Keçid linkləri

-

BAŞ NAZİRİN OPTİMİZMİ...

İnsanlar siyasətçilərdə qüsur tapmağı sevirlər. Onların gözündə hər siyasətçinin bir qüsuru var. Məsələn, boyunun kiçik olması da Rusiyanın baş naziri Dmitry Medvedev-in başına bəladır. O, bir söz deyincə, hamı dərhal qayıdır ki, bəli, Medvedev bu dəfə də «boyundan yuxarı» danışdı...

Elə həmin D.Medvedev bu günlərdə daha bir maraqlı bəyanatla çıxış etdi. Dedi ki, növbəti ildən başlayaraq ölkə iqtisadiyyatında artımlar olacaq. Təbii ki, baş nazir nəsə deyəndə, hansısa təhlillərə əsaslanır.

Elə bu üzdən onun söylədiklərini təkzib etmək fikrindən uzağam. Amma rusiyalı məmurların özlərinin etirafına görə, Krımın ilhaqından sonra ölkənin iqtisadi və maliyyə itkiləri yüz milyardlarca dollara çatıb.

Deməli, belə vəziyyətdə yalnız «sıfırdan başlayan artım» haqqında danışmaq mümkündür- ölkə iqtisadiyyatı böyük sürətlə çökərək müəyyən bir səviyyədə qərar tutur və artım bundan sonra başlanır...

TOLSTOY RUSİYANIN AYNASI KİMİ...

İndi Rusiya iqtisadiyyatının hansı ssenari ilə inkişafı elə də maraq doğurmur. Şəxsən mənə başqa məsələ maraqlıdır. Bu yaxınlarda Lev Tolstoy-un «Anna Karenina»sını yenidən oxumağa başladım. Ovaxtkı Rusiya cəmiyyətinin təsviri sanki gözlərim önünə gəldi...

Vladimir Lenin yazırdı ki, L.Tolstoy rus inqilabının aynasıdır. Onun inqilabın aynası olub-olmadığını deyə bilmərəm, mən də razıyam ki, Tolstoy, elə həqiqətən, rus gerçəkliyinin aynasıdır...

Alman kəndlisi və ya xırda burjuyu kiçik bir şeydən yapışıb onu özü üçün azadlığa çevirə bilir, amma Rusiya cəmiyyəti bunu bacarmır, həmişə azadlığın olmamasından gileylənir.

O, rus kəndini və kəndlisini dolğun vəmaraqla təsvir edir. Onun məişətini, mentalitetini, tənbəlliyini və içki aludəliyini açıb göstərir. L.Tolstoy ovaxtkı rus elitasının da həyatın işıq salır, bu elitanın anlamsız iş və qeybətlərindən söz açır. Bəzən istisnalar olsa da, elə bir diqqət çəkən uğurdan danışmaq mümkün deyil. Həmin uğurlar kiçik fluktasiyalar kimi qısa müddətdə parlayıb dərhal da «sönür».

Təbii ki, «Anna Karenina» tamamilə başqa bir rakursdan baxılmalı və oxunmalı əsərdir. Bu əsərdə, ən azı, xristian ehkamlarının təftişini görmək mümkündür.Amma məni bu dəfə daha çox rus məişəti, rus cəmiyyəti maraqlandırır və özünə cəlb edirdi. Bu əsəri oxuyandan sonra anladım ki, Rusiya iqtisadiyyatı hələ uzun müddət yerində sayacaq...

Əsərdə tam haqlı olaraq deyilir ki, alman kəndlisi və ya xırda burjuyu kiçik bir şeydən yapışıb onu özü üçün azadlığa çevirə bilir, amma Rusiya cəmiyyəti bunu bacarmır, həmişə azadlığın olmamasından gileylənir. Əslinə qalanda o vaxtın ortastatistik rus kəndlisi, sadəcə, içki düşkünü və tənbəl təsiri bağışlayırdı...

Eyni sözləri elə o vaxtın elitası – Rusiya zadəganları haqqında da demək olar. Ortastatistik zadəganları da yalnız bal rəqsləri, ziyafətlər və saray qeybətləri maraqlandırırdı...

İKİ ƏSRDƏN SONRA...

İndi o vaxtdan 200 ildən artıq vaxt keçib. Amma bu 200 ilin yarısı sosial eksperimentlərə və olan-qalan işgüzarlığın məhvinə sərfedildi.

Bəli, Rusiyanı gənc dövlətlərə aid etmirlər. Amma gənc dövlətlərə xarakterik bütün göstəricilər bu ölkədə də var...

Köhnə Rusiya daim irrasionallığa can atır, onun «azadlıqsevərləri» belə bunun nə demək olduğunu yetərincə anlamırlar...

Rusiya indi-indi totalitar rejimdən nisbətən mülayim siyasi rejimə keçir. Yalnız indi özünün yeni adamlarını - işgüzar təbəqəsini yetişdirir. Yalnız indi milli münasibətləri tənzimləməyə, əsl federal münasibətlər qurmağa cəhd edir...

Gənclik özü bir perspektiv deməkdir. Gəncliyin gələcəyi hələ öndədir. Adam bunları Rusiyanın da timsalında görmək istəyir, amma...

Amma dərhal bir simbioz - köhnə Rusiya ilə yeni Rusiyanın simbiozunu görürsən. Bütün məsələlərdə köhnə - monarxist və imperialist Rusiya ilə hələ

gənc Rusiyanın çarpışması diqqət çəkir...

İKİ RUSİYANIN SAVAŞI...

Maraqlıdır ki, üstələyən və önə keçən hələ də köhnə Rusiyadır. Məhz həmin Rusiya Krımı ilhaqına zorladı. Məhz həmin köhnə Rusiya Qafqazda «musiqi»ni sifariş edir. Məhz həmin köhnə Rusiya Baltik ölkələrini səksəkədə saxlayır...

Gənc Rusiya isə hələ ayaq tutub yeriyə bilmir. Onun ifadəçisi ola biləcək və onu irəli aparacaq siyasi partiya da yoxdur. Onu əlində bayraq edə biləcək bir siyasi lider də yoxdur - Boris Nemtsov-un qətlindən sonra bu rola adam tapmaq çox çətindir...

Köhnə Rusiya daim irrasionallığa can atır, onun «azadlıqsevərləri» belə bunun nə demək olduğunu yetərincə anlamırlar...

Gənc Rusiya isə başqa torpaqda əkilmiş toxum kimidir - cücərə bilmir ki, bilmir... Ona görə də Rusiyanın ən böyük problemi, bilirsiniz, nədir? Köhnə və böyük Rusiya, yəni mühafizəkar qanad güclüdür. Amma gənc Rusiya düz 200 ildə özünün əsas işini görüb qurtara - Rusiya liberalını yetişdirə bilməyib... Liberal adam hələ də Rusiyada, ən yaxşı halda, yad ünsürdür, ən pis halda isə «beşinci kolon»dur – onu heç kim özününkü saymır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG