Keçid linkləri

-

MÜƏMMALI «GEO» SÖZÜ...

Yunan mənşəli «geo» sözü «Yer», «Yer üzü» anlamına gəlsə də, nəyə əlavə edirsənsə, o dəqiqə böyük siyasi məzmun qazanır. Bəlkə geosiyasət və geoiqtisadiyyat anlayışları da belə yaranıb...

Azərbaycan jurnalistləri bu iki anlayışdan birini – «geosiyasət»i hallandırmağı sevir. Özü də yeri gəldi-gəlmədi...

Doğrusu, həmin sözü heç vaxt bəyənməmişəm, axı kiçik dövlətlər maraq və nüfuz sferaları cəngəlliyində özünü o qədər də rahat hiss etmir.

Amma hesablaşmaq lazım gəlir, çünki reallıqlar var və beynəlxalq münasibətlərin humanistləşməsini arzulasaq da baxıb görürsən ki, bu dünya hələ maraq və nüfuz sferaları ilə yaşayır...

RUSİYA MEDİASI NƏDƏN YAZIR?

Budur, Rusiya mətbuatı ard-arda neçənci dəfədir ki, İran körfəzinə çıxış haqqında yazır. Daha öncə Ermənistanla bağlı belə bir layihənin mümkünlüyünü xəbərləmişdilər. İndisə bu məsələdən Bakı kontekstində yazırlar. Deyəsən, məsələ heç də ritorik məzmun kəsb etmir və onu ciddi saymaq olar. Üstəlik, məsələ açıqlanarkən, yaxınlarda İrana rəsmi səfərdən dönən Azərbaycan məmurlarına istinad edilib...

Iran -- Iranın xarici işlər naziri Mohamad Javad Zarif (sağda) və Avropa Birliyinin xarici əlaqələr komissarı Federica Mogherini nüvə razılaşmasından sonrakı danışıqlarda, 28 iyul, 2015

Iran -- Iranın xarici işlər naziri Mohamad Javad Zarif (sağda) və Avropa Birliyinin xarici əlaqələr komissarı Federica Mogherini nüvə razılaşmasından sonrakı danışıqlarda, 28 iyul, 2015

Artıq qeyd etdim ki, Ermənistan da belə layihə üzərində düşünür və Rusiyanı İran körfəzinə çıxışla şirnikləndirməyə çalışır. Məsələnin, ən azı, bu yanı da Azərbaycanın diqqətini çəkə bilər...

İMKANLAR YETƏRİNCƏDİR...

İran körfəzinə çıxış üçün Azərbaycanın bütün imkanları var, o cümlədən maliyyə imkanları da. Düzdür, neftin sürəkli ucuzlaşması bir az bədbin və tutqun proqnozlara zəmin yaradır. Bu narahatlıq ən yüksək səviyyədə də artıq hiss olunur və iqtisadiyyatı sürətlə başqa relslərə keçirməyə ciddi imkanlar aranır.

Hələ ki, baş itirməyə bənzər bir ovqat gözə çarpmır, ölkə və cəmiyyət müvazinətini saxlayır. O səbəbdən bu gün bir az «ekzotika»təsiri bağışlayan layihələri də ciddiyə almaq mümkündür. Ən azı ona görə ki, ölkənin tranzit infrastrukturunun genişlənməsi özlüyündə pis heç nə vəd etmir, əksinə, iqtisadi inkişafa aparır.

Bundan əvvəl İran, elə Qərb də Azərbaycan diplomatiyasını «nizamlamağa» cəhd göstərir və onu özünün maraqlarına tabe etməyə çalışırdı - İran Azərbaycanı Qərblə əməkdaşlıq etməkdən, Qərbsə İranla əməkdaşlıqdan çəkindirirdi... İndi durum dəyişib.

Məsələnin həlli üçün diplomatik resurslar da yetərincədir. Qərblə İran arasındakı son razılaşma Azərbaycanı əlavə diplomatik yükdən azad edib. Bundan əvvəl İran, elə Qərb də Azərbaycan diplomatiyasını «nizamlamağa» cəhd göstərir və onu özünün maraqlarına tabe etməyə çalışırdı - İran Azərbaycanı Qərblə əməkdaşlıq etməkdən, Qərbsə İranla əməkdaşlıqdan çəkindirirdi...

İndi durum dəyişib. İndi Avropa ölkələri İranla əməkdaşlıq üçün yarışa giriblər. Azərbaycan da sərbəstdir, amma bir detala diqqət yetirməklə...

İRAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ YENİ KONTEKSDƏ...

Nə qədər ki İrana qarşı sanksiyalar vardı, nə qədər ki Qərb ölkələri İranla əməkdaşlıqdan çəkinirdi, haradasa onun Azərbaycan torpaqlarına təcavüz edən Ermənistan rejimi ilə əməkdaşlıq etməsini anlamaq olardı. Axı İranın da seçim imkanı məhdud idi...

Amma indi belə deyil, İranın da seçimləri çoxalıb. Azərbaycanla dost ölkə olduğunu deyən və rəsmi olaraq bir neçə dəfə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən İranın indən belə Ermənistanla münasibətlərinə yenidən baxmasına çalışmaq olar, çünki indi o, dostlarının sayını başqa coğrafi resurslar hesabına artıra bilər...

Əvvəllər də Azərbaycan hər dəfə qonşu İran dövlətini Ermənistanla dərin əməkdaşlıqdan çəkindirir və bəzən buna nail də ola bilirdi. İndi bu iradları daha ciddi izhar etməyin əsl vaxtıdır...

RUSİYA İLƏ MÜNASİBƏTLƏR DƏ DÖZÜMLÜDÜR...

Düşünürük ki, Rusiya ilə də problem olmamalıdır. Düzdür, Rusiya ilə münasibətlərin real mənzərəsini verə biləcək qənaətlər söyləmək o qədər asan deyil - kimi Rusiyanın Azərbaycana müdaxilə istəyindən yazır, kimi də Rusiyanın Qarabağı Azərbaycana qaytaracağından bəhs edir... Bir sözlə, burada əsl xaosdur, hərə bir şey deyir və bir şey yazır. Amma mənim rəsmi şəkildə bəyan edilənlərdən savayı əlavə bir ehtimalı gündəmə gətirmək fikrim yoxdur - ən azı, rəsmi bəyanatlar iki dövlət arasında indi mövcud olan münasibətlərdən narahatlığa əsas vermir...

Bu vaxta qədər Azərbaycan öz coğrafiyasının gizli imkanlarını, daha dəqiq desək, yeraltı sərvətlərini istismar edib. İndisə coğrafiyanın özündən yararlanmağa çalışmaq lazımdır – önəmli ticarət yollarının kəsişməsində yerləşən bir ölkənin bundan faydalanmağa cəhd etməməsi məntiqsiz görünər.

Deməli, Azərbaycan, haqqında bəhs etdiyim layihə ilə Rusiyanı da maraqlandıra bilər. Ermənistanın həmin layihəni başlamaq üçün heç bir resursu yoxdur. Bu ölkənin siyasi elitası belə hesab edir ki, layihənin geosiyasi məzmunu Rusiyaya maraqlı görünəcək və ola bilsin, onu layihəyə vəsait ayırmağa təhrik edəcək və hətta mümkündür ki, İran və Rusiya bütün layihəni maliyyələşdirməyi öz üzərinə götürəcək. Amma bunlar xəyallardır. Güman etmirəm ki, Rusiya bir belə ağır yükü - layihəni maliyyələşdirməyi təkbaşına və yaxud İranla birlikdə üzərinə götürmüş olsun...

Azərbaycanınsa belə problemi yoxdur. Üstəlik, Azərbaycandan keçməklə reallaşsa, bu layihə imkanlı ölkələri qorxudacaq dərəcədə böyük məsrəflər tələb etmir...

ARALIQ DƏNİZİNƏ ÇIXIŞ DA «EKZOTİKA» İDİ...

Təbii ki, biz nə qədər yazsaq və desək də, böyük məsələlərin həllinə zaman lazımdır və həmin zaman özü hər şeyi yerbəyer edəcək...

İranın sərbəstlik qazanması bölgəyə ciddi dəyişikliklər vəd edir - böyük neft və qaz hasilatçısının bazara sıçrayışının mümkün nəticələrini indi hamı proqnozlaşdırmağa cəhd göstərir. İran rəsmiləri açıq deyirlər ki, sanksiyalar tam götürülsə, neft ixracı azı iki dəfə artırılacaq...

Bu durum Azərbaycan kimi neft ixracçısını düşünməyə sövq edir, amma bədbinliyə qapılmağa da dəyməz...

Bu vaxta qədər Azərbaycan öz coğrafiyasının gizli imkanlarını, daha dəqiq desək, yeraltı sərvətlərini istismar edib. İndisə coğrafiyanın özündən yararlanmağa çalışmaq lazımdır – önəmli ticarət yollarının kəsişməsində yerləşən bir ölkənin bundan faydalanmağa cəhd etməməsi məntiqsiz görünər. Bir vaxtlar Azərbaycanın Aralıq dənizinə çıxması da inandırıcı görünmürdü. Amma indi hamı bu haqda real bir məsələ kimi danışır. Deməli, İran körfəzinə çıxış da reallaşa bilər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG