Keçid linkləri

-

Bakıda qarğalar çoxalıbmış.

Mütəxəssislər haray çəkir.

Qarğaların qarşısı alınmasa, xırda quşların kökü kəsiləcək!

Sən demə, qarğalar şəhərə gələn bəzək və şadlıq quşlarını-yaşılca, qaratoyuq, sığırçın, qır-qır, bülbül kimi quşların yuvalarını tapıb dağıdıb, onları yeyib, nəsil artımının qarşısını alıbmış...

Qarğaların şəhərə gəlişi zibilliklərin və yaşayış massivlərinin artmasındanmış.

Meşədə yem tapmayan qarğalar şəhərə doluşublar...

Heç xəbərimiz yox!

Başımız başqa şeylərə qarışıb.

Eldar Mahmudovlar, Akif Çovdarovlar, Cahangir Hacıyevlər, Dünyamin Xəlilovlar... daha çox gündəmdədir, axı.

Sanki «ağıllı canlı»lara daha çox diqqət ayıran bizlər quşları unutmuşuqmuş...

Deyirəm, bəlkə quşlar təkcə meşədə yem tapmamaq səbəbindən deyil,elə o üzdən şəhərə doluşublar?

Şəhərdə yaşananlar, neft pulları, olub-bitənlər onları bura cummağa vadar edir?

Heyvanlar ölkədəki durumu, cəmiyyətdə baş verənləri intuitiv duyurlar, axı.

Özüm şahidəm. 90-cı illərdə şəhərdə quşlar azalmışdı...

Sonra artmağa başladı.

Pəncərəmizə qonan alabəzək quşlarla həmişə «söhbətləşər», onları əzizləyərdim.

Son vaxtlar quşları unutmuşdum.

Bu xəbərdən sonra onların yoxluğunu fərq etdim...

Bakıda qarğalar çoxalıb!

Diqqətli olun!

Bu, insan cəmiyyətində baş verənlərə heyvanların reaksiyasıdır.

İnsanların reaksiyasından daha güclü, daha ibrətli reaksiyadır.

Bunları nəzərə almasaq, daha böyük hücumlara uğraya bilərik.

Lap bir vaxtlar xanəndə Ağakərim Nafizin AzadlıqRadiosuna danışdığı əhvalat kimi:

Demək, aclıq çəkən bir neçə nəfər düzəngahdakı fil balasını tutub kəsib yeyir.

Təkcə bir nəfər fil ətinə yaxın durmur. Deyir, mən fil əti yeyəmmərəm...

Ana Fil gəlib görür balası yoxdur. İşi anlayır. Düşür bu adamların izinə. Onları yaxalayıb məhv edir. Təkcə fil əti yeməyənə dəymir...

Və bu ibrətamiz hekayəti yazan CəlaləddinRumi deyir:

«Ey rüşvətyeyənlər! Bilin ki, Siz filin balasını yeyirsiniz. Filin balasını yeməyin! Ana Fil mütləq gələcək!».

İndi, hələlik, Bakıya qarğalar gəlib.

Filin bəlasından uzaq olaq!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG