Keçid linkləri

-

BAŞA ÇATMAQDA OLAN «MAZUT» ÇAĞI...

Neftin qiyməti qəfildən, üstəlik, dəfələrlə artsa da, artıq əksəriyyətin fikrincə, Azərbaycan üçün neft çağı bitməkdədir. Prezidentin ictimaiyyətlə görüşündə «Nefti unudun!» deməsini də, haradasa, bu fikrin təsdiqi saymaq olar...

Bir neçə il öncə də ən yüksək səviyyədə və eyni intonasiyayla Azərbaycan üçün keçid dövrünün artıq bitdiyi deyilmişdi. O vaxt bu sözlər adama qeyri-adi dərəcədə rahatlıq gətirdi – deməli, böyük sosial-siyasi kataklizmlər arxada qalmış və cəmiyyətin həyatına müəyyənlik, aydınlıq qayıtmışdı...

İndi hiss olunur ki, növbədə daha bir keçid dövrü var – ölkə iqtisadiyyatı ekstensiv inkişaf yolundan intensiv inkişaf yoluna keçməli, neftdənkənar sektor iqtisadiyyatın özülünə çevrilməli, büdcənin neftin qiymətindən asılılığı qurtarmalı, neftsiz çağın öz büdcəsi formalaşmalıdır...

Bunları sadalamaq asan, amma həyata keçirmək çox çətindir. Bu üzdən arzulamağa məcbursan ki, kaş, neftin qiyməti bir qədər sabit qalsın və ölkənin qeyri-neft erasına keçidi yumşaq olsun...

Axı insanlar təzə-təzə özlərinə gəlirdilər. Onları növbəti keçidə təhrik etmək - bu sabitliyə son qoymaq və mövcud ictimai-siyasi konsensusu pozmaq demək olardı...

«YUMŞAQ» KEÇİD MÜMKÜNMÜ?

Ümid edək ki, bu keçid böyük sarsıntılarsız ötəcək. Ümidə əsas var: indiki vəziyyət 90-cı illərin əvvəlindəki vəziyyətlə eyni deyil – o vaxtlardan fərqli olaraq indi nəsə var, hətta müəyyən həcmdə qeyri-neft sektoru da mövcuddur...

Ümid edək ki, bu keçid böyük sarsıntılarsız ötəcək. Ümidə əsas var: indiki vəziyyət 90-cı illərin əvvəlindəki vəziyyətlə eyni deyil – o vaxtlardan fərqli olaraq indi nəsə var, hətta müəyyən həcmdə qeyri-neft sektoru da mövcuddur...

Amma «ölkə nə etməlidir» sualına cavab tapmalıyıq. Təbii ki, birinci addım büdcədən başlanacaq. İndiki büdcə bir qədər daralmalıdır. Büdcə maksimum şəffaf olmalı, bu vaxtadək mövcud qeyri-müəyyən xərclərə son verilməlidir. Daxiliinvestisiyaların bir qədər azaldılması daha bir addım olmalıdır. Bu, müəyyən mənada, iş yerlərinin ixtisarına gətirib çıxaracaqsa da, başqa yol yoxdur...

SİYASİ TƏLƏBLƏR İRƏLİ SÜRÜLMƏSƏ DƏ...

Daha bir ciddi məsələ siyasi islahatlardır. Düzdür, onlar indiki hakimiyyətə qaçılmaz iqtisadi tədbirlər qədər aktual deyil, axı hələ heç kim bu məsələni hakimiyyət qarşısında qoymayıb. Zəif cəmiyyət siyasi tələblər irəli sürə bilmir, Avropa qurumlarının tövsiyələrini qulaqardına vurur...

Amma eyni zamanda ən yüksək səviyyədə də ictimai nəzarətə ehtiyac amili vurğulanır və ali hakimiyyət strukturlarının aldadıldığı, onlara yanlış informasiya ötürüldüyü bildirilir...

Deməli, ali icra hakimiyyəti, prinsipcə, effektiv nəzarətə və düzgün informasiyaya ehtiyac duyur. Ona görə də düşünmək olardı ki, ictimai konsensusa bağlı siyasi sistemin formalaşdırılması çox ləngiməyəcək.

AH, BU RUSİYA, RUSİYA...

Amma ölkə parlament seçkiləri barədə niyyətini açıqlamamış Rusiyanın xarici işlər naziri Sergei Lavrov özünü Bakıya yetirdi. Yarızafat-yarıciddi belə söhbətlər gəzdi ki, bəlkə Lavrov-un da Azərbaycanda adamları var və Rusiyanın xarici işlər naziri onları tapşırmağa gəlib...

Təbii ki, belə şayiələri nə təsdiq, nə də inkar edə bilərəm. Amma məncə, Azərbaycanda milli konsensusun yaranmasına hər vasitə ilə mane olan Rusiyadır. Niyə? Çünki Rusiya milli-demokratik siyasi düşərgəni öz maraqlarına düşmən sayır və daim hakimiyyətlə milli-demokratik qüvvələr arasında dayanır...

Azərbaycanda milli konsensusun yaranmasına hər vasitə ilə mane olan Rusiyadır. Niyə? Çünki Rusiya milli-demokratik siyasi düşərgəni öz maraqlarına düşmən sayır və daim hakimiyyətlə milli-demokratik qüvvələr arasında dayanır...

İndiki şəraitdə qətiyyətlə demək olar ki, Qərbdən hakimiyyətə ciddi dəstək yoxdur və əsas siyasi dəstək Rusiyadan gəlir. Rusiya isə indiki hakimiyyətlə mili-demokratik düşərgə arasında hər hansı bir anlaşmanı istəmir. Şübhə etmirəm ki, Rusiyanın birmənalı dəstəyi olmasa, hakimiyyət demokratik düşərgə ilə dialoq qurmağa çalışar...

Düzdür, Azərbaycanda birbaşa Rusiyaya bağlı başqa siyasi qüvvələr də olub. Amma Rusiya onlar üçün heç vaxt böyük missiya nəzərdə tutmayıb və onlardan həmişə təzyiq qrupları kimi yararlanıb...

Elə birinci keçid dövrünün bitməsi həm də o cəhətdən əlamətdar idi ki, daha ölkə siyasi partiyalar geosiyasi zəmində yaranmayacaq, onların elektoratı və söykəndiyi qüvvə yalnız yerli cəmiyyət olacaqdı. Amma görünür, geosiyasət dövrü hələ bitməyib... Düzdür, hakimiyyət partiyasının öz seçki siyahısını yubatması da diqqət çəkir. İstər-istəməz, ağla gəlir ki, deyəsən, hakim düşərgədə də çox şeyi götür-qoy edir...

Qərəz, ölkədə hamı anlayır ki, yeniliksiz keçinmək olmayacaq. Yeniliksə təkcə ölkənin sosial-siyasi, iqtisadi münasibətlərinə deyil, cəmiyyətin sosial- psixoloji durumuna da təsir göstərməlidir...

Neft erasına son vermək, neft ölkəsi statusu ilə vidalaşmaq neft ölkələrinə xarakterik sosial süstlükdən, lap açığı, tənbəllik və ələbaxımlılıqdan da qurtulmaq deməkdir. Amma ölkənin mövcud siyasi sistemi cəmiyyətin belə oyanışına hazırdırmı? Ən başlıcası, hakimiyyətin özü, bəli - hakimiyyətin özü buna hazırdırmı?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG