Keçid linkləri

-

Əslində, o dövrün sevimli şairləri o qədər də çox deyildi.

Bilirəm, bu fikri də anlayışla qarşılayanlar az olacaq, amma bu, bir oxucu fikridir. Həmin dövrdə Əli Kərim vardı, Vaqif Səmədoğlu vardı və bir də Fikrət Qoca vardı...

VAXTI GƏLİNCƏ, BİZ DƏ SOLURUQ...

İnsan təxəyyülü qəribədir. Nə qədər çalışıram J.Goethe-ni cavan təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, «Faust»u yazan adam mütləq və həmişə ahıl yaşlarda olmalıdır...

Amma neçə-neçə başqa yazar və şairlər də var ki, onları da qoca təsəvvür edə bilmirəm. Mənə elə gəlir, M.Lermontov yüz il də yaşasaydı belə, yenə adama gənc görünəcəkdi...

Elə Azərbaycan ədəbiyyatına baxanda da görürəm ki, qəlib elə həmin qəlibdir.

Məsələn, B.Vahabzadəni gənc, Ə.Kərimi isə yaşlı təsəvvür edə bilmirəm...

Əslində, Fikrət Qocanı həmişə ahıl, qoca yaşlarında təsəvvür etməliydim.

Həm soyadına, həm də zahiri görünüşünə görə - onu ilk dəfə görəndə artıq saçları ağarmışdı...

Mənə elə gəlirdi ki, bu, vizual aldanışdır, həyatda isə Fikrət Qoca daim gəncdir... Amma həyatın mənitiqiylə razılaşmaq zorundayıq. Bizlər küknar ağacı deyilik ki, həmişə yaşıl qalaq. Vaxtı gəlincə, biz də soluruq...

O üzdən eşidəndə ki Fikrət Qocanın artıq səksən yaşı tamam olub, diksinmədim. Axı 50 yaşdan sonra həyatın məntiqinə boyun əyməyən az adam qalır... Di gəl, bir saytda şairin «getmək vaxtıdır» sözlərini oxuyanda qeyri-ixtiyari diksindim, çünki qocalıqla hesablaşsaq da, «getmək söhbəti» gələndə, özümüzdən asılı olmadan diksinirik. Bəlkə o səbəbdən ki, «əcəl zənginin bizim üçün də çalındığı» haqda düşünməli oluruq...

Qocalmanın iki ölçüsü var. Biri budur ki, insan gözlərimiz önündə qocalır. Biri də odur ki, təsəvvürlərimizdə qocalır.

ƏN GÖZƏL NƏĞMƏLƏRİN MÜƏLLİFİ...

Qısası, Fikrət Qoca da ahıl yaşlarına çatdı – bununla barışsaq da, barışmasaq da. Amma barışmayıb nə edəcəyik? İnsan indiyədək qocalmamağın bir yolunu tapıb, bəyəm?!

Mənə həmişə elə gəlib ki, qocalmanın iki ölçüsü var. Biri budur ki, insan gözlərimiz önündə qocalır. Biri də odur ki, təsəvvürlərimizdə qocalır. Təsəvvürlərdə qocalmaq daha ağırdır – insanlar daha səndən heç nə ummur, heç nə gözləmir və səni artıq bitmiş-tükənmiş adam sayır...

Amma insan təsəvvürlərdə qocalmayanda hələ uzun müddət gənc qalır, onu hər yerdə gözləyir, ondan təzə şeylər umurlar...

Ona görə də mənə elə gəlir ki, Fikrət Qoca hələ təsəvvürlərdə qocalmayıb. O bu gün, sabah və ya bir başqa gün, qəfildən, on beş yaşlı gəncin yaza biləcəyi şeiriylə sevindirə bilər və biz buna təəccüblənmərik. Səbəb də aydın olar: o, təsəvvürümüzdə qocalmayıb axı, hələ gəncdir...

Başqa yazarlar incisə də, ürəyimdə bu vaxtadək saxladığım bir fikri yazmaya bilmirəm: mənə həmişə elə gəlib ki, ən gözəl nəğmələrin sözlərini Fikrət Qoca yazıb...

Həmin dövrdə Əli Kərim vardı, Vaqif Səmədoğlu vardı və bir də Fikrət Qoca vardı...

BİRİNCİ ÜÇLÜKDƏ...

İndi oturub uzaq gənclik illərində hansı şairləri oxuduğumuzu yada salmaq istəyirəm. Fikrət Qoca həmişə birinci üçlükdə idi və mən indi o dövrün yazarlarından nə qədər «kombinasiya» qururamsa, Fikrət Qoca mütləq o «kombinasiya»larda yer tutur...

Əslində, o dövrün sevimli şairləri o qədər də çox deyildi. Bilirəm, bu fikri də anlayışla qarşılayanlar az olacaq, amma bu, bir oxucu fikridir. Həmin dövrdə Əli Kərim vardı, Vaqif Səmədoğlu vardı və bir də Fikrət Qoca vardı...

Onlardan ikisi artıq yoxdur. Üçüncüsü də sanki bu dünyaya «Əlvida!» deməyə tələsir...

Amma niyə? Nədən ötrü? Həyatda bəzən dostların da əvəzinə yaşamaq lazım gəlir. O üzdən istərdim ki, Fikrət Qoca Əli Kərimin, Vaqif Səmədoğlunun da yaşaya bilmədiyi gün, ay və illəri yaşasın. Ən azı ona görə ki, bu Dünyanın hələ bütün ŞEİRləri yazılmayıb, hələ yazılmayan və yazılacağı günü gözləyən ŞEİRLƏR var!..

Tarixdə ədəbi intriqalar yox, ədəbiyyat qalır.

ƏDƏBİ İNTİRİQALAR DEYİL, ƏDƏBİYYAT QALIR...

Burada bir məsələni də deməliyəm. Tarixdə ədəbi intriqalar yox, ədəbiyyat qalır. Bəlkə bu barədə heç yazmamalıydım, amma ədəbi nəsillər arasındakı anlaşılmazlığı görməməzliyə vurmaq da olmur... Bircə onu deyim ki, bizim gənc ədəbi nəsillə nisbətən yaşlı nəsil arasında münasibətlər o qədər də hamar və ürəkaçan olmadı...

Mən bu məsələdə hakim deyiləm, sadəcə, bir oxucuyam... Amma bir daha deyirəm ki, tarixdə ədəbi intriqalar deyil, ədəbiyyat qalacaq. Tarixdə Pushkin-lə, Lermontov-la çəkişən şairlər də olub. Amma bu intriqalar indi ən yaxşı halda həmin şairlərin bioqraflarına məlumdur, insanlarsa onları tamam unudub...

Ona görə də, bilmirəm, ədəbi gənclik Fikrət Qoca haqqında nə düşünür? Bayaq dedim ki, mən adi bir oxucuyam, vəssalam....

Amma düşünürəm ki, ən azı üç şairi – Əli Kərimi, Vaqif Səmədoğlunu və bir də Fikrət Qocanı hələ uzun müddət xatırlayacaqlar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG