Keçid linkləri

-

Maşın-görmə sistemlərinin tətbiqi həyatın müxtəlif sahələrində adi hala çevrilməyə başlayır. Artıq piyadaları və velosipedçiləri «hiss edə bilən» avtomobil təhlükəsizliyi sistemləri mövcuddur. İnternet axtarış sistemləri və zavodlarda işlədilən robotlar da bu qəbildəndir.

Cümə axşamı günü «Science» jurnalında Massaçusets Texnologiya İnstitutunun (MIT), Nyu-York və Toronto universitetlərinin xəbəri dərc edilib. Həmin xəbərdə deyilir ki, əl yazısını tanımaqda bir kompüter-görmə proqramı insanlardan daha yaxşı nəticə göstərir.

Bu proqram çox qısa zaman dilimində bir sıra dillərin əlifbasını öyrənməyə və daha sonra öyrəndikləri əsasında ümumiləşdirmə aparmağa qadirdir. Müəlliflər iddiasına görə, sözügedən qabiliyyət insanın nəzəriyyələri oxuyub anlamasına bənzəyir.

Bu yeni yanaşma BPL - Bayes Proqram Təlimi adlanır (XVIII əsrdə yaşamış ingilis statistik və filosofu Thomas Bayes-in adından götürülüb). Onun «dərin neytral şəbəkələr» kimi tanınan müasir maşın-öyrənmə texnologiyalarından fərqli olduğu bildirilir.

Neytral şəbəkələrə insan nitqini tanımağı, görüntüdəki cisimləri üzə çıxarmağı, yaxud bəlli davranış növünü bilməyi öyrətmək olur.

Bioloji neyronların davranışı əsasında modelləşdirilsə də, bu şəbəkələr hələ də insan kimi öyrənməyi və yeni nəzəriyyələri sürətlə mənimsəməyi bacarmır.

YENİ PROQRAM ƏLYAZMANI DA OXUYUR

«Science»da çıxmış məqalədə haqqında bəhs edilən yeni proqramsa əllə yazılmış hərfləri artıq bir, yaxud bir neçə nümunəni «görəndən» sonra tanımağa başlayır.

Araşdırıcılar Bayes yanaşmasını digər proqramlaşdırma modelləri ilə müqayisələndirməkdən ötrü 50 dildən götürülmüş 1623 hərfi ehtiva edən «Omniglot» məlumat dəstindən yararlanıblar.

MİT-nin idrak elmləri və hesablama professoru Joshua B. Tenenbaum «Science»da dərc edilmiş məqalənin müəlliflərindəndir. O deyir ki, çağdaş kompüter proqramları hesabına qazanılan nəticələr adamı heyrətləndirir və bu, «uşaqlara baxarkən, onların çox az məlumat əsasında nələri öyrənə bildiyi qədər heyrətamizdir».

Bununla yanaşı, kompüter alimləri «düşünən» maşınlardan danışmağa, yaxud insan zəkası ilə birbaşa müqayisələr aparmağa qarşı çıxırlar.

FÖVQƏLİNSAN PERFORMANSI?

Sietldə yerləşən Allen Süni Zəka İnstitutunun icraçı direktoru Oren Etzioni deyir ki, «fövqəlinsan performansı» kimi ifadələr işlədərkən çox ehtiyatlı olmaq lazımdır. «Əlbəttə, hesablama maşını fövqəlinsan performansı göstərir. Bu zaman Dustin Hoffman kimi istisnalar ola bilər...» -deyə o, aktyorun məşhur «Yağış adamı» (Rain Man) filmində oynadığı yüksək qabiliyyətli autist roluna işarə edib.

Bu sahədəki uğurlar Silikon Vadisi və süni zəka ilə məşğul olan başqa yerlərə diqqəti artırıb.

Keçən ay «Toyota» şirkəti Stenford Universitetinə süni zəka və robotika üzrə ayrıca mərkəzin yaradılması üçün beş illik və bir milyard dollarlıq sərmayə yatırıb.

Monrealda keçirilən və əvvəllər o qədər də tanınmayan elmi tədbirin - Sinir İnformasiya İşlətmələri Sistemləri konfransının buhəftəki iştirakçılarının sayı da iki dəfə artıb. İştirakçılar arasında tanınmış brendlərdən olan korporativ sponsorların sayı da artmaqdadır. Bu il həmin tədbirə «Apple» şirkəti də ilk dəfə qatılır.

XS
SM
MD
LG