Keçid linkləri

-

Habil Əliyev dünyadan köçdü...

Bir kamança göynərtisini də özüylə əbədiyyətə apardı.

88 il öncə Üçqovaq kəndində doğulan adam bütöv bir məmləkəti özünə heyran buraxıb getdi.

Bizlərə möhtəşəm ifalar yadigar qoydu...

BİR DƏ GÖZƏL MAHNILAR...

Elədir, bir də gözəl mahnılar.

Çoxları Habil müəllimi, sadəcə, kaman ustası kimi tanıyırdı.

Buna nə söz?

Habil müəllim başqalarının adına yazılan kamançanı yenidən diriltdi. Təkcə diriltmədi, həm də onu təzədən yaratdı və «kamançanın atası» adını aldı.

Ancaq onun 50-60-cı illərə damğasını vurmuş nəğmələr müəllifi olduğundan xəbərsizlər də çoxdur.

Habil müəllim sovetlərin ilıqlaşma dövründə cəsarət edib mahnı bəsləyən kaman ustalarından idi.

Məhz cəsarət! O dövrlərdə bəstəkarlıq təhsili olmayanlara, konservatoriya qurtarmayanlara mahnı bəstələmək imkanı verilməzdi.

Bəstələsən də, bəstəçinin adını mahnıda çəkə bilməzdin!

(Habil Əliyevin uşaq vaxtı ifa etdiyi rəqs)

ADSIZ MAHNILARDA YAŞADI

Habil müəllim də adsız mahnılarda yaşadı. Sevilən 15-ə yaxın mahnının bilinməz bəstəkarı oldu.

Uşaqlıqda bu mahnıları oxuya-oxuya böyüyən mən çox sonralar onun müəllifini tanıdım.

Həyatın belə keşməkeşlərini eyninə almayan Habil müəllim gözəl yaşadı, həyatı doya-doya yaşadı və indiki ölçülərə görə, uzun yaşadı.

GÜLMƏCƏ USTASI

Çalğısı ilə hamını ağladan Maestro təkcə mahnılar yox, duzlu-məzəli lətifələr də qoşdu.

Hazırcavablığı, baməzəliyi ilə də dillərə düşdü.

Müasirləri onun saysız gülməcələrini ləzzətlə danışıb yaddaşlarına yazdılar.

Hətta «Habil Əliyevin lətifələri» adlanan kitab da çıxdı.

Qəribə paradoksdur, deyilmi?!

Beləcə, Habil müəllim müdrikləşdi, tamlaşdı, ustalaşdı, ümumxalq sevgisi qazandı.

Belə sevgi hər adama, hər sənətkara qismət olmaz!

HABİL MÜƏLLİM QƏRBDƏ YAŞASAYDI...

Başqa quruluşda, başqa cəmiyyətdə yaşasaydı, Habil müəllimin indi daha nəyi yox idi ki?

Sadalamaqla bitməzdi...

Amma sevimli Habil müəllim, məncə, gözütox adam idi və sadəcə, diqqət umurdu.

Sağlığında deyə bilmərəm, sayrılığında-sayruluğundaHabil müəllim o diqqəti tam gördü.

Son nəfəsində yastığı başında həkim briqadası keşik çəkdi...

«ARZUSU GÖZÜNDƏ QALANLAR» SİLSİLƏSİ

O mənada Habil müəllim son illərdünyasını dəyişmiş İlham Əsgərov və Azər Mirzəyevdən, Telman Adıgözəlov və Xanım Qafarovadan ...və lap elə jurnalist Mahal İsmayıloğlundan çox şanslıydı.

Kamançasıyla dünyanı dolaşmış, neçə-neçə sənətkarın ilham qaynağı olmuşdu. Haqqında filmlər, rəsmlər çəkilmişdi.

Oğul-uşağını yerbəyer eləmiş, dünyanın dadını çıxara bilmişdi.

Üstündə Mahal İsmayıloğlunun 19 yaşlı qızı kimi ah-nalə edəni yoxdu.

«Atamı xilas etməyə heç kəs cəhd etmədi»-deyibən ağlayanı da...

Ya İlham Əsgərovun: «o boyda sənətkarı hörmətsizcə doğulduğu yerdə dəfn etdilər!..» - deyən çarəsiz ömür yoldaşı da...

Habil müəllim, özü demişkən, dünyadan doymasa da, dünyadan nakam getmədi.

Adlarını çəkdiyim sənətkarlar haqqında isə bunları demək mümkünsüzdür. Onlar «Arzusu gözündə qalanlar» silsiləsindəndirlər...

SONUNCU MOGİKAN – «HABİL ÖLDÜ DEMƏYİN»

Odur ki, Habil müəllimi son mənzilə başıdik, alnıaçıq yola salaq.

Səməd Vurğun demiş, «Habil öldü deməyin, bir əbədi sənəti var!..».

O, dünyamızı gözəlləşdirdi, bizlərə maraqlı, bitkin ifalar yadigar qoyub getdi.

Bir yandan ağlatdı, o biri yandan güldürdü.

Ona çox şey borcluyuq.

O, bizim sonuncu mogikanlarımızdan idi.

Onu unutmayaq!

Son yolçuluğun uğurlu olsun, Böyük Ustad!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG