Keçid linkləri

Uyğurlar və Azərbaycan gənclərinin aksiya yanğısı...


Bakıda uyğurlara dəstək üçün Çin səfirliyi qarşısında aksiyadan foto

Bakıda uyğurlara dəstək üçün Çin səfirliyi qarşısında aksiyadan foto

-

BREJNEV NİXON-A NƏ CAVAB VERDİ?

Çoxdanın söhbətidir. Bir lətifə vardı. Deməli, Leonid Brejnev-lə Richard Nixon mübahisə edirlər. O deyir ki, mənim ölkəm daha azaddır, bu deyir, yox, mənim ölkəm...

Axırda Richard Nixon qayıdır ki, ABŞ-da hər bir adam Ağ Evin qarşısına gəlib prezidenti istədiyi qədər tənqid edə bilər. Leonid Brejnev bilmir nə desin, qayıdır ki, nə olsun, bizdə də hər bir adam Qızıl Meydanda ABŞ və onun prezidenti haqqında istədiyi tənqidi söyləyə bilər...

Bunu niyə xatırladım? Düşünürəm ki, azərbaycanlı fəalların Ermənistana baxıb köks ötürməsinin mənası yoxdur, axı Azərbaycanda da aksiya keçirmək mümkündür. Məsələn, uyğurlara dəstək aksiyasını... Elə bu günlərdə bir neçə gənc belə bir aksiya təşkil etmişdi. Hətta bəzi telekanallar da onu yetərincə işıqlandırdılar...

Bu sözlərlə, təbii ki, azərbaycanlı gənclərin aksiyasına kölgə salmaq fikrim yoxdur və uyğurları da müdafiə etmək lazımdır. Hətta yada salmaq istərdim ki, bir vaxtlar, heç də uzaq olmayan keçmişdə, tez-tez İran Azərbaycanının fəallarına dəstək aksiyaları, İran azərbaycalılarının hüquqlarını müdafiə tədbirləri keçirilirdi. Amma sonradan İran və Azərbaycan hakimiyyətlərinin münasibətləri o qədər yaxşılaşdı ki, daha belə aksiyaların təşkili mümkün olmadı...

VƏTƏNDAŞLARIN RAHATLIĞI ƏSASDIRSA...

İndi Azərbaycanda aksiyalar çox seyrək olur. Adda-budda görürsən ki, Milli Şura haradasa mitinq keçirdi. Başqa heç nə olmur...

Azərbaycanlı fəalların Ermənistana baxıb köks ötürməsinin mənası yoxdur, axı Azərbaycanda da aksiya keçirmək mümkündür. Məsələn, uyğurlara dəstək aksiyasını...

Bəzən deyirlər ki, guya aksiyalar başqa insanlara problem yaradır. Amma bəlkə də çox uğurlu olmayan bir misal çəkim. Götürək bu son Avropa Oyunlarını. Üç-dörd həftə içində nə qədər yasaq və məhdudiyyət qoyuldu? Məgər bunlar digər insanların hərəkət və yaşayışına problemlər törətmirdi? Təbii ki, törədirdi!..

Kimlərsə deyə bilər ki, axı o beynəlxalq idman bayramı idi. O zaman eyni məntiqlə də cavablamaq olar ki, bəyəm ictimai-siyasi fəallar aksiyalara bayram kimi baxmır? Uzun sözün qısası, formal məntiqlə hər şeyə haqq qazandırmaq olar...

Ona görə də, ən yaxşısı, insanlara sərbəstlik vermək, istədikləri dinc aksiyalara şərait yaratmaqdır. Belə olsa, hamıya yaxşı olar və biz də hər hansı məsələni əsaslandırmaq üçün dağa-daşa düşmərik...

ƏN DEMOKRATİK ÖLKƏLƏRDƏ DƏ...

Dünyanın gəlişmiş, irəliləmiş ölkələrinə baxanda, insanların hər yerdə aksiya keçirdiyini görürsən. Halbuki onların azad mediası, məhkəməsi, demokratik qaydada seçilmiş parlamenti var. Amma bunlar yetmir, insanlar yenə dinc aksiyalara üstünlük verirlər. Üstəlik, Azərbaycandakı kimi, parlament seçkiləri ərəfəsidirsə...

Mediaya sızan xəbərlərə inansaq, hakim partiya öz siyahısını müəyyənlşdirib. Bunu etməyiblərsə də yaxın vaxtlarda siyahı hazır olacaq, çünki vaxt var... Məni bir sual maraqlandırır. Məsələn, Avropa Oyunlarını keçirəndə dedilər ki, Azərbaycanı dünyaya tanıtmaq istəyirik. Bəlkə Azərbaycanı dünyaya başqa bir yöndən də tanıdaq? Tutalım, demokratik seçki keçirən, yüksək parlamentarizm mədəniyyəti göstərən bir ölkə kimi... Bəyəm belə ola bilməz?

Axı bu da yaxşı reklam olardı...

EFİR VAXTI OLACAQ?

Reklam dedim, bir məsələ də yadıma düşdü. Görəsən, debatlar olacaq? Axı axır vaxtlar hakim partiya maraqlı bir üsul tapıb: Müxalifət partiyalarını debatdan məhrum edir, sonra da böyük bir «alicənablıq» göstərərək özü də efir vaxtından imtina edir! Halbuki hakim partiyanın efir vaxtına ehtiyacı yoxdur. İlboyu, az qala, günün 24 saatı onun təbliğatı gedir...

Amma müxalifətdə olan partiyalar gözləyirlər ki, beş ildə bir dəfə bəlkə onlara da efir ayırdılar və onlar da ürək sözlərini söyləməyə imkan tapdılar...

Olacaqmı bu imkan? Bilmirəm. Hər şey hakim partiyanın səxavətindən asılıdır - istəyər, verər, istəməz, verməz. Başqa işlək mexanizm qalıb ki?!.

Axı axır vaxtlar hakim partiya maraqlı bir üsul tapıb: Müxalifət partiyalarını debatdan məhrum edir, sonra da böyük bir «alicənablıq» göstərərək özü də efir vaxtından imtina edir!

Bu ölkədə, hələlik, yalnız uyğurlara dəstək aksiyası keçirmək olar. Müxalifətdə də çeviklik yoxdur, belə bir aksiya keçirmir. Maraqlıdır, birdən keçirmək istəsə, buna icazə verərdilər? Bunu televiziyada işıqlandırardılar?

Hər halda, hələ gec deyil, sınasın müxalifət. Axı uyğurların da problemi bu tezliklə həll olan deyil. Müxalifətin bu il azı bir dəfə aksiya keçirmək fürsəti varsa, fürsəti qaçırmasın...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG