Keçid linkləri

-

BİR TƏRƏFDƏN SEÇKİ, BİR TƏRƏFDƏN DƏ....

Bu payız hər cəhətdən sərtlik vəd edir. Bir tərəfdən parlament seçkiləri gəlir və bu dönəm məlum səbəblərdən çox üzücü və əsəbi bir dövr kimi yadda qalır. Bu dönəmdə insanlar neçə-neçə ədalətsizlik faktı ilə üzləşir və haqlarını qorumaq üçün, çarəsiz-çarəsiz, MSK və məhkəmə arasında vurnuxurlar...

...O biri tərəfdən də seçkisonrası durum insanları qayğılandırır. Axı seçkidən sonra maliyyə sferasındakı kövrək tarazlıq pozula və cəmiyyət yenə böhranla üz-üzə qala bilər...

Bəlkə də belə olmayacaq. Bəlkə də hökumət iqtisadiyyatın «cilovlarını» əlində saxlayacaq. Amma insanlar narahatdırlar... Həm də ona görə narahatdırlar ki, mal və xidmətlərin qiyməti gündən-günə artır. Bir tərəfdən hökumət guya ucuzluq yaratmağa - məsələn, dərmanların qiymətlərini endirməyə səy göstərir. O bir tərəfdən də ən sadə malların qiyməti «ceyran beli»nə çıxır...

RUSİYANIN ÜÇÜNCÜ QAYIDIŞI...

Payız media və siyasət adamlarına, ictimai fəallara daha böyük sərtlik vəd edir. Onlar istər adi vətəndaş, istərsə fərqli siyasi və ictimai baxışlı şəxslər kimi bütün bu proseslərdən ayrıca əziyyət çəkməli olurlar...

Rusiyanın Azərbaycana qarşı qərəzli siyasətinə göz yumanlar ABŞ və Avropanın qarasınca deyinmək, onları yamanlamaq üçün kiçicik fürsəti də əldən buraxmırlar.

...Ölkəyə ötəri göz gəzdirəndə, nə baş verdiyinin fərqinə vara bilmirsən. Amma siyasi küləklərin səmtini tutmaq üçün azca diqqətli olmaq yetər. Bəli, hakimiyyət çox ciddi şəkildə Rusiyaya tərəf dreyf edir. Ölkədə Rusiyanın üçüncü qayıdışı yaşanır. Rusiyanın Azərbaycana qarşı qərəzli siyasətinə göz yumanlar ABŞ və Avropanın qarasınca deyinmək, onları yamanlamaq üçün kiçicik fürsəti də əldən buraxmırlar. Bütün uğursuzluqlarda Qərbi qınayır və elə təsəvvür formalaşdırmağa çalışırlar ki, Qərbdən yalnız böhran və problem, qərəz və ikili siyasət gəlir. Hətta insanlara aşılayırlar ki, guya Rusiyanın köməyilə Qarabağ problemi də çözüləcək və işğal edilmiş 7 rayon tezliklə qaytarılacaq...

Amma bu söhbətlər bir ildən, il yarımdan çox getsə də, hələ 7 rayon bir yana, heç bircə kənd də azad edilməyib. Üstəlik, rusiyalı siyasətçi və diplomatların da çıxışlarında buna eyham sayılacaq tək söz tapmaq mümkün deyil...

AVROPA İDEAL DEYİL, AMMA...

Heç vaxt Qərbi, Avropa ölkələrini ideallaşdırmamışam. Son vaxtlar üzümü onlara tutub hayqırmaq da istəyirəm ki, bu nədir, cənablar, bir qadın jurnalisti belə qoruya bilmədiniz?..

Amma Qərb mənim gözümdə, hər şeydən əvvəl, «İlahi komediya», «Don Kixot», «Kral Lir» və «Faust» deməkdir. Həm də liberal dəyərlər deməkdir. Nə qədər «təftiş» edib yamanlasalar da, Avropa və ABŞ demokratiyanın beşiyidir...

...Zamanın öz redaktə əməliyyatları fonunda bir sual da aktuallıq qazanır: Total təbliğat maşını Qərbə, Avropaya tuşlanarkən, özünü demokrat sayan adam nə edə bilər və daha doğrusu, nə etməlidir?

Əslində, demokratlar Avropadan daha çox gileylənməliydilər. Axı umulan dəstəyi vermir. Axı Avropa da, təəssüf ki, avtoritar hakimiyyətlərlə münasibətləri saxlamaq xatirinə çox şeyə göz yumur və çox mətləblərin üstündən keçir...

Sadəcə, demək lazımdır ki, Qarabağ problemini Avropa yaratmayıb və Rusiyadan fərqli olaraq bu problemin arxasında da Avropa dayanmayıb. Anlatmaq lazımdır ki,Qərb qurumları olmasaydı ölkədə ictimai atmosfer daha üzücü olardı və bu ab-hava indiki səviyyədə qalıbsa, elə ona görə də, müəyyən mənada, Avropaya minnətdar olmaq gərəkdir...

Əslində, demokratlar Avropadan daha çox gileylənməliydilər. Axı umulan dəstəyi vermir. Axı Avropa da, təəssüf ki, avtoritar hakimiyyətlərlə münasibətləri saxlamaq xatirinə çox şeyə göz yumur və çox mətləblərin üstündən keçir...

...Bir gerçək də var ki, demokratiya və liberal dəyərləri yalnız Avropa kontekstində anlamaq lazım deyil. Biz məhz Avropadan – Qərb dünyasından gəldiyi üçün demokratiya istəmirik ki... Sadəcə, demokratiya Avropa və ABŞ-da sınaqdan keçmiş və özünü doğrultmuş ictimai-siyasi modeldir. Təftişçi və tənqidçilər çox olsa da, heç kim demokratiyadan daha yaxşı və fərqli model qoymayıb ortaya...

...O səbəbdən velosipedi bir daha icad etməyin nə mənası var? O model ki özünü onlarla ölkədə doğruldub, effektiv olduğunu sübut edib, onu Azərbaycanda da tətbiq etməyə dəyər. Bunları istəmək, doğrudanmı, bu qədər böyük suç sayılmalıdır?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG