Keçid linkləri

-

ONLARI TANIMAQ GƏRƏK...

Ara-sıra, gərək avtoritar rəhbərlərdən də yazasan ki, insanlar onların timsalında necə bəlaya düçar olduqlarını bilsinlər. Tale sanki eyni ssenariylə elə rəhbərləri müxtəlif xalqların «boyuna biçib». Diqqət yetirəndə görürsən ki, çox şey eynidir, təkcə adlar, bir də ölkələr fərqlidir...

Avtoritar liderlərin, az qala, hamısını bir «böyük missiya» birləşdirir – onların hamısı öz xalqının «xilaskarıdır». Hərçənd, bir çox halda kimi, kimdən və necə qurtarması dumanlı qalır...

Qərəz, sözümün canına gəlirəm, lap bu günlərin söhbətidir. Yata bilmir, TV kanallarını ard-arda çevirirdim. Axırda Rusiya kanallarının birinə diqqət kəsildim. Orta Asiya mövzusunda film verirdilər. Əvvəl elə bildim Chingiz Aytmatov-un əsərləri əsasında çəkilib. Etiraf edim ki, bu yazıçını lap çox sevirəm. Amma bir az diqqət edəndən sonra gördüm ki, yox, bu, nəsə başqa bir şeydir... Uzun sözün qısası, filmdə ara-sıra səslənən müəllif mətnindən belə anladım ki, Nursultan Nazarbayev-dən söhbət gedir...

DOĞUM, YOXSA «PAYTAXT GÜNÜ»?

Nə gizlədim, filmə sonadək baxdım. Bir bölümü bitir, digəri başlayırdı. Bölümlər arasında verilən xəbər proqramından başa düşdüm ki, sən demə, həmin gün Nazarbayev-in doğum günüymüş...

Amma qazaxlar o gün həm də «Paytaxt Günü»nü qeyd edirmişlər. Anladım ki, bəzi ölkələrdə avtoritar liderlər öz doğum günlərini bilavasitə bayram kimi təyin edə bilməsələr də, həmin günü başqa bir əlamətdar bayramla «əbədiləşdirirlər». Bəli, adı, məsələn, «Paytaxt Günü» olur, əslində isə hamı Nazarbayev-in doğum gününü qeyd edir...

Mən ilk dəfə belə bir şeyi Benjamen Disraeli-nin (B.Dizraeli) bioqrafiyasından oxumuşdum. İngilislər onun doğum günündə pəncərələrinə özəl çiçəklər qoyurlar...

Amma sonradan bunu elə canlı da həyatda gördüm... Qərəz, Nazarbayev-in doğum günü eynən bizdəki ad günlərini xatırladırdı. Fərq onda idi ki, bizdə nəhəng tortlar hazırlanır, amma onlarda lap yekə qazanlarda qazaxların milli yeməyi - beşbarmaq bişirilir. Bu dəfə həmin beşbarmağı bişirmək üçün nə az, nə də çox, düz 700 kiloqram ət istifadə olunmuşdu...

ELBAŞI...

Sən demə, Nazarbayev-in özəl titulu da var. Ölkə içində ona Elbaşı deyirlər. Belə alınır ki, Saparmurad Turkmanbashı-nın, sadəcə, adı çıxıbmış və digərləri ondan heç geri qalmırmış...

Nə isə... Qayıdaq filmə. Biz uşaq olanda Jozeph Stalin (İ.Stalin) haqqındakı kitabları, onun öz əsərlərini kitabxanalardan yığışdırmışdılar. Amma bir dəfə məktəb kitabxanasında köhnə bir kitab tapdım - Stalin-in qısa bioqrafiyasını. Mənə o maraqlı gəldi ki, kitabın hər fəsli bir dövrdən söz açırdı. Əvvəlcə həmin dövrdəki işlər sadalanır və fəslin sonunda bildirilirdi ki, «bu işlər yalnız yoldaş Stalin sayəsində gerçəkləşib«...

İndi Nazarbayev haqqında film də elə idi. Bir vaxtlar Leonid Brejnev-ə «Kiçik torpaq«, «Dirçəliş» və «Xam torpaq» əsərlərinə görə gülürdük. Amma filmdə gənc Nursultanın «Dirçəliş»də təsvir olunan böyük metallurgiya kombinatına komsomol göndərişiylə yola düşməsindən söz açılrdı...

HƏR ŞEYDƏ BİRİNCİ...

Gənc Nursultan hər şeydə birinciymiş! O, hələ uşaqkən, at yarışında hamını udur, məktəbin ən yaxşı şagirdi sayılır və Ukraynaya gəlişinin ilk günündəcə güləş məşqçisinin çiyinlərini döşəyə vurur... Hətta peşə məktəbinin müəllimi ona deyir ki, Nursultan, sən ən azı, nazirlər sovetinin sədri olacaqsan...

Və elə də olur! Hələ Qazaxıstanın birinci prezidenti də olur!.. İndi də onun haqqında dediyimiz film çəkilir və onun ikinci hissəsi «Liderin yolu» adlanır... Bu mənə qazax yazıçısı Mukhtar Auezov-un «Abay» və «Abayın yolu» romanlarını xatırlatdı. Onları hələ gənclikdə oxumuş və çox xoşlamışdım.

İBTİDAİ TÜRKLÜK...

Orta Asiya xalqlarını maraqlı göstərən bir özəllik var. Onlar ibtidai, yəni ilkin türklüyü yaşadırlar. Məsələn, musiqi, oyun və mərasimlərə, eləcə də ata hədsiz bağlılıq gözə çarpır. Bəlkə bunlar bizdə də nə vaxtsa olub, amma urbanizasiya – şəhərləşmə unutdurub onları...

Orta Asiya xalqlarını birləşdirən bir özəllik də var - onların hamısına avtoritar liderlər başçılıq edir. Elə biz də onlardan çox uzağa getməmişik və bu xalqlardan fərqimiz ondadır ki, bəzi şeylərə ad qoymuşuq... Onlarda isə o şeylərin dadı olsa da, hələ adı yoxdur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, sən də fikirlərini bölüş.

Şərhləri göstər

XS
SM
MD
LG