Keçid linkləri

Təcili xəbərlər

Nəcmin Kamil. Atamın təbriki


Nəcmin Kamil
Nəcmin Kamil

-

İllərdir ki, məhkəmə sahəsində islahatlar üçün gecə-gündüz çalışan adamın həmin məhkəmənin ədalətsiz qərarı ilə üzləşdiyini görmək insanı boğurdu...

Nəcmin Kamil

ATAMIN QEYRİ-ADİ HƏDİYYƏSİ...

Düz bir il öncə, 19-cu doğum günümdə o vaxta qədər aldığım və yəqin ki, bütün ömrüm boyu ad günlərimdə alacağım hədiyyələrin ən qeyri-adisini aldım.

Səhər açılanda qapımızın önündə bir neçə prokurorluq və polis əməkdaşı var idi. Saatlarla davam edən axtarış, sorğu-sualdan sonra, axşamçağı məhkəmənin önündə idik.

Günün sonunda atamın bizi illərdir hazırladığı hadisə baş verdi: məhkəmənin qərarı ilə o, azadlıqdan məhrum edildi.

İntiqam Əliyev oğlu Nəcminlə
İntiqam Əliyev oğlu Nəcminlə

Mən həyatımın həqiqi mənada ən dəyərli təbrikini də həmin gün aldım. Atam məhkəmə prosesində fasilə zamanı bir neçə saniyəliyinə də olsa əlaqə yaradıb, doğum günümü təbrik etmişdi. Həmin vaxt duyduğum qürur hissini sözlərlə ifadə etmək mümün deyil.

Həbs bizim üçün gözlənilən idi. Daha öncə dostlarımızın, dəyər verdiyimiz insanların da həbs olunduğu gerçəkliyi bizi möhkəm saxlayır. Bu ölkədə hər gün, hər saat ədalətsizliklə üzləşirik. Ancaq illərdir ki, məhkəmə sahəsində islahatlar, ədalətli mühakimə sisteminin qurulması üçün gecə-gündüz çalışan adamın həmin məhkəmənin ədalətsiz qərarı ilə üzləşdiyini görmək insanı boğurdu.

Atam isə narazı deyildi. Həbsindən bir neçə gün sonra dediyi kimi, təcridxanada – dostlarının yanında özünü daha rahat sayır.

Bizim indiyə qədər atamla ad günü keçirmək, xüsusi günləri qeyd eləmək imkanımız çox olmayıb. Səbəb təkcə onun işlərinin çoxluğu və vaxt qıtlığı deyil.

İntiqam Əliyev məhkəmədə
İntiqam Əliyev məhkəmədə

Düzdür, atam baş verənlərin: həmkarlarının, dostlarının şərlənərək həbs olunmasının, vətəndaşların hüquqlarının davamlı şəkildə pozulmasının vicdani yükünü öz üzərində hiss edir, dayanmadan ən kiçik bir irəliləyişə nail olmaq üçün bir insanın fiziki gücünün yetməyəcəyi qədər çalışırdı.

Amma o həm də ad günü kimi şən tədbirlərdə elə dostlarının həbsdə olması, yuxarıda sadaladığım səbəblərdən iştirak etmək istəmirdi, şadyanalığı özünə bağışlamırdı, sanki..

Onu hətta qısa müddətliyə işlərindən ayırmaq, müalicə alması üçün uzaqlaşdırmaq cəhdlərimiz belə uğursuz olurdu. Həmin fasiləsiz fəaliyyətinin nəticəsidir ki, hazırda səhhətindəki problemlər getdikcə qabarır və həbsxana şəraiti onun üçün həyati təhlükə yaradır.

Ancaq indi mən onu daha yaxşı başa düşürəm. İnsan sevdiyi, dəyər verdiyi dostunun, ailə üzvünün və ya günahsız insanların böyük ədalətsizliklə üzləşdiyini, çətinliklər içərisində olanduğunu anlayanda, xüsusi günlər də öz əhəmiyyətini itirir.

Əgər dostlarımız günahsız olaraq, dözülməz dərəcədə isti havada qapalı həbsxanalarda saxlanılırsa, təzyiqlərə, işgəncələrə məruz qalırsa, tətili ailələri ilə birgə keçirmək imkanından məhrum edilirsə, belə günlərin yeganə səciyyəvi cəhəti bir vətəndaş kimi vicdan yükünün daha da ağırlaşması olur.

Atam və həbs olunan həmkarları qanunun aliliyi, hüquq və azadlıqların qorunması, şəffaflığın təmin edilməsi, bir sözlə, vətəndaş cəmiyyətinin qurulması üçün külüng vururdu. O cəmiyyət ki, ölkənin sivil, demokratik və təhlükəsiz gələcəyinin təminatçısıdır. Əgər hakimiyyət həqiqətən ölkənin belə gələcəyi haqqında düşünürsə, atam və digər siyasi məhbuslar azad edilməli, onların sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır.

Atam haqqında keçmiş zamanda yazdım. Ancaq o, həbsdə belə bütün məhdudiyyətlərə baxmayaraq, ədalətsizliyə qarşı vuruşur, hüquqi maarifçiliklə məşğul olur. İnanıram ki, azadlığa çıxdıqda, yenə öz mübarizəsini ənənəvi gərgin qrafiki ilə davam etdirəcək və yenə mənim ad günümə vaxt tapmayacaq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG