuzu söyləyir və bundan haqlı olaraq qürur duyuruq...

Amma respublikaçılıq meyarları indiki Azərbaycanda nə qədər kök salıb? Bu ölkədə gerçəkdən seçkili siyasi sistem, hakimiyyət bölgüsü həyata keçirilibmi? Təəssüf ki, «hə» deyə bilmirik, axı problemlər olduqca çoxdur və bunu inkar etmirik...

Amma bu yaxınlarda maraqlı bir hadisə baş verdi. Almaniya Bundestaqının qəbul etdiyi qətnamədə Azərbaycanda guya dini azadlıqların məhdudlaşdırıldığı bəyan edildi...

O qətnamədə Azərbaycanda insan haqlarının tapdanması, seçkilərin saxtalaşdırılması, parlamentarizm və konstitusionalizm ənənələrinin yetərincə və əsaslı şəkildə oturuşmadığı bəyan edilsəydi, buna hamılıqla «hə» deyərdik, çünki həmin problemlər ölkədə həqiqətən də var...

Amma ölkənin dünyəvilik, yəni sekulyarizm və dini tolerantlıq baxımından, sözün əsl mənasında, problemi yoxdur. Bu, azərbaycanlıların mental dünyagörüşü və çoxəsrlik ənənələriylə bağlıdır - azərbaycanlılar dinc adamlardır, başqa dinlərə və ayinlərə də həmişə sayqı göstərirlər...

HƏTTA ANTİSEMİTİZMİN NƏ OLDUĞUNU BİLMİRDİLƏR...

Bir vaxtlar Azərbaycan 15 eks-sovet respublikası arasında, bəlkə də, yeganə yer idi ki, burada antisemitizmin nişanəsini də görməzdin. İnsanların çoxu bunun nə olduğunu da bilmirdi. Gümanımca, yəhudi əsilli insanlar keçmiş Sovet İttifaqının heç bir guşəsində özlərini Bakıda olduğu qədər sərbəst hiss etmirdilər...

Gümanımca, yəhudi əsilli insanlar keçmiş Sovet İttifaqının heç bir guşəsində özlərini Bakıda olduğu qədər sərbəst hiss etmirdilər...

Amma başqa yerlərdə, hətta Moskvanın özündə, onlara ögey münasibət gözə çarpırdı. Təbii ki, indi bütün bunlar unudulub və tarixə çevrilib. Amma yenə düşünürəm ki, elə indiki Rusiyada da, tutalım, yəhudi əsilli insanlara Azərbaycandakı qədər səmimi münasibət bəslənmir...

BAŞQA İSLAM DA VAR...

Bunları niyə deyirik? Təəssüf ki, yalnız iki ölkənin - Türkiyə və daha sonra Azərbaycan sayəsində demək mümkündür ki, dünyada başqa bir İslam - daha dözümlü və daha mütərəqqi İslam da var!..

Türkiyəni deyə bilmərəm, amma azərbaycanlıların Mirzə Fətəlinin ateizmindən keçməsi, Mirzə Cəlil və Mirzə Ələkbər Sabirin tənqidinə tuş gəlməsi onların dini baxışlarına çox müsbət təsir göstərib (prof. Rəhman Bədəlov onları «3 böyük mirzə» adlandırır – red.). İnsanlar sanki özlərinə bir az kənardan baxmaq imkanı qazandılar...

Daha sonra nə oldu? İlk teatr, ilk opera, ilk qəzet... Yenə nələrisə sadalamaq olar, amma ehtiyac yoxdur. Sadəcə, xoş niyyət onunla seçilir ki, yaxşı olanı sezir və irəliyə aparanı qabardır...

Bəzən təlaşlanıram ki, nəyinsə nəticəsində, tutalım, digər müsəlman ölkələrindəki çox radikal baxışların təsiriylə Azərbaycan həmin özəlliklərini və unikallığını itirə bilər...

Bunu heç arzulamazdım. Axı ağıllı adamlar, bir qayda olaraq, başqalarının səhvlərindən nəticə çıxarmağı bacarırlar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG