Keçid linkləri

-

BİR YAZININ TƏƏSSÜRATI

Sivilizasiyaların etno-mədəni fərqləri haqqında nəzəriyyənin banisi S.Huntington-nun məşhur «Sivilizasiyaların toqquşması» məqaləsi Azərbaycana bir az gec gəlib çıxmışdı.

Yazı 1993-cü ildə işıq üzü görsə də, biz onu 1997-98-ci illərdə oxuduq. Demokratiyanın nəzəriyyəsi ilə maraqlananların hamısı yazını elə o vaxtlar oxumuş və biri-birinə ötürmüşdü.

İndiki kimi yadımdadır. Məqaləni ingiliscə lüğətin köməyindən yararlanıb birtəhər oxuya bildim. Sonradan onu Azərbaycan dilinə çevirdilər və hətta əcnəbi radioların birində bu barədə veriliş də hazırladılar.

Amma ilk reaksiyamız bir az sərt oldu. Hətta az qaldıq ki, onu yeni irqçiliyin təzahürü kimi yozaq. Qınamayın, insanlar etnik və mədəni, daha doğrusu, türkiyəlilər demiş,kültürəl fərqlərə çox həssas yanaşırlar. Özəlliklə demokratlar. Axı bu adamların təməl prinsipi demokratiya və insan haqlarının universallığıdır. Təsəvvür edin, universal bəşəri dəyərlərin mövcudluğuna, az qala, iki əlində on barmağın olduğu kimi inandığın bir vaxtda sənə etnik və kültürəl fərqlər, bəlkə də aşılmaz baryerlər haqqında nəzəriyyə verirlər!..

Nə edərdin? Bu üzdən o yazını ilk dəfə oxuyarkən, ağlımdan keçdi ki, nə yaxşı, bizim millətçilərimiz az oxuyur və belə şeylərdən, adətən, xəbərsiz olurlar. Yoxsa dərhal qayıdacaqdılar ki: «Gördünüz, bunu ki biz demirik, amerikalı politoloq deyir!..».

Deyim ki, qeyri-müəyyənlik içində qalan təkcə bizlər - Azərbaycan demokratları deyildik. ABŞ-ın ovaxtkı dövlət katibi M.Albright da bu konsepsiyaya münasibətini bildirərkən demişdi ki, dünyada sivilizasiyaların toqquşması deyil, onların sınağı gedir...

Bu sətirləri yazanda Belçikada terror diqqət mərkəzindəydi. İnanmazsınız, xəbəri eşidəndə özümdən asılı olmadan utanmışdım!..

MƏN NİYƏ UTANDIM?

İndi o vaxtlardan 20 ilə yaxın bir müddət ötüb. Çox şey baş verib – «əl-Qaidə» olub, İŞİD olub, Fransada, Türkiyədə, hətta Belçikada böyük terror aktları baş verib...

Bu sətirləri yazanda Belçikada terror diqqət mərkəzindəydi. İnanmazsınız, xəbəri eşidəndə özümdən asılı olmadan utanmışdım!.. Brüsselin dinc sakinlərindən, həlak olan və yaralananların yaxınlarından utanmışdım! Bir daha deyirəm və inandırıcı görünməsə də, doğru sözümdür: Mən,bəlkə də ilk dəfə, konkret bir etno-mədəni sistemə aidliyimdən utandım...

Bilirsiniz, çox söz demək, hətta «əl-Qaidə»ni, İŞİD-i və yaxud onlarla başqa terrorçu təşkilatları yadplanetlilər elan etmək olardı!..

Amma bu, heç nəyi dəyişmir. Onları yadlaşdırmaqla təmizə çıxmır, günahlarımızı yumuruq – nə «əl-Qaidə», nə İŞİD, nə də başqa bir terrorçu təşkilat inkar edilməklə yox olmur və bu ləkə bizim etno-mədəni pasportumuzdan silinməyərək böyük ləkə kimi qalır.

O üzdən ilk dəfə (hətta qısa zaman dilimində belə!) sivilizasiyaların fərqini qəbul etmək və cənab S.Huntington-a haqq qazandırmaq məcburiyyətində qaldım...

QƏRBİN GÜNAHLARI

Nə yaxşı ki Qərbdə də obyektiv qalmaq istəyənlər az deyil və heç də hamı bütün müsəlmanları suçlamır. Məsələn, ABŞ-ın özündə nə qədər insan D.Trump-a qarşı çıxır, onun seçilməməsinə və hətta seçki marafonunu başa vura bilməməsinə çalışır...

Əfqanıstanda, İraqda, Liviyada və Suriyada Qərb atışdı-vuruşdu, sonra da hər şeyi bərbad vəziyyətdə qoyub, proseslərə kənardan müdaxilə etməyə çalışdı. Nəticəsi də indi göz önündədir...

Böyük terror olayları baş verəndə, jurnalistlər, adətən, adi insanların da rəyini almağa çalışırlar. Elə həmin gün bir belçikalı çox maraqlı fikir dilə gətirdi. Bəli, dedi ki, baş verənlərdə Qərbin də suçu az deyil, çünki Qərb bu ölkələrə müdaxilə etdi, sonra da hər şeyi bərbad vəziyyətdə qoyub oraları tərk etdi, nəticədə hakimiyyət və təhlükəsizlik boşluğu yarandı ki, onu da çox tez bir zamanda terrorçular tutdu...

Nə demək olar? Həqiqətən, elə belə də olub. Əfqanıstanda, İraqda, Liviyada və Suriyada Qərb atışdı-vuruşdu, sonra da hər şeyi bərbad vəziyyətdə qoyub, proseslərə kənardan müdaxilə etməyə çalışdı. Nəticəsi də indi göz önündədir...

HƏLƏ SABİR DEYİRDİ...

Təbii ki, bunlar bizim - müsəlmanların və ya şərqlilərin məsuliyyətini azaltmır, bəlkə də əksinə, onu bir az da artırır. «Şərqlilər özlərini idarə edə bilmirlər!» –tələsik nəticələri sevən adamın gəldiyi ilk qənaət belə olardı. «Onların başının üstündə daim «yumruq» olmalıdır!» - Şərqi sevməyən və ondan çəkinən insan da bu cür deyərdi...

Hətta özümüzünkülərdən də elələri tapılar ki, dərhal «Huntington-dan-filandan danışırsınız, öz Sabirimizi niyə yada salmırsınız? Məgər o rəhmətlik hələ yüz il əvvəl müsəlmanların halına ağlamırdımı?»- söylərdi...

Bəli, yazırdılar - Sabir də yazırdı, Mirzə Cəlil də, elə başqaları da... Amma bunlar nə vaxt olmuşdu? 19-cu əsrdə, 20-ci yüzilin əvvəllərində!.. Axı o vaxtdan bəri çox şey dəyişib! Ən azı bizim hesabımıza görə çox şey dəyişməli idi, çünki indi 21-ci əsrdir!..

Di gəl, doğrudan dəyişibmi? Bilmirəm. Daha doğrusu, bu son illərdə baş verən proseslər mənə birmənalı cavab imkanı vermir.

Düzdür, hətta B.Obama da deyir ki, İŞİD-in gerçək İslama heç bir aidiyyəti yoxdur. Amma nə qədər desələr də, adi insanların ürəyində yenə xof, təlaş və inamsızlıq qalır. Axı İŞİD bir nəfərdən ibarət deyil, onun sıralarında on minlərlə müsəlman var!

Suriyadan süjetlərə baxırsan və görürsən ki, bəli, bizim din qardaşlarımız tətiyi çəkib «Allahu-əkbər!»- deyə qışqırırlar. Amma bəlkə də həmin bomba kiçicik uşağın, onun anasının və ya ixtiyar yaşlı birinin həyatına son qoyur. Məgər Allah müsəlmanlara beləmi buyurub? Cavab tapmaq olmur... Düzdür, hətta B.Obama da deyir ki, İŞİD-in gerçək İslama heç bir aidiyyəti yoxdur. Amma nə qədər desələr də, adi insanların ürəyində yenə xof, təlaş və inamsızlıq qalır. Axı İŞİD bir nəfərdən ibarət deyil, onun sıralarında on minlərlə müsəlman var! Onları nə edək? Tamam yox sayaqmı?

NÜMUNƏ ÜÇÜN KİMİ, HARANI GÖSTƏRƏK?

Bir az qərəzli avropalı deyərdi ki, yaxşı, tutalım, İŞİD-çilər, «əl-Qaidə»çilər əsl müsəlman deyillər, onda əsl, yəni örnək müsəlmanları göstərin bizə!..

Kimi göstərə bilərdik? Bəlkə ərəb monarxiyalarını? Və ya İranı? Təsəvvür edin, sanksiyalar götürüləndən sonra iranlı ruhanilərin ilk qərarlarından biri məhz S.Rushdie-nin başına ayrılan məbləği artırmaq oldu!..

Kimi, hansı ölkəni göstərə bilərdik ki, orada insanlar, həqiqətən, 21-ci əsrin məntiqinə və ruhuna uyğun yaşamış olsunlar?!.

Bəli, yalnız Türkiyəni göstərmək olardı... Amma öz müsəlmanlarımız bu ölkənin üstünə elə düşüblər ki, işimiz-gücümüz Allaha dua etməkdir ki, Türkiyəni hifz etsin, az-çox demokratiya yolunu tutmuş insanları kor-peşman qoymasın...

Bəli, nümunə kimi göstəriləsi başqa müsəlman ölkəsi yoxdur. Ona görə də nə edək? Bu məntiq dolanbacından necə qurtulaq? Necə özümüzə bəraət qazandıraq? Bəlkə Huntington-un ardınca biz də birdəfəlik sivilizasiyalar arasında keçilməz fərqlərin olduğunu qəbul edək?

Bilmirəm... Bircə onu bilirəm ki, İŞİD-çiləri, Avropanın və Türkiyənin şəhərlərini kabus kimi dolaşan «canlı bombalar»ı özümüzə yad elan etməklə iş bitmir. Bir qədər qəribə görünsə də, onların əməllərinə görə biz də məsuliyyət daşıyırıq. Hətta bunu istəməsək də...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG