Keçid linkləri

-

Sadəcə, hərəkət etmək lazımdır... Məqsəd və nəticə haqqında irrasional fikirlərə varmadan və özünü belə fikirlərlə yormadan. Bəli, sadəcə, hərəkət etmək...

DÜŞÜNÜRƏMSƏ, DEMƏK...

Yanılmıramsa, bu əhvalatı mərhum filosof Merab Mamardashvili-nin internetdə yayılmış mühazirələrindən oxumuşam: Deməli, quldurlar gecə Rene Descartes-in (Rene Dekart) qarşısını kəsir və böyük filosofu qarət etmək istəyirlər...

Amma Descartes özünü itirmir. Qılıncını çıxarıb müdafiə olunur və tez bir zamanda quldurları tərksilah edir. Üstəlik, onların kürəklərində çayın o biri sahilinə keçir...

Qədim yunan filosoflarının cəsurluğu haqqında çox oxumuşdum. Bilirdim ki, Pifaqor və Platon hətta olimpiya çempionları olublar. Amma ortaçağ Avropa filosofları haqqında bunu eşitməmişdim...

Bunu niyə xatırladım? Yazını Descartes-in sözləriylə başlamaq istərkən, az əvvəl yazdığım əhvalat yadıma düşdü...

Rene Descartes nə deyirdi? Deyirdi ki, düşünürəmsə, demək, varam. İndi biz də bu tezisdən yapışmalıyıq...

Rene Descartes nə deyirdi? Deyirdi ki, düşünürəmsə, demək, varam. İndi biz də bu tezisdən yapışmalıyıq...

BÖHRAN, BÖHRAN...

Hamımız bir həyat yoldaşı, ata, ana, övlad kimi yaşayırıq. Buna söz yox. Amma hər bir adamın ictimai statusu da olur. Axı cəmiyyətdə bir missiyamız da vardı və bu missiyanı, məncə, unudan kimiyik...

Nə demək istəyirəm? Yada salaq ki, son illərədək çoxumuz həm də siyasi və ictimai fəallar idik. İndi bunu sanki hamı unudub. Yəqin onları daim rahatsızlaşdıran suallara cavab tapa bilmədiklərindən unudublar...

Hamı razılaşırdı ki, sıralarında, mənsub olduqları siyasi partiyalarda böhran yaşanır. Amma «bu böhrandan necə çıxmalı» sualının cavabı tapılmırdı.

Biri deyirdi ki, böhrandan, ümumiyyətlə, çıxmaq mümkün deyil. Başqa biri söyləyirdi ki, çox şey bizdən deyil, cəmiyyətdən asılıdır. Deyirdi ki, cəmiyyətin demokratiya potensialı çox zəifdir. Deyirdi ki, cəmiyyət növbəti keyfiyyət mərhələsinə keçidin qaçılmazlığını anlamayınca, məsələ qəliz olaraq qalacaq...

BÖYÜK MƏTLƏBLƏRİN ABSURD CAVABI...

Düzü, həmin cavabları heç vaxt yetərli saymamışam. Həmişə düşünmüşəm ki, bütün bu məsələlərin başqa cavabı da var. Amma nədir o cavab?

Bu böhrandan çıxış yolu tapmaq olarmı? Etiraf edirəm ki, bu suallar illərdir mənə rahatlıq vermir. Onun cavabı mənim üçün də «Qraal piyaləsi»ni axtarmağa bənzəyir...

Bax, məsələ də bundadır. «Kriptoqrafik» açıqlamalara meydan vermək istəməzdim. Amma bir detalı deyəcəyəm. Belə nəql edirlər ki, Çingiz xan nəvəsi Batıya bir kağız verir. Amma deyir ki, onu sonuncu dənizə çatanda açıb oxuyarsan. Batı da belə edir. Ən sonuncu yürüşünü qələbəylə başa vurandan sonra kağızı açıb oxuyur. Görür ki, orada «Sən ölümsüzlük qazandın. İndi geri dön!» sözləri yazılıb...

Bəli, bir çox hallarda böyük sirlər, böyük mesajlar, ilk baxışda, belə «absurd» cavablarla yekunlaşır. Bənzər məqam Dan Brown-un (Den Braun) «Da Vinçi şifrəsi» kitabında da diqqətimi çəkmişdi. Bu əsər də, ilk baxışda, çox absurd və bəlkə də anlaşılmaz finalla bitir...

HƏRƏNİN ÖZ CAVABI...

İndi ölkənin, ictimai və siyasi fəallarının durumuna qayıtmaq istəyirəm. Cavab varmı? Bu böhrandan çıxış yolu tapmaq olarmı? Etiraf edirəm ki, bu suallar illərdir mənə rahatlıq vermir. Onun cavabı mənim üçün də «Qraal piyaləsi»ni axtarmağa bənzəyir...

Bir az əvvəldə qeyd etdim ki, bəlkə də bu suala hərənin öz cavabı var. Bəlkə məsələnin qəlizliyi də elə bu cavabların çoxluğundadır.

Amma hərənin bir cavabı olanda, ortaq bir şey alınmır. Siyasət və ictimai fəaliyyət assosiativ məşğuliyyətdir, axı...

Əslində cavab odur ki, elə bir cavab - hamının gözlədiyi «təlimat» yoxdur. Sadəcə, cavaba bənzər fikir var. O da budur ki, məqsəd heçdir və əsas hərəkətdir...

ŞİFRƏLƏNMİŞ CAVAB...

Bəs nədir cavab? Deyilənə görə, İkinci Dünya müharibəsinin ən ümidsiz çağlarında Albert Camus (Alber Kamyu) da bənzər suala cavab axtarırmış...

Beləcə, «Sizif haqqında əfsanə» və «Qiyam edən insan» meydana çıxıb. Onlar da müəyyən mənada cavab idi...

Camus qədim yunan əfsanəsinə yeni məna və fəlsəfi məzmun verdi. Bəlkə də kimsə düşüncə insanlarından hazır «təlimatlar» gözləyir. Amma bəzən adi bir fəlsəfi pritça da yüz «instruksiya»ya – «təlimat»a dəyər. Niyə? Çünki daha böyük və daha qəliz suala cavab vermək iddiası var. O sual da budur ki, həyat yaşamağa və mübarizə aparmağa dəyərmi?

Həmişə düşünmüşəm ki, axtardığım cavab da bu cür «şifrələnib». İlk dəfə onu Avropa sosial-demokratlarının yazılarından, daha doğrusu, Eduard Bernstein-dən (Eduard Bernşteyn) oxumuşdum...

Əslində cavab odur ki, elə bir cavab - hamının gözlədiyi «təlimat» yoxdur. Sadəcə, cavaba bənzər fikir var. O da budur ki, məqsəd heçdir və əsas hərəkətdir...

O üzdən, sadəcə, hərəkət etmək lazımdır... Məqsəd və nəticə haqqında irrasional fikirlərə varmadan və özünü belə fikirlərlə yormadan. Bəli, sadəcə, hərəkət etmək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG