Keçid linkləri

-

SONUNCU OXUCU QALANA QƏDƏR...

Balkondan aşağı baxır və beynimdə nə yazacağımı götür-qoy edirdim.

Birdən gördüm ki, səkiylə yaşlı bir adam gedir. Bir əlində bazar zənbili, o biri əlində qəzet...

Doğrusu, yadımda deyil, sonuncu dəfə insanların əlində nə vaxt qəzet görmüşəm... Düzdür, metroda, qəzet köşklərinin yanında belələrinə hərdən rast gəlmək olur. Amma əlində qəzet evə getmək...

Qəribədir, ölkədə o qədər informasiya kasadlığı var ki, əslində, qəzetlərin meydanı böyük və tirajlar indikindən qat-qat artıq olmalı idi. Amma belə deyil. İndi daha çox oxunan qəzetlərin internet versiyalarıdır, o da o qədər də yox...

Neyləmək olar? Buna da şükür. Burada, istər-istəməz, tanınmış jurnalistlərdən birinin dediyi sözləri xatırlayıram: «Yazmaq lazımdır! Sonuncu oxucu qalanacan yazmaq lazımdır...».

İndi biz də o cür davranırıq. Bəlkə də işi-peşəsi yazmaq olan bir adamın qəzetlərlə bağlı bu qədər bədbinliyi düzgün deyil. Amma biz yazarlar vəziyyətin düzəlməsini istəyirik, axı. Ona görə ya tez-tez, ya da imkan olduqca bu mövzuya qayıdırıq...

...Düşünürəm ki, bəlkə yetərincə maraqlı, faydalı və anlaşıqlı yazmırıq? Amma baxıb görürəm ki, qəzetlərdə ölkənin az-çox peşəkar jurnalistləri təmsil olunublar. Bu halda da qəzetlər oxunmursa, demək, başqa problem də var...

...Yenə də qəm eləməyə dəyməz: internet versiyaları ki oxunur. Görünür, adamlar bir az praqmatik olublar - aylıq internetin pulunu ödəməklə həm istədikləri qəzeti oxuyur, həm də elektron şəbəkənin başqa imkanlarından yararlanırlar.

Burada, bu ölkədə jurnalistlərə yazmağına görə deyil, daha çox yazmadığına görə qiymət verirlər. Ona görə də əlində qəzet tutan adamı bu «qaydalara» etiraz edən vətəndaş sayıram...

YAZMADIĞINA GÖRƏ MÜKAFAT ALANLAR...

...Əlində qəzet tutan nadir adama təkcə qəzetlərin qaldırdığı ağ bayraq kimi baxmıram. O, daha böyük məna kəsb edir. Deməli, hələ də ölkədəki vəziyyəti müstəqil qəzetlərdən öyrənmək istəyənlər var. Əsas budur. Gərək bunu yaddan çıxarmayaq...

Düzdür, bu ölkədə oxunmayan qəzetlərin sahibləri, redaktor və yazarları daha böyük hörmət görürlər. Amma nə etmək olar? Burada, bu ölkədə jurnalistlərə yazmağına görə deyil, daha çox yazmadığına görə qiymət verirlər. Ona görə də əlində qəzet tutan adamı bu «qaydalara» etiraz edən vətəndaş sayıram...

Bəli, dünyaya baxırsan, hər şey qaydasındadır - həyat hiss olunur... Müxtəlif proseslər gedir. Bir də görürsən, kimsə etiraz edir və bu üzdən bəzən su şırnağına və yaxud gözyaşardıcı qaza tuş gəlir, amma... Amma qorxmur və səsi eşidilincəyədək etirazını dilə gətirir...

...Bir mahnıda deyilir ki, təbiətin pis havası yoxdur. Amma bizim hava söz demək və etiraz etmək üçün həmişə əlverişsizdir: yayda sanki iri bir məhlul qabının içində vurnuxur, qışda da soyuqdan və küləkdən göz aça bilmirik. Sovurmağa qar tapmayan külək şəhərin toz-torpağını üzümüzə çırpır.

Tezcə təslim olmağı sevən bizlər də o saat evlərimizə çəkilir və düşünürük ki, bu ölkədə elə belə də olmalıdır...

...Bir mahnıda deyilir ki, təbiətin pis havası yoxdur. Amma bizim hava söz demək və etiraz etmək üçün həmişə əlverişsizdir: yayda sanki iri bir məhlul qabının içində vurnuxur, qışda da soyuqdan və küləkdən göz aça bilmirik.

YENİ HƏYAT İNTİZARINDA...

Amma dərindən düşünsək, görərdik ki, yox, belə olmalı deyil və sadəcə, bizlər bu ölkəni bu hala gətirib çıxarmışıq – köhnənin ətəyindən bərk-bərk yapışmaqla, ərincəkliyimiz və yerində saymağımızla, dəyişib-dəyişdirməkdən qorxmağımızla...

...Tələbəlik vaxtı bir tacik dostum vardı. Hər dəfə deyirdi ki, "vsyo", bazar ertəsindən yeni həyata başlayıram...

Amma birinci gün də gəlirdi, beşinci gün də gəlirdi, o isə yeni həyata başlaya bilmirdi ki bilmirdi...

İndi biz də beləyik – hər şeyi qışdan yaya və yaydan qışa ötürməklə məşğuluq. Dərindən fikirləşəndə görürsən ki, bütün bunlar da ömürdür - mənasız və hətta faydasız gəlib-keçən ömür...

İndi neyləyək? Hər şey elə belə də qalsınmı? Bilmirəm. Onu bilirəm ki, şəxsən mən özümü narahat edən sualların heç birinə cavab tapa bilmirəm...

Tarixi örnəklərə baş vururam. Çoxdan oxuduqlarımı bir daha oxumağa cəhd edirəm ki, bəlkə yeni nəsə tapdım...

Amma bir şey tapa bilmirəm ki bilmirəm... Ona görə də balkondan əlində qəzet tutan adamı lap axıracan - ta burulub gözdən itənəcən izlədim. Və mənə elə gəldi ki, bu da bir işarədir. Tam ümidsizləşəndə və qolların heysizləşib yanına düşəndə, sanki göylər özü belə görüntülər nazil edir ki, ruhdan düşməyəsən və barmaqlarını kompüterin düymələrinə toxundurmağa özündə güc tapasan...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG