Keçid linkləri

-

Braziliyanın Pirasibaka şəhərində milyonlarla geni dəyişdirilmiş ağcaqanadı azadlığa buraxıblar. Söhbət erkək-mutantlardan gedir.

Onlar dişi ağcaqanadlara xüsusi gen ötürürlər və bu genin sayəsində dünyaya gələn sürfələr cinsi yetkinlik dövrünə çatmadan ölürlər.

Bu yolla alimlər insan üçün təhlükəli olan denge qızdırmasının daşıyıcılarının çoxalmasının qarşısını almaq istəyirlər.

Geni dəyişdirilmiş ağcaqanadları Britaniyanın Oxitec biotexnoloji şirkəti ərsəyə gətirib. Şirkət Braziliyanın istənilən ərazisində eksperiment aparmağa icazə alıb.

Pirasibaka - Aedes aegypti (Denge qızdırmasının daşıyıcısı) ağcaqanadlarının ən çox yayıldığı yer sayılır. 2015-ci ilin aprelindən etibarən bura altı milyonadək geni dəyişdirilmiş ağcaqanad buraxılıb.

Bu ağcaqanadlar nəinki öz nəsillərinin kəsilməsinə yardımçı olur, həmçinin onlardan törəyən sürfələr ultrabənövşəyi işıqda qırmızı rəngə çalırlar. Bununla alimlər bu üsulun effektivliyini də öyrənə bilirlər.

Alimlər Pirasibaka küçələrinə içi su ilə dolu qablar düzüblər, bu qablara dişi ağcaqanadlar öz sürfələrini qoyublar və nəticədə məlum olub ki, sürfələrin 50 faizi geni dəyişdirilmiş ağcaqanadlardan olub.

Denge qızdırması virus xəstəliyidir, o, Aedes aegypti ağcaqanadlarının köməyi ilə ötürülür. Onlar Asiya, Afrika, Okeaniya və Karib basseynində yayılıblar. Denge qızdırması zəhərlənmə, sümük və əzələ ağrıları və hərarətlə müşayiət olunur, bəzən ölümlə nəticələnir. Bu xəstəliyə ildə yüz milyonadək adam yoluxur.

XS
SM
MD
LG